Əfran İsmayılov: «Qoy, «Borussiya» bizə yuxarıdan aşağı baxsın…»

Əfran İsmayılov: «Qoy, «Borussiya» bizə yuxarıdan aşağı baxsın…»
MÜSAHİBƏ 6 Avqust 2010 / 17:28 4309
-  A +

«Borussiya» çox ciddi rəqibdir. Amma biz o komandanın oyunlarına baxmaqla və burada yaşayan alman mütəxəssislərin - Berti Foqts və Vinfred Şeferin köməyi ilə rəqibi araşdırmağa çalışacağıq. Ümid edirəm ki, bizə dəyərli məsələhət veriləcək. Biz də çıxıb öz oyunumuz oynayacağıq».
Bu sözləri Qol.Az-ın müxbirinə «Qarabağ»ın günc futbolçusu Əfran İsmayılov deyib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində Almaniyanın Dortmund şəhərinin «Borussiya» klubu «Qarabağ»a rəqib olub. Bu komandalar arasındakı ilk oyun avqustun 19-da səfərdə, cavab matçı isə avqustun 26-da Bakıda keçiriləcək.
Avropa Liqasında beş qola imza atan Əfran «Borussiya»nın «Qarabağ»a zəif rəqib kimi, yuxarıdan aşağı baxmasını istədiyini söyləyib: «Bu, bizim xeyrimizə işləyə bilər».
Ə.İsmayılov bildirib ki, ilk oyunun səfərdə olması «Qarabağ»ın xeyrinə işləyə bilər: «Biz «Visla»yla da ilk oyunu səfərdə keçirmişdik. Yadınızdadırsa, onlar orada mənə qarşı xüsusi hazırlaşmışdılar. Amma təkrar oyunda mən onlara qarşı tədbirlər gördüm. «Borussiya» ilə ilk matçın rəqib meydanında olması bizə ona görə sərfəlidir ki, təkrar oyuna daha ciddi hazırlaşacağıq. Dortmundakı matçın heç-heçə, hətta bizim 0:1 hesablı məğlubiyyətimizlə başa çatması da «Qarabağ»ın üstünlüyü ola bilər. Çünki cavab oyununa biz daha ciddi hazırlaşmaq imkanı əldə edəcəyik».
«Qarabağ» ötən il də Avroliqanın dördüncü mərhələsində Hollandiyanın «Tvente» klubuna məğlub olaraq mübarizəni dayandırmalı olmuşdu.
Əfran İsmayılov hesab edir ki, «Borussiya» «Tvente»dən daha güclü komandadır: «Amma bütün hallarda biz rəqibdən çəkinmirik. Avroliqada üç mərhələ adlamağımız əhval-ruhiyyəmizi və özünəinamı artırıb. Biz bura qədər gəlmişiksə, niyə yolumuza davam etməyək?! Azərbaycanın futbol tarixində hələ belə bir hadisə olmamışdı ki, bir klub üç mərhələ keçsin. Amma biz xalqımıza bundan da artıq sevinc bəxş etməklə Avropa Liqasının qrup mərhələsinə düşmək istəyirik».

Daha çox


Son xəbərlər