“İnter”lə qarşılaşmada “Simurq” meydana yalnız qələbə üçün çıxacaq”

“İnter”lə qarşılaşmada “Simurq” meydana yalnız qələbə üçün çıxacaq”
MÜSAHİBƏ 28 Oktyabr 2009 / 17:06 2858
-  A +

“Simurq”un prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib.

 

- “Xəzər Lənkəran”la oyundan artıq bir neçə gün keçib. Yəqin ki, matçın videoyazısına baxmısınız. Sizcə komandanın həmin gün böyükhesabla uduzmasının səbəbi nədir?
- Futbolda hər bir nəticəylə qarşılaşmaq mümkündür. Qalib də gəlmək olar, uduzmaq da. Ardıcıl beş qələbədən sonra komanda əvvəl-axır hardasa dayanmalıydı. Bu da “Xəzər Lənkəran”la oyunda baş verdi. Həm də ardıcıl çətin oyunlardan sonra komandada bir qədər yorğunluq yaranmışdı. 3 gündən bir oynamaq, futbolçuların fiziki cəhətdən axsamasına gətirib çıxarmışdı. Məhz sadaladığım bu səbəblərdən “Xəzər Lənkəran”a uduzduq.
- Qarşıda komandanı daha bir çətin oyun - “İnter”lə qarşılaşma gözləyir. Bu oyunun hazırlığı necə gedir?
- Hazırlıq normal keçir. Həmişəki qaydada hazırlaşırıq. Futbolçular da məsuliyyətlərini dərk edirlər. İnanırıq ki, “Xəzər Lənkəran”la oyunda buraxdığımız səhvlıəri bir daha təkrarlamayacağıq.
- Komandada heyətlə bağlı hansısa problem var?
- Problemlərimiz var. Bəzi futbolçular zədəlidir. Eyni zamanda komandamızın bir neçə üzvü də qripə yoluxub. Buna baxmayaraq, kimin oynayıb-oynamamasında asılı olmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq.
- “Xəzər Lənkəran”dan alınan böyükhesablı məğlubiyyətdən sonra futbolçuları “İnter”lə matça psixoloji cəhətdən hazırlamaq çətin olmayacaq ki?
- Əlbəttə, məğlub olmuşuqsa, deməli komandada əhval-ruhiyyə yaxşı ola bilməz. Amma artıq növbəti oyunda bu məğlubiyyəti unutdurmağa çalışacağıq. Xatırlayırsınızsa, komandamız çempionata uğursuz start vermişdi. İki oyuna cəmi 1 xal toplaya bildik. Amma sonradan komanda özündə güc tapdı və çox uğurlu bir seriya yaxaladı. Budəfə də belə olacağına inanıram.
- Növbəti rəqib “İnter”dir. Bu komandayla qarşılaşmalardan öncə isə hər zaman “Simurq”un oyunu rəqibinə verəcəyi deyilir...
- Bütün bunlar yalandır. Bizim üçün rəqibin kimliyi heç vaxt önəm daşımayıb. “İnter” bizim üçün 11 rəqibdən biridir, vəssəlam.
- Sözünüzdən belə çıxır ki, “İnter”lə qarşılaşmada komandanız meydana qələbə üçün çıxacaq?
- Əlbəttə, başqa cür də ola bilməz. Bəyan edirəm - biz “İnter”lə oyunda meydana yalnız qələbə üçün çıxacağıq və bütün gücümüzü ortaya qoyacağıq ki, istəyimizə çataq. Yayılan şaiyələr isə boş söz-söhbətdir. Sizin timsalınızda bütün jurnalistləri Zaqatalaya dəvət edirəm. Gəlin və özünüz də şahid olun ki, komandamız meydanda “İnter”ə qarşı necə mübarizə aparacaq.  

Daha çox


Son xəbərlər