“Çempionatın ortasında futbolçunu komandadan çıxararlar?”

 “Çempionatın ortasında futbolçunu komandadan çıxararlar?”
MÜSAHİBƏ 8 Oktyabr 2009 / 13:05 3638
-  A +

Baş məşqçi Yunis Hüseynovun qərarı ilə “Karvan”dan uzaqlaşdırılan İlham Yadullayev Qol.Az saytına müsahibə verib.

- “Karvan”ın baş məşqçisi Yunis Hüseynov səni komandadan uzaqlaşdırdığını deyir...
- Hə, doğru xəbərdir. Artıq bir həftədir ki, komandadan kənarlaşdırılmışam.
- Bu qərara münasibətin necə oldu?
- Çox pis, başqa necə olar bilər ki? Çempionatın ortasında məni komandadan çıxardılar. Belə də şey olar? Sanki qatarda getdiyim yerdə yarıyolda məni düşürüblər.
- Komandadan kənarlaşdırılmağını hansı səbəblə izah etdilər?
- Konkret bir səbəb demədilər. Elə dedilər ki, zəif çıxış eləmisən, nə bilim, fiziki cəhətdən zəifsən və s.
- Baş məşqçinin sənə qarşı irəli sürdüyü ittihamlarla razısan?
- Bu sözləri baş məşçimiz deyib. Bu, onun şəxsi fikridir. Amma mən bu fikirlərlə qətiyyən razı deyiləm. Çünki mən komandanın kapitanıydım, hər oyunda 90 dəqiqə meydanda olurdum. Necə zəif oynaya bilərəm ki, bütün oyunların iştirakçısı olmuşam? Zəif olan oyunçu da hər görüşdə meydana çıxar? Həm də oyunçu zəif çıxış edəndə ona bu barədə deyirlər, xəbərdarlıq edilər. Daha çox işləməyə məcbur edirlər, əvəzedici heyətə göndərirlər. Harda görünüb ki, bir oyunda zəif çıxış etməyə görə komandadan kənarlaşdırılasan?
- Bəlkə bu, sadəcə olaraq bəhanədir, başqa bir səbəbə görə komandadan çıxarılmısan?
- Yox, başqa nə ola bilər ki? Mənim komandada heç kimlə problemim olmayıb.
- Bir qədər anlaşılmazlıq yaranır. Əgər hər hansı problem yoxdursa, tutarlı səbəb olmadan səni komandadan niyə çıxarsınlar?
- Nə deyim? Bunu baş məşçidən soruşsanız, daha yaxşı olar. Çünki mən əsl həqiqəti bilmirəm. Belə olan halda isə adamın ağlına min cür fikirlər gəlir.
- Məsələn...
- Təxminən 1 aydan qabaq bir-balaca söhbət olmuşdu. Fikirləşirəm ki, bəlkə elə buna görə komandadan çıxarıblar.
- Nə söhbət olmuşdu ki?
- Qəzetlərin birinə müsahibəmdə demişdim ki, indi komandada vəziyyət yaxşıdır, heç bir problem yoxdur. Eyni zamanda ötənilki problemlərdən danışmışdım. Kim bilir, bəlkə də elə həmin sözlərim xoşlarına gəlməyib və məni elə buna görə komandadan uzaqlaşdırıblar? Amma mən orada yalan heç nə deməmişəm. Nə var idisə, düzünü söyləmişəm. Lakin bu, sadəcə olaraq bir fərziyyədir. Bəlkə də ortada başqa səbəb var.
- Futbolçular komandadan kənarlaşdırılmağını necə qarşıladılar?
- Onlar da şokdaydılar. İclas keçirildi və orada bildirildi ki, mən komandadan kənarlaşdırılmışam. Amma elə orada da tutarlı bir səbəb göstərmədilər. Elə buna görə də uşaqlardan bir-ikisi mənim müdafiəmə qalxdı. Dedilər ki, o komandanın kapitanıdır, bütün oyunlarda da forma geyib.
- Həmin iclasda yalnız sənin haqqında qərar çıxardılar? Bəlkə başqa kimisə də heyətdən uzaqlaşdırıblar?
- Yox, ancaq məni komandadan çıxardılar.
- Rəhbərliyin bu qərara münasibəti necə oldu?
- Bunu dəqiq bilmirəm. Çünki rəhbərliklə heç görüşməmişəm. Komandadan uzaqlaşdırıldığımı mənə Yunis müəllim dedi. Mən də əşyalarımı toplayıb, düşərgəni tərk etdim.
- Klubla mövsümün sonuna qədər müqavilən var. Bu məsələni necə həll etdiniz?
- Bu məsələ hələ açıq qalıb. Qarşıdakı günlərdə rəhbərliklə görüşüb, bu haqda danışacağam.
- Səndən öncə Andre Ladaqa da komandadan kənarlaşdırıldı. Hətta braziliyalının oyun satdığı da deyilir.
- Mən kapitan olsam da, bu cür məsələlərdən uzaq gəzirdim. Çalışıram belə şeylərə qarışmayım. Yalnız onu deyə bilərəm ki, Ladaqanın zədəsi var idi. Cəmi bir-iki oyunda meydana çıxdı və həmin görüşlərdə də pis təsir bağışladı. Zədəsinin hələ uzun müddət davam edəcəyi bilinəndən sonra onu komandadan kənarlaşdırdılar.
- Bir müddət əvvəl “Karvan”dan getsən də, sonradan komandaya qayıtmışdın. Bu dəfə necə, qayıdışın mümkündür?
- Yox. İnanmıram ki, daha nə vaxtsa “Karvan”a qayıdım.
- Ümumiyyətlə, komandada hansısa problem var idi?
- Yox, bu mövsüm heç bir problem yoxdur. Hər şey qaydasındadır. Amma ötən il həqiqətən də çətinliklər yaşadıq.
- “Karvan”ın cari mövsümdəki çıxışı barədə nə deyə bilərsən?
- Mən artıq “Karvan”ın oyunçusu deyiləm. Ona görə də bu komanda haqda heç nə danışmaq istəmirəm.
- İndi nə etməyi düşünürsən?
- Heç nə, nə edə bilərəm ki? Oturub, gözləməliyəm. Qışda görək nə olur. Klub tapa bilsəm, karyeramı davam etdirəcəyəm, əks halda məşqçiliyə başlamağı planlaşdırıram.     

 

Daha çox


Son xəbərlər