“Zaur Ramazanov bic futbolçu olub, onu tutmaq çox çətin idi”

“Zaur Ramazanov bic futbolçu olub, onu tutmaq çox çətin idi”
MÜSAHİBƏ 21 İyun 2012 / 19:00 7440
-  A +

Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Füzuli Məmmədov Qol.Az-a müsahibə verib.


- Ötən mövsüm başa çatandan sonra futbolçu karyeranı bitirdiyini açıqladın. Qərar vermək çətin olmadı ki?

- Bilirsiniz, gücüm var, bundan sonra da oynaya bilərdim. Sadəcə, Premyer Liqada oynayan klublar daha çox gənc futbolçulara üstünlük verirlər. Bundan başqa, limit də sözünü deyir. Çünki daha çox əcnəbilərə üstünlük verilir. O ki qaldı I Diviziona, burada da daha çox yerli gənclər oynayır. Həm də yaş məsələsi də var qoy, artıq cavanlar oynasın.

- Maraqlıdır, əslində ötən il karyeranı bitirdiyini demişdin. Hətta ölkəni tərk edib Moskvaya getməyə qərar verdin. Lakin sonradan geri qayıdıb yenidən futbola başladın və “Karvan”nın formasını geyindin...

- Düzdür, Moskvadan gələndən sonra yenidən futbola qayıtdım. Ancaq bu dəfə artıq birdəfəlik gedirəm. Həm də bu yaxınlarda B kateqoriyası üzrə də imtahan verdim və tezliklə məşqçiliyə başlayacağam. Məşqçiliyi oxuyub lisenziya alırıqsa, bunu işlətməliyik. Futbol oynayacamsa, məşqçiliyi niyə oxuyurdum?

- Artıq lisenziyalar verilib?

- Düzü, verilməyib. Amma deyilib ki, 1-2 nəfəri çıxmaq şərtiylə, hamı qiymət alıb. Bildiyiniz kimi, milli komandanın şərəfini qoruduğum üçün C kateqoriyasından azad idim.

- Sınaq çətin olmadı ki?

- Xeyr, heç bir çətinliyi olmadı. Hamısı bildiyimiz şeylər idi. İmtahanı Bernhard Lippert götürürdü. Hər adama 3-4 sual verirdi. Məsələn, mənə birinci sualı verirdi mən elə cavab verirdim ki, sonrakı sualların da cavabı onun içində gedirdi və əlavə suala ehtiyac qalmırdı. Ona görə də mənim imtahanım çox qısa çəkdi.

- Neçə il peşəkar futbol oynadın, futbolçu karyerandan razı qaldınmı?

- Çox şükür, razı qaldım. 1993-cü ildən yüksək liqada oynamağa başladım. Legioner həyatı da yaşadım, Ukraynada İranda oynadım. Ən əsası, hamının yanında alnı açıq, üzüm ağdı. İnanıram ki, futbolçu kimi qazandığım adı məşqçi kimi də qazana biləcəm.

- Şübhəsiz ki, futbolçunun əsas gəlir mənbəyi də futbol olur. Bu mənada futboldan qazandığınla öznüə gələcək təmin edə bildin?

- Şükür, azdan-çoxdan qura bildik. Bu cəhətdən problemim yoxdur. Ən böyük qazancım isə, az öncə dediyim kimi, təmiz adım oldu.

- Karyeranın böyük hissəsi “Xəzər Lənkəran”la bağlı oldu və hətta futbola bu klubda əlvida demək istəyirdin. Ancaq alınmadı. Bəlkə bunun səbəblərinə bir də toxunaq...

- Burada tək bir səbəb var idi və bunu da çəkminmədən açıqlaya bilərəm: İqor Ponomaryov. O, gəldi və səbəbsiz yerə məni komandadan uzaqlaşdırdı. Rəhbərliklə münasibətim o vaxt da əla idi, indi də əladır, klubun prezidenti Mais Mənsimovla indi də imkan düşəndə əlaqə saxlayırıq, hal-əhval tuturuq. “Xəzər Lənkəran”da çox gözəl günlərim olub, çox istəyirdim ki, karyeramı da orada bitirim, amma dediyim kimi, Ponomaryovun gəlişi hər şeyi alt-üst elədi. Ancaq çox arzu eliyirəm ki, heç olmasa, məşqçi kimi “Xəzər Lənkəran”da çalışım. Əsas komandanı demirəm elə uşaq komandası olsun mən də canla-başla işləyim.

- Oynadığın dövrdə çox sərt müdafiəçi kimi tanınmısan, bəzən kobudluq da etmisən, hətta səni “sındıran” ləqəbi ilə çağıranlar da olub. Doğurdan rəqiblərini “sındırmağa” meylli olmusan?

- Xeyr, xeyr mən heç kimə qarşı bilərəkdən kobud oynamamışam və heç kimi də “sındırmaq” fikrində olmamışam. Hər şey sırf idman mübarizəsi şəraitində olub. Sadəcə, xarakterim belədir ki, uduzmağı sevməmişəm. Uduzmaq bir yana, hansısa hücumçunun məni aldadıb keçməsini də qəbul edə bilməmişəm. Necə yəni, filankəs məni belə asanlıqla aldadıb keçdi? Həm də müdafiəçi gərək rəqib hücümçulara öz varlığını göstərə ki, onlar da ondan çəkinələr. Bir sözlə, hücumçu müdafiəçidən qorxmalıdır.

- Sənin üçün daha çox hansı hücumçulara qarşı oynamaq çətin olub?

- Ümumiyyətlə, ağılı hücumçulara qarşı oynamaq həmişə çətin olub. Azərbaycanda bu mənada Yunis Hüseynovla Samir Ələkbərovu fərqləndirərdim. Ancaq onlar bir qədər məndən əvvəlki dövrdə futbol oynadıqlarından üz-üzə gəlmək imkanım olmayıb. Öz dövrümün hücumçularından isə Xaqani Məmmədovla Zaur Ramazanovu ən təhlükəli saymışam.

- Məhz hansı xüsusiyyətlərinə görə?

- Zaur Ramazanov bic futbolçu olub, onu tutmaq çox çətin idi, tez-tez yer dəyişirdi. Xaqani də yaxşı yerdəyişmə bacarığına malik idi. Məsələn, görürsən ki arxanda dayanıb. Ani saniyədə dönüb baxırdın ki, arxanda yoxdur, qol vurub.

- Yeri gəlmişkəm, Xaqaninin dediyinə görə, elə onun özünə qarşı da sərt oynamısan və hətta bir dəfə qardaşını ciddi zədələmisən...

- Mənim üçün meydançada dost-qardaş olmayıb. Bəli, elə şey olub. Bir dəfə hansısa oyundan əvvəlki gün məşq edirdik, özü də sabahkı qarşılaşmada Xaqani start heyətində meydançaya çıxacaqdı. Amma məşq zamanı ona qarşı sərt oynadım, nəticədə Xaqani zədələndi və həmin qarşılaşmanı buraxdı.

Anar XANLAROV

 

Daha çox


Son xəbərlər