Ramin Musayev: “Bu qərarın verilməsində qeyri-adi heç nə yoxdur”

MÜSAHİBƏ 24 Avqust 2009 / 14:00 3302
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi

Ramin müəllim, mövsüm yenicə start götürməsinə baxmayaraq, çempionatda yenə fasilə yarandı. III turun təxirə salınmasına münasibətiniz necədir?
- Bilirsiniz ki, “Bakı” və “Qarabağ” avqustun 27-də Avropa Liqasının təkrar qarşılaşmasına çıxacaqlar. Ayın 28-də isə III turun oyunları start götürür. Bu cür ağır matçlardan dərhal sonra komandaların çempionat oyunlarına çıxması çətin olardı. Üstəlik, millinin toplanışı da bu ərəfəyə təsadüf edəcək. Onu da nəzərə alaq ki, adları çəkilən klubların heyətində həm də milli komandanın şərəfini qoruyan futbolçular oynayırlar . Avroliqa matçlarından dərhal sonra həmin futbolçular millinin düşərgəsinə yollanacaq.
Gəlin dəqiqləşdirək. Çempionatın III turu konkret olaraq “Bakı” və “Qarabağ”ın oyunlarına görə, təxirə salınıb, yoxsa, millinin toplanışına görə?
- Millinin toplanışına görə.
Amma etiraf edək ki, çempionatın təxirə salınması “Bakı” və “Qarabağ”a mənfi təsir edə bilər. Çünki onlar hələ də çempionatda oyun keçirməyiblər. Əvəzində “Bazel” və “Tvente” İsveçrə və Hollandiya çempionatlarında müntəzəm olaraq çıxış edirlər. Yəni, söhbət oyun praktikası sarıdan bizimkilərin rəqiblərindən geri qalmasından gedir.
- Başa düşürəm sizi. Amma gəlin bir şeyi də xatırlayaq ki, hələ çempionatın ilk turundan öncə bu klublar özləri PFL-ə müraciət edərək oyunlarının təxirə salınmasını xahiş etmişdilər.
Qaranlıq qalan bir məqam da var. Çempionatın təşkili və keçirilməsinə nəzarət edən qurum PFL-dir. Amma çempionatın III turunun təxirə salınması ilə bağlı qərarı AFFA İcraiyyə Komitəsi verib. 
- Düzdür, çempionatı PFL keçirir. Amma İcraiyyə Komitəsinin belə bir qərar çıxarmasında da qeyri-adi bir şey yoxdur.
Sizə elə gəlmir ki, bu, İcraiyyə Komitəsi tərəfindən PFL-in işinə müdaxilədir?
- Xeyr, məncə burada heç bir müdaxilə yoxdur. Həm biz, həm də İcraiyyə Komitəsinin tək məqsədi var o da Azərbaycan futbolunun inkişafına nail olmaqdır.

 


 

Daha çox


Son xəbərlər