Qurban Qurbanov: «Qarabağ»da ciddi itkilər var»

Qurban Qurbanov: «Qarabağ»da ciddi itkilər var»
MÜSAHİBƏ 12 Dekabr 2009 / 17:08 3172
-  A +

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov «Standard»la oyun öncəsi Qol.Az-ın müxbirinin suallarını cavablandırıb


- Sabah «Qarabağ» çempionatın autsayderi «Standard»la qarşılaşacaq. Bu komanda autsayder olsa da, son vaxtlar güclü rəqiblərə layiqli müqavimət göstərir. Həm də nəzərə alaq ki, ötən mövsüm «Standard» «Qarabağ»dan mühüm xal almaqla komandanızı mükafatçılar sırasına düşməkdən məhrum edən klublardandır. Yəqin bütün bunlar sizi sabahkı oyuna ehtiyatla yanaşmağa vadar edir.
- Təbii. Amma bu, təkcə «Standard»a deyil, bütün komandalarla oyuna aiddir. Böyükağa Hacıyevin gəlişindən sonra «Standard»ın oyununda yaxşı mənada dəyişikliklər var.
Komanda öz oyununu tapıb. Güclü komandalar - «Bakı»ya 3:4 hesablı məğlubiyyətə baxmayaraq, komandanın əzmkarlığını görə bildik, «Standard»ın səfərdə «Simurq»la oyunda heç-heçə etməsini də xüsusi qeyd etmək olar. Bəli, bütün bunlar bizi bu komandayla oyunda ehtiyatlı olmağa vadar edir. Ümumiyyətlə, hesab edirəm ki, bugünkü «Standard» autsayderlər sırasında olmağa layiq komanda deyil.
- «Standard»dan danışdıq. İndi də gələk «Qarabağ»a. Komandanızda durum necədir?
- Ümumən normaldır. Amma son oyunlardakı itkilər bizi narahat etməyə bilməz. Bu gün də komandamızda ciddi itkilər var. Demək olar ki, hər qarşılaşmada bir futbolçumuzu itiririk. «Qəbələ» ilə matçda aldığı zədəyə görə Rəşad Sadiqov «Standard»la matçı buraxacaq, Rəşad Sadıqovun da problemi var. Rəşad qızdırması olduğu üçün komandanın son məşqlərini buraxıb. Bir neçə gün əvvəl zədə alan Elvin Məmmədov sabahkı oyuna tam hazır deyil. Amma ola bilər ki, ikinci hissənin ortalarından onun imkanlarından istifadə edək.
- Bu qədər itkilərin qarşısında uğur qazanmaq yəqin ki, asan olmayacaq.
- Əlbəttə. Hərçənd, artıq bu itkilərlə barışmışıq. Sabah meydana çıxıb sonadək mübarizə aparacağıq.
- Son vaxtlar «Qarabağ»ın oyununda bir məqam da diqqəti cəlb edir. Tez-tez komandanızın əsas oyunçularını ehtiyatda saxlayırsınız, yalnız hesabda geriyə düşəndə, ikinci hissədə onların imkanlarından istifadə edirsiniz. Məsələn, «Qəbələ» komandası ilə vacib oyunda Vaqif Cavadov və Vüqar Nadirov ilk «11-lik»də yox idi. 
- Həmin futbolçular oyundan öncə qripə yoluxduqları üçün əsas heyətdə onlara yer vermədim. Onlar yalnız ikinci hissədə meydana çıxdılar. Amma futbolçular qripə tutulmasalar belə, bəzən dəyişikliklərə əl atırıq. Çalışırıq ki, bütün futbolçulara şans verək və onların hamısı üzərlərinə düşən tapşırığı yerinə yetirsinlər.
- Qış «transfer pəncərəsi»nin açılmasına çox vaxt qalmayıb. «Qarabağ» kimləri yola salacaq və kimləri komandaya cəlb edəcək?
- Açığı, hələ bu barədə qərar qəbul etməmişik. Amma komandaya əlavə bir neçə oyunçu gətirmək fikrimiz var. Komandadan kimisə yola salmağı düşünmürük. Çünki əvvəla futbolçuların hamısıyla müqavilə hələ bu mövsümün sonunda başa çatır. Yalnız Avropa komandalarından yaxşı təklif olarsa, hansısa futbolçunu o komandaya buraxa bilərik.
- Komandanıza daha çox hansı xətlər üçün futbolçu gətirəcəksiniz.
- Düzü, hələlik bu barədə qəti qərar verməmişik.
- Bəs, transfer siyasətinizdə daha çox kimə üstünlük verəcəksiniz: əvvəlkitək yerli futbolçulara?
- Əlbəttə, biz bunu çox istəyirik. Amma ola bilər ki, «Qarabağ»a bir neçə legioner də dəvət edək. Komandada güclü rəqabət olmalıdır. Həm də gələn ilin yanvar ayından çempionatda rəqabət daha da güclənəcək. Ona görə də gərək yarışlara daha yaxşı hazır olaq.

 

Daha çox


Son xəbərlər