“Torresin adamları 1 milyon istədilər, biz 400 minə razılaşdıq”

“Torresin adamları 1 milyon istədilər, biz 400 minə razılaşdıq”
MÜSAHİBƏ 30 Oktyabr 2016 / 11:19 7470
-  A +

"Dedi ki, sizi heç Azərbaycanla da müqayisə etmək olmaz. Görün, sabah başınıza nə oyun açacağıq... Sabahısı bizə 8 qol vurdular"


Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Bu həftə dünya futbolunun əfsanələrindən biri, 1970-ci ildə dünya çempionu adını qazanan, Pelenin də heyətində yer aldığı Braziliya millisinin kapitanı olmuş Karlos Alberto Torres dünyasını dəyişdi. Torres bizlər üçün də yad sima deyil. Çünki o, Azərbaycan millisini çalışdırmış ilk əcnəbi məşqçi kimi tarixə düşüb. Ölkəmizə 2005-ci ildə, futbola böyük pulların axmağa başladığı dönəmdə gəldi və il yarım işlədi. Azərbaycan millisi həm də onun məşqçi kimi sonuncu iş yeri oldu. Qalmaqalla getdi. Həm millimizdən, həm də futboldan.

Bu yazımızda onu xatırlayacağıq. Tanınmış jurnalist, Torresin dönəmində AFFA-nın mətbuat katibi olmuş Məzahir Süleymanzadə ilə birlikdə.


- Məzahir müəllim, öncə ondan başlayaq ki, Torresin Azərbaycana gəlişi necə oldu, onu bura kim dəvət etmişdi, ümumiyyətlə, bu təşəbbüs kim tərəfdən olmuşdu. Ən əsası, niyə məhz Torres?

- Karlos Alberto Torresin Azərbaycana gəlişi hamı üçün, o cümlədən AFFA rəhbərliyi üçün gözlənilməz oldu. AFFA-nın o vaxtkı prezidenti Ramiz Mirzəyevlə tez-tez milli komandamızın gələcəyi, baş məşqçi vəzifəsində kimlərin çalışa biləcəyi barədə söhbətlərimiz olurdu. Amma əsasən yerli məşqçilərdən danışırdıq. AFFA-nın maliyyə vəziyyəti o qədər də ürəkaçan deyildi. Bir dəfə, gərək ki, 2005-ci ilin əvvəlləri idi, Ramiz Mirzəyev məni çağırıb soruşdu ki, Karlos Alberto kimdir, onun haqqında nə bilirsən? Mən də dedim ki, məşhur müdafiəçidir, Pelenin oynadığı Braziliya komandasının kapitanı olub, dünya çempionudur. Dedi ki, vəssalam? Bəs məşqçi kimi hansı uğurları qazanıb? Dedim bu barədə heç bir məlumatım yoxdur. Sonra sual dolu nəzərlərlə Ramiz Mirzəyevin üzünə baxdım. İlk dəfə ondan eşitdim ki, sabah Karlos Alberto Torres Bakıya gələcək. AFFA prezidenti xahiş etdi ki, bu barədə heç kəsə bir söz deməyim. Ertəsi gün günorta saatlarında "Şəfa" stadionunun inzibati binasında ilk dəfə olaraq əfsanəvi Karlos Alberto ilə görüşdük. Məlum oldu ki, Bakıya Tbilisidən gəlib. Vaxt məhduddur, dərhal danışıqlar başlanmalıdır. Danışıqlarda Ramiz Mirzəyev, Rauf Əliyev, Elşad Nəsirov, Fuad Əsədov, Mahir Məmmədov, o vaxt gənclər və idman nazirinin müavini olan Asif Əsgərov iştirak edirdilər. O vaxtdan xeyli keçib, yaş öz sözünü deyir, ola bilsin ki, kiminsə adını unutmuşam. Amma bu, mahiyyəti dəyişmir. Məlum oldu ki, Karlos Albertonun Azərbaycana gəlişi Aleksandr Çivadzenin təşəbbüsüdür. Əslində, Torres Gürcüstan milli komandasında çalışmaq üçün Tbilisiyə dəvət olunub, orada yerli federasiya ilə danışıqlar nəticə verməyib, düşünüblər ki, bu qədər yol gəlmişkən, bir Azərbaycana da baş çəksin...
 
- Millimizlə müqaviləyə bağlayanda Torresin irəli sürdüyü şərtlər nədən ibarət idi?

- Bəlkə də, bu barədə danışmaq o qədər də yerinə düşmür. Amma mən də bir qələm sahibi kimi aşkarlığı sevən adamam. Bir də ki, artıq bu hadisənin üstündən illər keçib. Ramiz Mirzəyev və Karlos Alberto dünyalarını dəyişiblər. Hər şey bir - neçə saatın içində həll olundu. Torresin adamları ilinə bir milyon dollar istəyirdilər. Guya onun Gürcüstan Futbol Federasiyasından tələbi bundan da artıq imiş. Sonra məbləğ 800 minə, daha sonra 600 minə endirildi. Nəticə etibarı ilə son rəqəm 400 min oldu. Bu, Azərbaycan üçün sərfəli müqavilə hesab edilirdi. Beləliklə, bir neçə gündən sonra Karlos Alberto Torres Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan milli komandasının ilk əcnəbi baş məşqçisi kimi ictimaiyyətə təqdim edildi.

- Sizcə, peşəkarlıq baxımından Torres bizə nə verdi, futbolumuza hansı yeniliklər gətirdi? Deyilənə görə, onun gəlişindən sonra milli beşulduzlu oteldə qalmağa başladı.

- Karlos Alberto Azərbaycanın futbol ab-havasını xeyli dəyişdi. Əvvala, dünya futbol aləmində kifayət qədər tanınmış bir şəxsin, Pele ilə oynamış, dünya çempionu kimi şöhrət qazanmış bir adamın adının Azərbaycanla yanaşı çəkilməsi ölkəmiz adına yaxşı reklam idi.

- Bəs futbol baxımından?

- Karlos Alberto Torres həqiqətən peşəkar, məsuliyyətini dərk edən, işinə vicdanla yanaşan adam idi. Azərbaycan futbolçuları da, futbol ictimaiyyətinin nümayəndələri də ona tez isinişdi. Bəli, futbolçularımızı beşulduzlu otellərə ilk dəfə o köçürdü, məşq presesində, futbolçularımızın mükafatlandırılmasında bir sistem yaratdı, fiziki hazırlığa diqqəti artırdı. Səmimi olduğu qədər də tələbkar idi. Məhz onun təkidi ilə milli komandamızın futbolçuları, texniki işçiləri üçün müasir standartlara çavab verən formalar, texniki vasitələr alındı. Ən başlıcası, Karlos Alberto Azərbaycana turist kimi gəlib-getmirdi. O, həmişə iş başında, futbolçularının yanında idi.


- Torresi bir insan və bir məşqçi kimi necə xarakterizə edərdiniz?

- Mən dünyanın çox ölkəsinə səfər etmiş, məşhur adamlarla, o cümlədən dünya çempionu olmuş futbolçularla görüşmüşəm. Səmimi deyirəm, Karlos Alberto Torres kimi səmimi, mehriban, öz şəxsiyyətinə hörmətlə yanaşan adam görməmişəm. Uşaqla uşaq idi, böyüklə böyük. AFFA-ya ayaq basan kimi, mənim otağıma gələrdi. Bəzən oğlum Samir tərcüməçilik edərdi, çox vaxt heç buna da ehtiyac duymazdıq. Hərəmiz öz dilimizdə danışardıq, amma biri-birimizi başa düşərdik. O, həm gözəl rəssam idi, mənə çəkdiyi şəkilləri göstərmişdi. Hətta bir dəfə portret cizgilərimi də çəkmişdi. Torres həm də Braziliyada deputat olmuşdu, ictimai-siyasi xadim kimi tanınırdı. Neçə dəfə mənə dedi ki, gəl, səni Rioya qonaq aparım. Mən bu təklifi qəbul etmək, onun haqqında maraqlı kitab yazmaq istəyirdim. Qismət deyimiş... Amma bu böyük insanın Azərbaycan sevgisi məni heyrətləndirirdi. Bu sevgini onda sadə Azərbaycan vətəndaşları yaratmışdı. Tariximizi, dilimizi öyrənməyə başlamışdı. Andrea adlı kiçik bir oğlunu da Bakıya gətirmişdi. Karlos Alberto deyirdi ki, Andrea gecələr həzin Azərbaycan musiqisi dinləməmiş gözlərini yummur...

- Dediniz, eyni zamanda çox tələbkar olub. Bildiyimizə görə, həm də emosional və aqressiv məşqçi olub. Məsələn, Avstriya ilə səfər matçının fasiləsində soyunub-geyinmə otağında nələr yaşanmışdı? Deyilənə görə, Torres fasilədə soyunub-geyinmə otağına daxil olub futbolçulara demişdi ki, "8 milyonu təmsil edirsiniz, amma özünüzü fahişə kimi aparırsınız". Həqiqətən belə şey olmuşdu?

- Karlos Alberto Torresin Azərbaycanla bağlı məşqçilik həyatında iki acınacaqlı məğlubiyyəti olub. İsrailə 0:6, Polşaya 0:8 hesablı məğlubiyyətləri deyirəm. Mən İsrailə getməmişdim. Amma bilirəm ki, Torres bu oyunun simvolik iştirakçısı olub. Komandanı oyuna köməkçiləri hazırlamışdılar, Torres oyunçuları o qədər də tanımırdı. O ki qaldı Polşa faciəsinə, bunun birbaşa təqsirkarı Torresin özüdür. Bu oyunu biz...oyundan əvvəl uduzduq. Mənim də iştirak etdiyim mətbuat konfransından sonra bir qrup polşalı jurnalist Karlos Albertonun başına toplaşdı, onlardan biri Polşa komandasının uğurlarını xatırlatdı, söylədi ki, bir vaxtlar polyaklar braziliyalılardan da güclü idilər. Torres dedi ki, sizi heç Azərbaycanla da müqayisə etmək olmaz. Görün, sabah başınıza nə oyun açacağıq...Əlbəttə, bu cavab qəzetlərin manşetinə çıxdı, televiziya şərhlərində Polşaya qarşı hörmətsizlik kimi təqdim olundu. Oyun günü Varşava stadionunda bizə - rəsmi şəxslərə münasibət də dəyişmişdi. Tərs kimi, futbolçularımızın da oyunu alınmadı. Uduzduq... Oyun bitən kimi, mən AFFA prezidenti Ramiz Mirzəyevi təbrik etdim. Çünki oyunda dirəkdən dönən, qapının üstündən keçən toplar da var idi, hesab ikirəqəmli də ola bilərdi. Polşalılar qapımıza top vurmaqdan doymurdular. Torresin onlara hörmətsiz yanaşması psixoloji mühiti gərginləşdirmişdi. Avstriya oyunun fasiləsində baş verən hadisəni, yəni Torresin "fahişə" ifadəsini işlətməsini eşitməmişəm. Açığı, heç buna inanmağım da gəlmir. Torres nə qədər aqressiv olsa da, mədəni adam idi, narazılığını başqa tərzdə də bildirə bilərdi. Torresin Ceyhun adlı yaxşı bir tərcüməçisi var idi. Bu hadisələrlə bağlı onun fikirlərini öyrənmək maraqlı olar.

- 0:8-i xatırladınız. Ümumiyyətlə, Polşada nə baş vermişdi? Həqiqətən Torresə "torba" tikilmişdi? Çünki həmin oyundan sonra o, istefa versə də, AFFA rəhbərliyi bunu qəbul etməmişdi.
 
- Torresin istefa ərizəsi yazması yadıma gəlir. Bu, Varşavada, Polşa ilə oyundan dərhal sonra olmuşdu. Biz mehmanxanaya qayıdan kimi, Ramiz Mirzəyev məndən soruşdu ki, bu məğlubiyyətin təqsiri kimdədir? Dedim, 80 faiz baş məşqçidə, 20 faiz AFFA prezidentində. Sual verdi ki, indi nə olacaq? Dedim ki, əgər Torres doğrudan da peşəkardısa, öz şəxsiyyətinə hörmət edən adamdısa, elə bu gün istefa ərizəsini yazıb sizə verəcək. Elə də oldu. Amma Ramiz Mirzəyev ərizəni qəbul etmədi. Biz Nyukasla, İngiltərə ilə oyuna gedənədək aramızda gərgin anlar yaşandı. Əslində, mənim AFFA-dan istefa verməyimin zəmini də elə o vaxtlar yarandı. Bu, yəqin ki, başqa bir söhbətin mövzusudur...

- Torreslə bağlı yadınızda qalan maraqlı bir hadisəni, xatirıni bizimlə bölüşərdiniz.

- Karlos Alberto Torreslə bağlı maraqlı xatirələrim çoxdur. Bir dəfə AFFA-nın birinci vitse - prezidenti Rauf Əliyev, Torres və mən Qubaya getmişdik. İcra hakimiyyətində səmimi qarşılandıq. Quba Torresin çox xoşuna gəldi. Dedi ki, burada milli komanda üçün əla məşq bazası yaratmaq olar. Onu Quba Olimpiya Kompleksi ilə tanış etdik. Yaşıl meydanda futbol oynadıq. Karlos Alberto yerli mütəxəssislərə maraqlı tövsiyələr verdi. Milli komandamızın baş məşqçisinə yerli sənətkarların toxuduğu kiçik ölçülü Quba xalçası bağışladılar. Dünya çempionu çox sevindi. Dedi ki, mən bu hədiyyəni Braziliyaya aparacağam. O, həmişə mənə Azərbaycanı, onun qonaqpərvər adamlarını xatırladacaq...

ANAR

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər