"Neftçi"yə sürpriz edə bilərik" - Skarlatake

"Neftçi"yə sürpriz edə bilərik" - Skarlatake
MÜSAHİBƏ 15 Fevral 2019 / 17:54 3091
-  A +

"Zirə"nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Komandanın qış fasiləsindən sonrakı çıxışı haqda danışan rumıniyalı futbolçu bu tur "Neftçi" ilə keçiriləcək oyuna da toxunub.

- "Zirə" qış fasiləsindən sonra ilk oyunda "Sabah"a uduzsa da, ötən tur səfərdə "Səbail"ə qalib gəldi. Əvvəlcə bununla bağlı fikirlərini bilmək istərdim.

- Əslində ilk oyunda yaxşı oynayıb, komanda barəsində müsbət təəssürat oyatmaq istəyirdik. Bəlkə də elə buna görə uduzduq. Deyərdim ki, bizim günümüz deyildi. Hərdən işlər yolunda getməyə bilər. "Sabah"la matçda pis oynadıq və məğlub olduq. Buna baxmayaraq, komandamız get-gedə öz oyununu yaxşılaşdırır.

- Bu tur sizi daha çətin sınaq gözləyir. Doğma meydanda "Neftçi" ilə qarşılaşacaqsınız. Necə düşünürsünüz, liderə sürpriz edə bilərsiniz?

- Əlbəttə, edə bilərik. "Neftçi" yaxşı komandadır, onlara hörmət edirik. Ancaq bizim də qələbəyə ehtiyacımız var. Onları məğlub etməyə çalışacağıq.

- "Neftçi" mövsümün ilk hissəsində "Zirə" ilə son oyunda 2 vacib xal itirdi. Düşünmürsünüz, rəqib bu dəfə sizə qarşı daha aqressiv oynayacaq?

- Təbii ki, "Neftçi" bu mövsüm çempionluq uğrunda mübarizə aparır. Amma bizə də xallar lazımdır. Çünki komanda pis vəziyyətdədir. Maraqlı oyun olacaq.

- Bu mövsüm "Zirə" çempionatda qeyri-sabit çıxış edir. 8 komanda arasında 7-ci sıradasınız. Kubokda isə yarımfinala qədər gəlib-çıxmısınız. Bəlkə buna görə Premyer Liqanı nisbətən ikinci plana atmısınız?

- Xeyr, mən belə deməzdim. Düzdür, əsas hədəfimiz ilk növbədə ölkə kubokundan Avroliqaya vəsiqə qazanmaqdır. Ancaq bu alınmasa, çempionatda müvafiq yerlərdən birini tutub, avrokuboklara qatılmaq istəyirik. Ümumiyyətlə, qarşıya qoyulan vəzifədən biri də Premyer Liqanı ilk 4-lükdə bitirməkdir.

- "Zirə" qış fasiləsində heyətini 5 yeni futbolçu ilə gücləndirdi. Sizcə, həmin transferlər komandaya kömək edə biləcək səviyyədədilər?

- Bəli, hamısı yaxşı oyunçulardır. İnanıram ki, bizə kömək edəcəklər. Düşünürəm ki, bir həftə ərzində onlar hazır olacaqlar. Ancaq adaptasiya üçün yeni transferlərə vaxt lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər