Tunc Afşar: «Bülənt Qorxmazın gəlişindən sonra komandanın oyununda irəliləyiş var»

Tunc Afşar: «Bülənt Qorxmazın gəlişindən sonra komandanın oyununda irəliləyiş var»
MÜSAHİBƏ 2 Dekabr 2009 / 14:41 2893
-  A +

“Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşarın Qol.Az saytına müsahibəsi

 

 

- Tunc bəy, yəqin ki, “Xəzər Lənkəran”a son məğlubiyyətin səbəblərini araşdırdınız. Sizcə, “Bakı” niyə bu cür hesabla məğlub oldu?
- İlk baxışdan hesab adamı aldada bilər. Amma özünüz də gördünüz ki, qolların ikisini 90+2 və 90+3-cü dəqiqələrdə buraxdıq. Nə deyə bilərəm? Hər iki komanda qələbəyə oynadı. Bizim də real imkanlarımız oldu, rəqibin də. Sadəcə, bizdən fərqli olaraq, “Xəzər Lənkəran” yaranmış imkanlardan istifadə etdi və layiq olduğu qələbəni qazandı.
- Sizcə, hesab oyuna görə oldu? Yəni, “Bakı” 0:3-ə layiq idi?
- Bilirsiniz, 0:1-dən sonra artıq itiriləsi heç nəyin olmadığını görüb bütün komanda ilə irəli atıldıq. Çünki hansı hesabla məğlub olacağımız heç bir önəm daşımırdı. 0:1-də məğlubiyyətdi, 0:10-da.
- Böyük əksəriyyət məğlubiyyətin əsas günahkarı kimi qapıçı Marko Şarliyanı göstərir...
- Mən bu fikirləri qəbul etmirəm. Oyunu uduzanda bütün komanda uduzur. Əgər hücumçu ön xəttə qol vura bilmirsə və komanda uduzursa, buna görə Şarliyanı günahlandırmaq lazımdır?
- Təbii, siz də Bülənt Qorxmaz kimi məsələyə peşəkar baxımdan yanaşıb bu cür açıqlama verirsiniz. Amma, gəlin, gerçəkliyi də qəbul edək ki, peşəkar qapıçı o cür səhvlər etməməlidir. Hücumçu qolu 90-cı dəqiqədə də vurub özünü sübut edə bilər.
- Sizinlə razıyam. Bəzən qapıçı bir oyunda 10 dəfə komandasını real qoldan xilas edir, amma sonda bir səhvi ilə bütün əməyini yerə vurur. Mən Şarliyanı müdafiə etmirəm. Sadəcə, məğlubiyyəti tək bir nəfərin üzərinə yıxmaq da düzgün olmazdı.
- Jaba haqqında fikirləriniz də maraqlıdır. Çünki onun Azərbaycana gəlişində vasitəçilik etmisiniz. Avrokuboklarda özünü ən yaxşı tərəfdən göstərən braziliyalı sonradan sanki “söndü”. Bu azmış kimi, futbolçuya yaraşmayan hərəkətləri ilə diqqət çəkir. Deyilənə görə, “Xəzər Lənkəran”la oyunun gedişində rəqib futbolçuları təhqir edib və hətta İvan Pexanın üzünə tüpürüb.
- Düzü, hələlik Jaba ilə bu barədə söhbətim olmayıb. Amma danışacağam. Digər tərəfdən, Jabanı bu hərəkətə rəqib futbolçular təhrik edirlər. Yəni ona qarşı təzyiqlər edilir, təxribata çəkilir. Jaba “Turan”, “Karvan” və “Muğan”la qarşılaşmalarda komanda üçün çox önəmli qollara imza atdı. O, Türkiyədə 5 il futbol oynayıb və bu müddətdə cəmi bir dəfə qırmızı vərəqə, 5-6 sarı vərəqə alıb. Bu isə onun təbiətcə sakit futbolçu olduğunu göstərir.
- Matçdan sonra yaşanan qalmaqal haqqında nə deyə bilərsiniz? “Xəzər Lənkəran” tərəfi sizi, siz isə onları günahlandırırsınız.
- Mən indi günahkar axtarmaq fikrində deyiləm. Gərgin oyunlardan sonra belə  hadisələrin yaşanması normaldır. Bizim “Xəzər Lənkəran” klubu ilə çox normal münasibətimiz var və həmişə də orada qonaqpərvərlik görürük. Olanlar isə artıq geridə qaldı.
- Konkret Bülənt Qorxmazla rəqib komandanın ehtiyat qapıçısı Dmitri Kramarenkonun dalaşması xəbərləri doğrudur?
- Hamısı boş-boş şeylərdir. Bülənt Qorxmazın bu dava-dalaşla əlaqəsi yoxdur. Onunla söhbətimiz də oldu. Həmin vaxt rəqib komandanın ehtiyat qapıçısı ilə bizim komandanın məşqçisi arasında gərginlik yaşanıb. Baş məşqçimiz isə hadisəyə müdaxilə edib. Çünki Qorxmaz özü də mənə dedi ki, futbolçu futbolçu ilə mübahisə edib sözünü deyər, məşqçi də məşqçi ilə. Yəni futbolçunun rəqib komandanın məşqçisinə söz deməsi normal deyil.
- Bülənt Qorxmaz hələ ki, özünü yaxşı tərəfdən göstərə bilmir. Bəs, bunun səbəbini nədə görürsünüz? Hazırkı heyət onu qane eləmir, ya necə?
- Bülənt hoca 2 aydır Azərbaycandadır. Şəxsən mən belə düşünürəm ki, onun gəlişindən sonra komandanın oyununda irəliləyiş var. Sadəcə, hələlik istədiyimiz nəticəni qazana bilmirik. Amma əminəm ki, o da olacaq. O ki qaldı məsələnin digər tərəfinə, bu gün Bülənt Qorxmazın “bu heyəti mən yığmamışam və uğursuzluqlara görə də mən məsuliyyət daşımıram” kimi bir bəhanəsi olmayıb və ola da bilməz. Çünki Qorxmaz Azərbaycana gələndə bilirdi ki, bu futbolçularla işləyəcək.
- Deyilənə görə, Haciyevskinin klubdan gedişində sizin xüsusi rolunuz olub və hətta ona Kiprdəki klubu da siz tapmısınız?
- Tamamilə əsassız fikirlərdir. Klubda kimin qalıb, kimin getməsinə dair qərarı  prezident Hafiz Məmmədov verir. Biz, sadəcə, hansısa məsələdə ona məsləhət verə bilərik. İkincisi, Haciyevskinin öz meneceri var və yeni klubu da ona həmin menecer tapıb.

Daha çox


Son xəbərlər