Vadim Vasilyev: "İndi bütün klublar adamın yaşına baxır, biləndə ki, 35 yaşım var, transferdən imtina edir"

Vadim Vasilyev: "İndi bütün klublar adamın yaşına baxır, biləndə ki, 35 yaşım var, transferdən imtina edir"
MÜSAHİBƏ 3 Dekabr 2008 / 18:36 11830
-  A +

Qol.Az-ın suallarını milli komandamızın və «Neftçi»nin sabiq hücumçusu Vadim Vasilyev cavablandırır
 
- Vadim, uzun müddətdir səndən səs-soruq yoxdur. Nə işlə məşğulsan? Bu mövsüm səni yaşıl meydanlarda görə bilmədik…
-  Elə bir işim yoxdur. Hazırda bekaram. Daha doğrusu idman, futbol sahəsində fəaliyyət göstərmirəm. Arada-bir milli çempionatın oyunlarını azarkeş kimi izləyirəm.
- Mövsümün əvvəlində bir müddət NBS-nin (indiki «Muğan» -red) düşərgəsində məşq etsən də, nədənsə, bu komandaya keçidin alınmadı. Səbəb nə idi, yoxsa Vadim daha əvvəlki Vadim deyil?
- Çempionatın əvvəlində heç bir komandaya keçə bilmədim. Bir müddət Vladislav Qədirovun rəhbərlik etdiyi Salyan klubunda baxışda oldum. Amma nədənsə, məni transfer etmədilər. İndi bütün klublar adamın yaşına baxır, biləndə ki, 35 yaşım var, transferdən imtina edir. Demək olmaz ki, mövsümün əvvəlində formada deyildim. Fərdi məşq edirdim, öz üzərimdə işləyirdim. Yəqin qismət belə imiş.
- Artıq demək olar ki, Vadim Vasilyev peşəkar karyerasını başa vurdu, yoxsa, ikinci dövrədə səni hansısa klubun heyətində görə biləcəyik?
- Vallah, bu qədər kənarda qaldıqdan sonra yenidən meydana qayıdıb peşəkar səviyyədə oynamaq çətin olacaq. Amma bu o anlama gəlməməlidir ki, karferamı 100 faiz bitirirəm. Əgər hansısa klubdan təklif gəlsə, müğkündür ki, yenidən çempionatda çıxış edim. Görək yanvarda nə olur.
- Nə əcəb özünü hakimlikdə sınamırsan? Əksər futbolçular karyerasını başa vurduqdan sonra bu sahəyə maraq göstərirlər.
- Düzü, heç bu barədə fikirləşməmişəm. 24-25 yaşım olsaydı, bəlkə də bu yolnan getmək olardı. Amma 35-dən sonra hakimliyə başlayıb ciddi uğurlara nail olmaq inandırıcı görünmür. İndi bu sahəyə getsəm, hər şeyi sıfırdan başlamalı olacam. Bunun üçün də xeyli vaxt lazım gələcək. 
- Yəqin ki, Azərbaycan premyer-liqasının oyunlarını izləyirsən. Çempionat sənə necə təsir bağışlayır?
- Çempionat mənim üçün darıxdırıcıdır. Birinci dövrədə 2-3 oyun olub ki, doğrudan da böyük həvəslə izləmişəm. Digər görüşlər isə cansıxıcı keçir. Çünki əksər oyunlarda gərgin mübarizə getmir. Ötən çempionat da belə darıxdırıcı idi.
- Bəs, ötən illərlə müqayisədə çempionat çoxmu dəyişib?
- Dəyişən odur ki, bizimkilərin sayı azalıb. Hansı kluba baxırsan, legionerlər gözə dəyir. Bir oyunu zəif keçirən kimi yerli futbolçuları atırlar ehtiyata. Axı, belə olmamalıdır. Xaricdə legionerlərə qarşı belə edirlər, yerlilərə isə bir neçə dəfə şans verirlər. Mahmud Qurbanov kimi futbolçu «İnter»də əsas heyətə düşə bilmir. Bütün bunlar legioner limitinin ləğv edilməsindən qaynaqlanır.
- Uzun illər formasını geydiyin «Neftçi» indi heç də yaxşı günlərini yaşamır. Komanda artıq ortabablardan birinə çevrilib. Doğrudanmı, «Neftçi»də həmişə qruplaşmalar olub? 
- «Neftçi»də qruplaşmaların olmasına inanmıram. İndiyə kimi nə qədər komandada oynamışam, belə şeylə rastlaşmamışam.
- Ola bilməz axı. Hələ sovet dövründə «Neftçi»də hərənin öz «dairəsi» var idi. Bakılılar bir, rayonlular ayrı, qeyri-millətlər də tamam ayrı oturub-dururdular.
- Yox e, mən ele demirəm. Olur ki, komandada müəyyyən futbolçular bir-birləri ilə münasibət qururlar. Xarici səfərlər zamanı bir otaqda qalırlar. Burda pis şey yoxdur. Çünki meydana çıxanda hamı bir məqsəd üçün çalışır. «Neftçi»də qruplaşmaların olduğunu demək, bəhanədir. «Neftçi»də məşq prosesində fikir ayrılığı ola bilər. Həm də yeni məşqçi Gede futbolçularla dil tapa bilmədi. İndi də deyir gəncləşdirmə aparıram. Torres də heç nəyə nail olmayan kimi başladı ki, gənclərə şans verirəm. İş orasındadır ki, Gedeyə rəhbərlik də dəstək verdi. Bizim məşqçilər isə belə şey görmürlər. Bir il Yunis Hüseynova elə sərbəstlik vermişdilər, «Karvan» az qala çempion olacaqdı. 
- Milli komandanın oyunlarını izləyirsənmi? Yığma səndə necə təsir bağışlayır?
-Əlbəttə, pis təsir edir. Çünki ortada nəticə yoxdur. Yoldaşlıq oyunlarında normal oynayırlar. Seçmə görüşlər çatan kimi uduzurlar. Bizim dövrdə futbolçular meydanda bacardıqlarını edirdilər. Amma o vaxt şərait belə deyildi. İndi tez-tez təlim-məşq toplanışları, yoxlama oyunları keçirilir. Amma o vaxt belə deyildi axı.
- Yığmada legionerlərin ön plana keçməsinə necə baxırsan?
- Əgər bizdə futbolçu yoxdursa, nə qədər istəyirlər legioner gətirsinlər. Əhməd Ələsgərovun dövründə də Kalfa, Poşexontsev milliyə dəvət olunurdular. Amma onda indiki kimi kütləvi şəkil almamışdı. Bütün bunların səbəbi isə legioner limitinin ləğv olunması ilə bağlıdır. Mən Foqtsu qınamıram. Baxır ki, yerli oyunçular klubda əsas heyətə düşmürlər. O da çağırmır. Klublarda ən azı 4-5 azərbaycanlı oyunçu oynamalıdır, onlardan da ikisi mütləq gənc olmalıdır. Onda milli komanda bir neçə ildən sonra nəticə verəcək. Elə mexanizm yaradılmalıdır ki, yığma məşqçiləri, federasiya rəsmiləri klubların qarşısında yerli futbolçularla bağlı tələb qoya bilsin. 

 

Daha çox


Son xəbərlər