"Yeni sistemi ilk turlardan tətbiq etməyə başlayacağıq" - Elgiz Abbasov

"Yeni sistemi ilk turlardan tətbiq etməyə başlayacağıq" - Elgiz Abbasov
MÜSAHİBƏ 20 İyun 2019 / 15:37 5728
-  A +

Bir müddət öncə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi təyin olunan Elgiz Abbasov Qol.az-a müsahibə verib. Təyinatından danışan qurum rəsmisi bəzi yeniliklərin olacağını bildirib.

- 2014-cü ildən PFL-də çalışırsan. Bu qurumda işlədiyin 5 ili qısaca necə xarakterizə edərdin?

- İlk növbədə yer ayırdığınız üçün təşəkkür edirəm. Suala cavab olaraq bildirim ki, 2014-cü ildə PFL-ə gəldim. Düşünürəm ki, həyatımda indiyə qədər atdığım ən düzgün addımlardan biridir. Elə ilk gündən PFL prezidenti Ramin Musayev və Aslan Şahgəldiyevin simasında digər əməkdaşların da dəstəyini, güvənini hiss etdim. Məncə, işləmək üçün ilk növbədə güvən və digər mənəvi tərəflər önəmlidir. Qalan məsələlər vaxt keçdikcə düzələr. PFL-in özəyində də güvən, mənəviyyat və məsuliyyət dayanır. Bu tip məqamlar şəxsən mənim üçün çox vacibdir. PFL-də geridə qalan bu 5 ildə çox şey öyrənmişəm. Əgər mənim də quruma bu və ya digər səpkidə dəstəyim olubsa, buna sevinərəm. İndiki məqamda bütün olanları sadalamaq istəmirəm. Sadəcə bir şeydən əminəm ki, nə etmişəmsə, məsuliyyəti tam hiss etmişəm və hər an özümü vicdanımla üz-üzə qoymuşam. Bütün addımlarımın özəyində vicdan olub. 

- Bir neçə gün öncə PFL-də Texniki İdman Şöbəsinin rəisi təyin olundun. Bu təyinat necə gerçəkləşdi?

- Naxçıvanda keçirilən Azərbaycan kubokunun finalından sonra  Muxtar Respublikada Heydər Əliyevin xatirəsinə həsr olunmuş 4-cü Naxçıvan kubokunu keçirib, Bakıya qayıtdıq. Məhz qayıtdıqdan sonra təyinatıla bağlı yekun təklif və müzakirə oldu. Ramin müəllimin təklifindən sonra Aslan Şahgəldiyevlə məsləhətləşdim, direktor Məlik Həsənovla danışdım və yeni müqaviləyə imza atdım.

- Ümumiyyətlə, yeni işin nədən ibarət olacaq?

- Bu, əslində Peşəkar Futbol Liqasının əsas departamentlərindən biri hesab olunur. Buraya sırf PFL-in əsasnaməsinə uyğun olaraq, müqavilələrin qəbul olunması, transfer məsələlərinin həyata keçirilməsi, təqvimin müəyyənləşdirilməsi, püşkatmanın təşkili, bundan əlavə, oyunlarının vaxtının və yerinin müəyyən edilməsi, klublarla kommunikasiya işləri, Klublar Komitəsi, DNT şirkəti (yayımçı şirkət, konkret olaraq, "CBC Sport" telekanalı) və AFFA-nın müvafiq departamentləri ilə daimi və sıx əməkdaşlığın yaradılması daxildir. Çalışacağam ki, bunların hamısını ən yüksək səviyyədə qurum.

- Artıq işinin icrasına başlamısan. Çətin deyil?

- Ayağım yer tutandan həyatla mübarizədə olmuşam. Çalışmışam ki, hansı işdə varamsa, bütünlüklə özümü buna həsr edim. Tanıyanlar bilir ki, heç vaxt ortada qalmamışam. Prinsip olaraq “ya olum, ya olmayım” kimi  davranmışam. Düşünürəm ki, uğur qazanmaq üçün insan mütləq qorxularını, sualları əzib keçməlidir. Yoxsa həyatda heç nə etmək olmaz. Əgər hər hansı bir məsuliyyətin altına girmisənsə, çətinlikləri də göz önünə almalısan. Təyinatdan sonra sizin, eləcə də ətrafımda olan digər şəxslərin dəstəyi mənə əlavə güc verir. 

- Mətbuata açıqlamanda bəzi yeniliklərin olacağına işarə vurmusan. Burada söhbət konkret olaraq, hansı yeniliklərdən gedir?

- Təyinat rəsmiləşdikdən sonra bayram günləri, şənbə və bazar bilmədən çalışıram. Ayrı-ayrı şöbələrdə olsaq da, Aslan Şahgəldiyevlə yenidən bir nöqtəyə vururuq. Bəli, yeniliklər olacaq. İlk növbədə klublarla olan əlaqələri gücləndiririk. Çalışırıq ki, klublara bütün işlərdə yardımçı olaq və onlarla işi müasir standartlara uyğun edək. Bunun üçün yeni “PFL baza” sistemi yaradılır. Bu baza elektron hakim protokollarını, elektron qaydada sənədlərin və müqavilələrin qəbulunu əhatə edəcək. Ümid edirik ki, çempionatın ilk turlarından yeni sistemi tətbiq etməyə başlayacağıq. Sistem hazır olduqdan sonra daha ətraflı məlumat verə bilərəm. Bundan əlavə, yeni mövsümün Əsasnaməsi hazırlanır. Əsasnamədə təkmilləşdirilmiş xeyli bənd olacaq. Standart oyun günü proqramı hazırlanıb və yaxın günlərdə klublara göndəriləcək. Hazırda üzərində işlədiyimiz, eləcə də gələcək planlarımıza daxil olan bəndlər kifayət qədərdir. Ümid edirik ki, çalışsaq, bütün bu məsələlər yoluna düşəcək. 

- PFL daim media ilə yaxşı münasibətdə olub və sıx əməkdaşlıq edib. Qarşıdakı illərdə bunu inkişaf etdirmək üçün hansısa planlar varmı?

- Bu suala Aslan müəllim daha geniş cavab verə bilər. Sadəcə, bir şeydən əmin olun ki, PFL hər zaman KİV nümayəndələri ilə əməkdaşlığı işinin əsas tərkib hissəsi hesab edib. Mətbuatsız olmaz.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı