Sadıq Sadıqov: «Neftçi»də kadr dəyişikliyi olmayacaq»

Sadıq Sadıqov: «Neftçi»də kadr dəyişikliyi olmayacaq»
MÜSAHİBƏ 23 Dekabr 2009 / 20:15 3142
-  A +

Sadıq Sadıqov «Neftçi»nin prezidenti kimi ilk müsahibəsini Qol.Az saytına verdi


- Sadıq müəllim, öncə «Neftçi»nin prezidenti olmağınız münasibətilə sizi təbrik edirik.
- Təşəkkür edirəm. Sizin də bildiyiniz kimi, bu gün «Neftçi» komandasında bəzi problemlər var. Komanda çempionatda azarkeşlərin istədiyi səviyyədə çıxış etməyib. Bəli, mən də anlayıram ki, çox çətin və məsuliyyətli işin altına girmişəm. Bizim birinci məqsədimiz «flaqman» adını «Neftçi»yə qaytarmaqdır. Ümidvaram ki, aparacağımız işlərin nəticəsində «Neftçi» əvvəlki illərdə olduğu kimi, çempionatda uğurlu çıxışlarını bərpa edəcək və ölkəmizin öndə gedən klubuna çevriləcək. Yaxın bir-iki ayda komandada böyük işlər həyata keçiriləcək.
- Bu böyük işlərin tərkibinə kadr islahatları da daxildirdirmi?
- Yox, belə bir niyyətim yoxdur. Mən heç vaxt kadr dəyişikliyi etməmişəm, bundan sonra da etməyəcəyəm. «Neftçi» Peşəkar Futbol Klubunda və «Neftçi» İdman Sağlımlıq Mərkəzində çalışan peşəkar və intellektual insanların potensialından istifadə edib komandamızı düşdüyü bu vəziyyətdən çıxarmağa çalışacağıq.
Düzdür, bu gün Misir Əbilovun bizim komandaya vitse-prezident vəzifəsinə gətiriləcəyi barədə xəbərlər yayılıb. Amma belə bir şey yoxdur. Ümumiyyətlə, başqa bir komandanın prezidenti necə gəlib bizim komandada vitse-prezident ola bilər? Misir Əbilovla tanışlığımız var, tədbirlərdə rastlaşmışıq. Lakin onun komandamıza gələcəyi ilə bağlı məlumatlar doğru deyil.
Bir də axı, «Neftçi»də mənə qədər rəhbərlikdə dəyişiklik təxminən iki ay əvvəl edilmişdi. Komandaya yeni vitse-prezident və baş məşqçi gəlib. Vaqif Sadıqova şans verilməlidir ki, istədiyi komandanı yarada bilsin və «Neftçi»ni irəli aparsın. Çünki bir daha deyirəm, «Neftçi» bu vəziyyətə düşməyə layiq komanda deyil.
- Qarşıdan qış fasiləsi gəlir. Yəqin ki, artıq yaxın günlərdə transferlərlə bağlı müəyyən qərarlar verəcəksiniz.
- Mən komandaya hələ bu gün gəlmişəm. «Neftçi»ylə bağlı müəyyən planlarımız var. İşləri qurmazdan əvvəl onu incəliyinə qədər  müzakirə etmək lazımdır. Bəli, müəyyən transferlər olacaq. Əsasən yerli oyunçulara üstünlük verəcəyik. Komandaya əvəzedici heyətdən də futbolçular cəlb edə bilərik.

 

Daha çox


Son xəbərlər