Saşa Stamenkoviç: “Partizan”ın azarkeşləri mənə nifrət edirlər”

Saşa Stamenkoviç: “Partizan”ın azarkeşləri mənə nifrət edirlər”
MÜSAHİBƏ 18 Sentyabr 2012 / 17:17 4481
-  A +

“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin Qol.Az saytının Belqrada ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- İki gün sonra Avroliqanın qrup mərhələsinin ilk matçında Serbiyanın “Partizan” klubu ilə  qarşılaşacaqsınız. Oyun haqda nə düşünürsən?

- Yüzdə yüz deyə bilərəm ki, qarşılaşma çox ağır keçəcək. “Xəzər Lənkəran”ı çempionatda məğlub etməyimizdən sonra özünə olan inamımız bir qədər də artıb. “Partizan” isə son oyununda beş qol vuraraq rəqibini məğlub edib. Onlar öz meydanlarında oynayacaqlar və təbii ki, bu, rəqib üçün əlavə üstünlüyə çevriləcək. Serblər bu oyunda favorit  görünürlər. “Apoel”ə qarşı göstərdiyimiz futbolu “Partizan”la oyunda da nümayiş etdirməliyik. Lazımdır ki, maksimum şəkildə meydanda mübarizə aparaq.

-  Rəqibi necə qiymətləndirirsən?

- “Partizan” çox yaxşı komandadır. Yetərincə səviyyəli oyunçuya malikdir. Sürətli futbol  oynayırlar.

- Səncə, “Partizan”a qarşı “Neftçi” necə oynamalıdır? Müdafiə, yoxsa hücum futbolu?

- Əsas odur ki, yaxşı oyun göstərək. Təbii ki, müdafiəni unutmamaq şərtiylə hücumda kəsərli olmalıyıq.

- Həmyerlilərinlə oyunda hansı nəticə səni tam qane edəcək?

- Önəmli olan məğlub olmamaqdır. Çıxıb mübarizə aparacağıq. Biz bura qələbə qazanmaq üçün gəlmişik. Təkcə “Partizan”la oyunda deyil, “İnter” və “Rubin”lə oyunlarda da uduzmamaq lazımdır.

- Sən bir müddət vətənində “Srvena Svezda” klubunun şərəfini qorumusan. Sabiq klubunun çempionatda ən ağır qarşılaşmaları da məhz “Partizan”a qarşı olub.  Rəqibin azarkeşlərinin sənə qarşı heç də xoş münasibət bəsləmədikləri bəllidir. Yəqin bu qarşılaşmadada onlar sənə qarşı xüsusi təzyiq edəcəklər. Buna hazırsan?

- Sizə deyim ki, “Partizan”ın azarkeşləri “Srvena Svezda”nın fanatları qədər çılğın deyil. Bununla belə, mənim üçün bu, heç də xoş olmayacaq. Onların azarkeşləri demək olar ki, mənə nifrət edirlər. Təbii ki, bir neçə müddətdən sonra “Partizan”ın stadionuna səfər oyununa getmək heç də yaxşı hal deyil. Mənə qarşı təxribatlara əl atacaqlar. Mən isə peşəkaram. Fikrim tam oyunda olacaq. Stadionun kənarında nə edəcəkləri məni maraqlandırmayacaq.

Daha çox


Son xəbərlər