Hüseyn Məhəmmədov: “Noyerin oyunundan həzz alıram”

Hüseyn Məhəmmədov: “Noyerin oyunundan həzz alıram”
MÜSAHİBƏ 20 İyun 2012 / 12:05 3640
-  A +

Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb

Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov Qol.Az-a müsahibəsində Avro-2012-də forma geyinən qapıçılarla bağlı fikirlərini bölüşüb.

- Avro-2012-ni yəqin ki, sən də izləyirsən. Öz oyunu ilə ön plana çıxan qapıçılar varmı və varsa, kimlərin adlarını qeyd edə bilərsən?

- Bəli, çempionat başlayan gündən bütün oyunları izləməyə çalışıram və deyərdim ki, hələlik tam stabil oynayan qapıçı yoxdur. Bütün qapıçılar qapılarından qol buraxıblar. Tam olaraq, elə qapıçı yoxdur ki, adını çəkəm deyəm ki, bu filan oyunu qurtardı. Bəlkə də çempionat həlledici mərhələyə qədəm qoyduqca qapıçılar da ön plana çıxmağa başlayacaqlar. Ancaq İker Kasilyas və Canluici Buffon yenə öz təcrübələri ilə digərlərindən seçilirlər.

- Özün üçün yeni ad kəşf edə bilmisən?

- Hələ ki? xeyr. Çünki dediyim kimi, elə qapıçı görməmişəm ki, komandanı qurtarsın.

- İrlandiyanın qapıçısı Şey Givenin buraxdığı səhvlər daha çox müzakirə olundu. Etiraf edək ki, səviyyəli qapıçı o cür toplar buraxmamalı idi. Xüsusilə, Xorvatiya ilə qarşılaşmada uşaq səhvinə yol verdi. Buna münasibətin necədir?

- Hər qapıçı səhv edə bilər. Siz dediyiniz oyuna mən də baxdım. Bəli, həqiqətən də Avropa çempionatında forma geyinən qapıçı o cür top buraxmamalıdır. Ancaq bu, futboldur və hamı kimi qapıçı da səhv edə bilər. Onu da deyim ki, Given yaxşı qapıçıdır. Sadəcə, bəzən qapıçının oyunu müdafiəçilərdən də as;lı olur. Müdafiə xətti bərbad oynayanda, qapıçının da səhv etmək riski artır.

- Dünyanın ən güclü qapıçılarından olan Peter Çex də Rusiya ilə oyunda səhvlərlə yadda qaldı. Razılaş ki, bu cür qapıçı o cür səhvləri etməməliydi.

- Razılaşıram, amma, gəlin bir məqamı da unutmayaq ki, orada Çexlə müdafiəçilər arasında anlaşılmazlıq oldu. Az öncə əbəs yerə müdafiə xəttinin qeyd etmədim. Qapıçı səviyyəli ola bilər. Məsələn, Çex “Çelsi”də səviyyəli müdafiəçilərlə oynadığından daha rahat olur və daha səhvsiz oynayır. Ancaq Çexiya millisinin müdafiəçiləri “Çelsi”dəki qədər səviyyəli olmadığından Çexin işi bir qədər də çətinləşir və yaranan anlaşılmazlıq nəticəsində o cür səhvlərə yol verir.

- Almaniya millisinin qapısını qoruyan Manuel Noyeri son zamanların ən yaxşı qapıçılarından biri hesab etmək olar?

- Mən şəxsən öz fikrimi deyəcəyəm. Noyerin oyunundan həzz alıram. Onda bir qram da olsun həyəcan olmur. Çox sakit, soyuqqanlı qapıçıdır. Bəlkə də həyəcan hissi olur, amma, onu qətiyyən büruzə vermir. Qapıda o dərəcədə sakit, həyəcansız dayanır ki, sanki Avropa çempionatının final mərhələsində yox, adi məhlə futbolunda qapıda dayanıb. Bəzən səhv edəndə, yaxud həmin səhvdən qol buraxanda da qətiyyən əhvalını pozmur. Elə qapıçı var dərhal başını tutur, yerə yıxılır. Ancaq Noyer heç nə olmayıbmış kimi, topu tordan çıxarır və oyuna davam edir.


Anar XANLAROV

Daha çox


Son xəbərlər