Elnur Allahverdiyev: “Qarabağ” çempion olana kimi bütün oyunlara keçəl çıxacağam”

Elnur Allahverdiyev: “Qarabağ” çempion olana kimi bütün oyunlara keçəl çıxacağam”
MÜSAHİBƏ 6 Yanvar 2010 / 15:54 3312
-  A +

Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyev Qol.Az saytına müsahibə verib.

- Başlayaq geridə qalan 2009-cu ildən. Ötən ili özün üçün nə dərəcədə uğurlu hesab edirsən?
- İli pis keçirmədim. Məncə, normal alındı. Amma hər şeyin ürəyimcə olduğunu da deyə bilmərəm. Çünki bəzi arzularım var idi ki, onlar reallaşmadı. Amma ümumi götürdükdə, pis deyildi.
- Konkret olaraq, hansı arzuları nəzərdə tutursan?
- Elə oyunlar var idi, ciddi hazırlaşsam da, istədiyim kimi oynaya bilmədim. Halbuki daha yaxşı çıxış edə bilərdim. Amma alınmadı. İnsanıq, hamımız səhv edə bilərik. Kimsə səhvdən sığortalanmayıb.
- Bir qədər çempionatdan danışaq. 17 turdan sonra ikinci pillədə qərarlaşan “Qarabağ”ın “altılığ”a yüz faiz düşəcəyini demək olar?
- Yox. Məncə təkcə “Qarabağ” yox, hələ heç bir komanda “altılıq”da yerini tam təmin etməyib. Qarşıda hələ 5 tur var. Bu 5 turda da bütün komandaları bir-birindən gərgin oyunlar gözləyir. Əgər növbəti 5 oyunun hamısını uduzsaq, necə “altılığ”a düşə bilərik?
- 7 komandadan hansının “altılıq”dan kənar qalmaq təhlükəsi daha çoxdur?
- Bu suala cavab vermək mənim üçün çətindir. Bayaq da dediyim kimi, hər bir komanda həlledici mərhələdən kənarda qala bilər. 
- Cari mövsümdə “Qarabağ”ın əsas hədəfi nədir?
- Çempionluq. Biz qarşımıza məhz bu məqsədi qoymuşuq və istəyimizə çatmaq üçün də sonadək “vuruşacağıq”. Amma bunun üçün gərək ilk növbədə “altılığ”a düşək.
- Qızıl medallar uğrunda mübarizədə əsas rəqib qismində hansı komandanı görürsən?
- Biz hər bir rəqibə hörmət edirik və hər birinə ciddi yanaşırıq. Bizim üçün zəif və ya güclü rəqib anlayışı yoxdur. Hər oyuna eyni səviyyədə hazırlaşırıq. Ona görə də “altılıq”dakı hər bir komandaya əsas rəqib gözüylə baxıram.
- Ümumiyyətlə, çempionatın hazırkı keçirilmə sistemi barədə nə deyə bilərsən?
- Məncə, əvvəlki sistem daha yaxşı idi. Onda çempinat daha maraqlı alınırdı. Düzdür, indi də maraqsız deyil. Amma əvvəlki kimi olsaydı, daha yaxşı olardı. Digər tərəfdən də düşünürəm ki, bunu oyunların sayını artırmaq üçün belə ediblər. Futbolçu il ərzində nə qədər çox oyun keçirsə, bir o qədər yaxşı olar. Biz İngiltərə və ya İtaliya deyilik ki, çempionatda 20 komanda yarışsın. Bizdə cəmi 7 klubun imkanı yaxşıdır. Qalanlarının vəziyyəti isə demək olar ki, eynidir. 
- Qış fasiləsində adın bir çox komandayla yanaşı çəkilir. Əvvəlcə “Neftçi”yə qayıdacağın, daha sonra isə Ukrayna klublarından təklif aldığın deyildi.
- Həqiqətən də təkliflər olub. Amma indi həmin klubların adlarını açıqlamaq istəməzdim. Çünki bunun mənası da yoxdur. Mövsümün sonunadək “Qarabağ”la müqaviləm var və indi məni yalnız bu komandanın uğuru düşündürür.
- Müqavilən başa çatdıqdan sonra nə etmək fikrindəsən?
- Özümü artıq xaricdə sınamaq istəyirəm.
- Komanda yoldaşın Vaqif Cavadov kimi?
- Hə, Vaqifin “Tvente”yə keçməsinə mən də çox sevindim. İnanıram ki, orada özünü göstərəcək. Daha böyük klublara keçəcəyinə inanıram. Onu da deyim ki, Vaqifin “Tvente”yə transfer olunması azərbaycanlı gənclərin gələcək karyeralarına böyük təsir göstərəcək. Yaxın 1-2 il ərzində özünüz də buna şahid olacaqsınız.
- Amma digər tərəfdən də Vaqifin gedişi “Qarabağ”a mənfi təsir edəcək. Çünki çempionluğa oynayan komanda kimi “Qarabağ” aparıcı üzvünü itirdi.
- Orası elədir. Amma “Qarabağ”da təkcə Vaqif, Elnur və ya bir başqası deyil, ümumi komanda oynayır. Bizim komandamızda adlar böyük önəm daşımır. Həm də “Qarabağ”da Vaqifi əvəzləyə biləcək gənclər var.
- Azərbaycanlı futbolçular imiclərini nadir hallarda dəyişirlər. Sən isə bir müddət əvvəl başını keçəl qırxdıraraq, özün üçün bir yenilik etdin. Hansı məqsədlə bu addımı atdın?
- Özüm belə istədim. Çünki hər bir futbolçuya başı keçəl olanda məşq etmək, futbol oynamaq daha asan olur. İndi bir qədər saçım uzanıb, amma çempionat başlayanda azarkeşlər məni yenidən keçəl görəcəklər.
- Bunda hansısa xüsusi bir məna var?
- Sözün açığı, özüm əhd eləmişəm ki, “Qarabağ” bu il çempion olana kimi bütün oyunlara keçəl çıxacağam. İnşallah, arzum ürəyimdə qalmaz.    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi