Andrey Arşavin: “Azərbaycan millisinə sataşmaq fikrində olmamışam”

Andrey Arşavin: “Azərbaycan millisinə sataşmaq fikrində olmamışam”
MÜSAHİBƏ 16 Oktyabr 2009 / 11:48 3253
-  A +

Rusiya millisinin və “Arsenal”ın hücumçusu Andrey Arşavinin müsahibəsi.

 

- Demək olar ki, Bakıdakı oyun siz gözlədiyinizdən daha çətin keçdi?
- Prinsipcə yox. Çünki biz bilirdik ki, Azərbaycan millisi bizə qarşı böyük istək və əzmlə mübarizə aparacaq. Onlar bizimlə qarşılaşmadan yaxşı nəticəylə ayrılmaq istəyirdilər ki, bu da gözlənilən idi.
- Rusiya millisi oyuna hansı səviyyədə köklənmişdi? Çoxları belə hesab edir ki, futbolçular oyuna çox ciddi yanaşmırdılar.
- Mən bu fikirlə də razı deyiləm. Biz qələbə qazanmaq istəyirdik. Hamı da məhz bunun üçün çalışırdı.
- Deyirsiniz ki, komanda oyuna lazımı səviyyədə köklənmişdi. Azərbaycan və Rusiya milliləri arasında səviyyə fərqi böyükdür. Bu halda Azərbaycanı niyə məğlub edə bilmədiniz?
- Yəqin ona görə ki, çoxlu mövqe səhvlərinə yol verdik. Rəqib də bundan lazımınca yararlandı. Azərbaycan millisinə oynamaq üçün geniş yer verdik və onlardan bundan istifadə etdilər.
- Bu səhvlər nədən irəli gəlirdi?
- Oyunçular arasında anlaşma istənilən səviyyədə deyildi. Bu da ondan irəli gəlirdi ki, əsas heyətdə meydana eyni zamanda bir neçə yeni futbolçu çıxmışdı.
- Oyunun əvvəlinə yaxşı başladınız. Rəqibi təzyiq altında saxladınız. Erkən qol vurmaq da mümkün oldu. Bəs nə üçün hər şey yaxşı getdiyi vaxtda sonradan problemlər yarandı?
- Oyuna həqiqətən də yaxşı başladıq. Bir anlıq düşündüm ki, ikinci qolu vursaq, bununla da matçın taleyi həll olunacaq. Amma biz böyük səhvə yol verdik. Rəqib fəallaşarkən, qapımıza doğru hücumlar qurduqdan sonra oyunun tempini aşağı salmaq əvəzinə biz də hücuma-hücumla cavab verməyə başladıq. Bu da bizə baha başa gəldi.
- Mətbuat bu oyunu cari seçmə mərhələdə Rusiya millisinin ən bərbad oyunu adlandırır. Bu fikirlə razısınız?
- Yəqin ki, elə sizin dediyiniz kimidir. Bir də Lixtenşteynlə səfər oyununda bu cür pis çıxış etmişdik. Amma həmin vaxt qələbə qazandığımızdan hər şeyi ört-basdır etmək mümkün oldu. Təəssüf ki, Bakıdakı heç-heçə bütöv seçmə mərhələ haqda təəssüratlarımızı korladı.
- Oyundan əvvəl bütün Azərbaycan sizin Bakıya səfərin turistik xarakter daşımasıyla bağlı verdiyiniz açıqlamanı müzakirə edirdi. Onlar sizin fikirlərinizi öz millələrinə qarşı hörmətsizlik kimi qəbul edirdilər. Nə dediyinizi anlayırdınız?
- Mən başa düşə bilmirəm ki, sözlərimə niyə belə reaksiya verdilər. Mənim sözlərimin yalnız bir mənası var - Azərbaycanla oyun turnir cədvəli baxımından bizim üçün heç bir önəm daşımırdı. Azərbaycana və yaxud onların millisinə sataşmaq heç ağlımdan keçməyib. Əgər kimsə mənim sözlərimi düz başa düşməyibsə, neyləyə bilərəm?
- Azərbaycanlılar sizi nə iləsə təəccübləndirdilər?
- Biz orda klassik səhnəylə qarşılaşmışdıq - onların komandası bizimlə - daha güclü milliylə oyunda özünü göstərmək üçün alışıb-yanırdı. Üstəlik yerli azarkeşlər də komandalarını yaxşı dəstəkləyirdilər.
- Bu oyun play-off matçlarına hazırlıq baxımından Rusiya millisinə nəsə verdi?
- Bu matç bizim özünəinamımıza zərbə vurdu. Amma ümumi götürdükdə play-off matçları öncəsi bu yaxşıdır. Çünki artıq indi qarşımızdakı rəqibə daha çox diqqət yetirəcəyik. Digər tərəfdən də komandada qorxu yarana bilər. Kimsə düşünü bilər ki, əgər biz Azərbaycanla bacarmırıqsa, daha güclü rəqiblərlə oyunda nə edəcəyik? İstənilən halda düşünürəm ki, biz öz oyunumuzu oynaya bilsək, düzgün futbol sərgiləsək, birlikdə - kompakt şəkildə hərəkət etsək, play-off matçlarında uğurlu nəticəyə ümid etmək olar.
- İndiki halda hansı yaxşıdır – Bakıdakı oyunu daha çox xatırlamaq, yoxsa onu bacardıqca tez unutmaq?
- Çox çətin sualdır. Yəqin  ki, ən yaxşısı elə bu oyunu unutmaqdır. İndiki halda ən yaxşısı futbolçuların bütün fikirlərini klubdakı problemlərinə yönəltməkdir. Millinin play-off oyunları haqda isə noyabrın 9-u və ya 10-da düşünərik.

- Dzaqoyevlə bir-birinizə kömək etsəniz də, rəqib qapısına yalnız bir halda yol tapa bildiniz...
- Mən daha çox irəlidə olmağa çalışırdım. Çünki bilirdim ki, məndən irəlidə heç kim oynamır. İki dəfə şansım oldu. İlk epizodda sol ayağımla qapıya zərbə endirsəm də, rəqib qapıçı möhtəşəm oynadı. İkinci halda isə qol vurdum.

Mənbə: “Sport-Ekspress”


 

Daha çox


Son xəbərlər