Ramiz Məmmədov: «Məgər, «qırmızı vərəqə» alan futbolçu anormal insandır?!…»

Ramiz Məmmədov: «Məgər, «qırmızı vərəqə» alan futbolçu anormal insandır?!…»
MÜSAHİBƏ 10 Dekabr 2009 / 18:12 3332
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov bu gün məşqçi kimi komandasını 100-cü, yubiley oyununa çıxarıb. «Neftçi»ylə qarşılaşmadan sonra R.Məmmədov Qol.Az-ın müxbirinin suallarını cavablandırıb.

- Sizin üçün əlamətdar olan bu oyunda, «Neftçi» kimi güclü bir komandayla qarşılaşmada 1:1 hesabı qeydə alındı. Bu nəticəyə görə sizi təbrik etmək olar?
- Komandamıza yetirdiyiniz diqqətə görə minnətdaram. Sualınıza gəlincə, düzü, yalnız matçdan sonra bildim ki, bu gün yubiley oyununa çıxmışam. Əlbəttə, «Neftçi» çox çətin bir rəqibdir, bu komandayla heç-heçə etmək - özü də səfərdə - bizim üçün uğurdur. Buna görə futbolçularıma təşəkkür edirəm.
- Yəni nəticə sizi qane edib?
- Təbii ki. Futbolçular verilən tapşırığı artıqlamasıyla yerinə yetirdilər. Düzdür qələbə də qazana bilərdik, amma, dediyim kimi, bu nəticədən də razıyıq.
- Yəqin ki, növbəti oyunda, öz meydanınızda son vaxtlar ağır günlər keçirən «Karvan»la qarşılaşmada qələbə qazanmaq çətin olmayacaq.
- Mən premyer-liqada mübarizə aparan hər bir komandaya eyni gözlə baxıram. Sabah nə olacağını sabah göstərəcək. Biz bütün oyunlara qələbə əzmilə çıxırıq. İndidən yalnız onu deyə bilərəm ki, «Neftçi»ylə bugünkü qarşılaşma da sübüt etdi ki, «Qəbələ» «altılıq»da oynamağa layiq komandadır. Özü də bu boyda itkilərin qarşısında belə oyun nümayiş etdirmək, məni bir məşqçi kimi ikiqat sevindirir. Komandanın əzmkarlığını siz jurnalistlər də tez-tez qeyd edirsiniz.
- İtkilərdən söz düşmüşkən, bu gün daha bir aparıcı futbolçunuz Namiq Əliyev «qırmızı vərəqə» alaraq komandanızı çətin vəziyyətdə qoydu. Artıq dalbadal neçə oyundur ki, «Qəbələ»nin əsas oyunçuları cəzalı duruma düşürlər. Nə baş verir, Ramiz müəllim?
- Bəli, bizim futbolçular cəzalandırılır. Əgər futbolçu öz günahı ucbatından «qırmızı vərəqə» alırsa, biz, bir klub olaraq ona maddi cəza tətbiq edirik. Amma gəlin başqa bir məsələyə diqqət edək. Sizin də dediyiniz kimi, son oyunlarda bizim futbolçular ard-arda «qırmızı vərəqə» alırlar. Bu yerdə belə bir sual ortaya çıxır, məgər o vərəqəni alan futbolçu anormal insandır ki, durduğu yerdə hansısa futbolçunu vurub komandasını pis vəziyyətə qoysun? Mən elə üzümü siz jurnalistlərə tutub xahiş edirəm, bu məsələni araşdırın.
Həmişə demişəm, bu gün yenə təkrar edirəm, hər bir hakimin qərarına hörmətlə yanaşmışam və yanaşacam da. Amma bir baxın görün, bütün bunlar haradan qaynaqlanır?
- İddia edirsiniz ki, sizin futbolçular məqsədli şəkildə meydandan qovulur?
- Bizim futbolçular haqlı olaraq qırmızı vərəqə almayıblar.
- Dünən «Qəbələ» klubunun yaydığı bəyanatda AFFA-nın Hakimlər Komitəsinin ünvanına sərt ittihamlar irəli sürülüb.
- Bu bəyanat klubun rəhbərliyi səviyyəsində qəbul edilib. Amma yeri gəlsə, mən də oradakı fikirlərə qoşula bilərəm. Mən öz mövqeyimi lazımi instansiyalara çatdırmışam. AFFA-ya da, PFL-ə da sübut etmişəm, oyunun protokollarında da bildirmişəm ki, bizim futbolçularımızla bağlı belə qərarlar səhv olub.

Daha çox


Son xəbərlər