"Qarabağ”a borcumuz var, qaytarmaq istəyirik” – Təmkin Xəlilzadə

"Qarabağ”a borcumuz var, qaytarmaq istəyirik” – <b style="color:red"> Təmkin Xəlilzadə</b>
MÜSAHİBƏ 5 Noyabr 2018 / 15:40 2472
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda “Sabah” üzərində ev qələbəsini dəyərləndirən futbolçu “Qarabağ”la qarşıdakı oyuna da toxunub.

- Doğma meydanda sabah üzərində 2:1 hesablı qələbə qazandınız. Əvvəlcə bu oyundan başlayaq...

- İlk dövrədə “Sabah”a 0:1 hesabı ilə uduzmuşduq. Həmin oyun bizi çox üzmüşdü. Çünki 90 dəqiqə ərzində bəlkə də 20 qol fürsətimiz olmuşdu, amma yararlana bilməmişdik. Bu dəfə isə evdə oynayırdıq. “Sumqayıt”la heç-heçədən sonra bu görüşdə qələbə qazanmağa borclu idik. Gördüyünüz kimi, ikinci dövrəyə pis başlamamışıq. 3 oyunda 2 qələbə qazanıb, bir dəfə heç-heçə etmişik. “Sabah”la matçın ilk hissəsindəcə hər şeyi həll edə bilərdik. Ancaq ələ düşən fürsətlərdən cəmi 2-sini qola çevirə bildik. İkinci hissədə isə rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Qapımızdan qol buraxdıqdan sonra isə daha çox hesabı qorumağa üstünlük verdik.

- Bu qələbədən sonra “Sabah”a ilk dövrədəki məğlubiyyətin təsadüfi olduğunu düşünmək olarmı? Çünki özün də az öncə qeyd etdin ki, həmin oyunda saysız-hesabsız qol imkanlarınız olmuşdu...

- Geridə qalan 10 turda ən yaxşı oyunumuzu ilk dövrədə “Sabah”a qarşı keçirmişdik. Həm o görüş, həm də “Neftçi” ilə matç məni çox üzmüşdü. Çünki hər iki oyunda elə hücumlar qurmuşduq ki, qolla nəticələnməli idi. Ancaq son anda bəxt rəqiblərimizin tərəfində olmuşdu. Həmin məğlubiyyətlər 2-3 gün yadımdan çıxmadı. “Sabah”la dünənki qarşılaşmada da belə alındı. İlk hissədən sonra hesab ən azı 4:0 olmalı idi. Sadəcə, Stamenkoviçin oyunu və qapı dirəkləri rəqibi xilas etdi.

- Maraqlıdır ki, ilk dövrədə yaxşı oynayıb məğlub olduğunuz hər iki komandanı doğma meydanda xalsız qoydunuz. Deyəsən, hər iki matçda meydana ikiqat motivasiya ilə çıxmışdınız...

- Əlbəttə, öz aramızdakı söhbətlərdə də tez-tez bunu deyirdik. “Neftçi” və “Sabah”a borcumuz var idi, şükürlər olsun ki, qaytardıq.

- Dünən əvəzlənərkən sanki narazı idin. Meydandan çıxandan sonra Sənan Qurbanova nəsə dedin...

- Əvəzetmədən əvvəl bir baş məşqçi ilə aramızda kiçik anlaşmazlıq oldu. Bir epizod zamanı geriyə qayıtmağımı söylədi. Buna görə də hardasa meydandan çıxacağımı gözləyirdim. Kənara gəldikdən sonra 3-4 saniyəlik dialoqumuz oldu. Elə ciddi bir şey yox idi. Gənc məşqçidir, texniki zonadan öz fikirlərini bildirməlidir. Biz isə futbolçu kimi onun tapşırıqlarını yerinə yetirməliyik.

- İkinci dövrəyə yaxşı başlamısınız və 3 oyundan 7 xal toplamısınız. Demək olarmı ki, “Qəbələ” yavaş-yavaş özünə gəlir?

- Əvvəlcədən iddialı danışmağı xoşlamıram. Çalışaram ki, sözümü meydanda deyim. İndidən söyləsək ki, “Qəbələ” artıq çempionluğa oynayır, gerçəklikdən uzaq olar. Amma komanda olaraq bir-birimizə söz vermişik ki, hər oyuna qələbə üçün çıxacağıq. Heç kimdən zəif deyilik. Belə bir kollektvimiz varsa, niyə də hər oyunda 3 xal qazanmayaq? Düzdür, ikinci dövrədə əsas hədəfimiz 3 oyuna 9 xal yığmaq idi. Ancaq bu da pis deyil.

- Növbəti tur Qəbələdə “Qarabağ”ı qəbul edəcəksiniz. İlk dövrədə bu rəqibə 1:4 hesabı ilə uduzmuşdunuz. Revanş haqda düşünürsünüzmü?

- Evdə ardıcıl ikinci oyunumuzu keçirəcəyik. “Sabah”la matçda 3 xal qazandıq, artıq “Qarabağ”la görüşə hazırlaşmaq lazımdır. Bu komanda ilə birinci dövrədəki oyunda ağır məğlubiyyət yaşamışdıq. Təbii ki, o hesabla uduzmağa layiq deyildik. Doğrudur, artıq geridə qaldı. Ancaq ən azından əvəzini çıxmağa, doğma meydanda öz azarkeşlərimizi sevindirməyə çalışacağıq. Nəticənin necə olacağını oyun göstərəcək. Sabahdan bu matçın hazırlığını bərpa edəcəyik. Oyuna ciddi yanaşırıq. Ümid edirəm ki, Allah bizi utandırmaz.

- Yəni, “Qarabağ”a da borcunuzu qaytarmaq istəyirsiniz?

- Əlbəttə, şəxsən mən həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirəm. Bilirəm ki, komanda da mənim kimi düşünür. Oyuna qələbə üçün çıxacaq.

- “Qarabağ” “Qəbələ” ilə oyundan əvvəl Avropa Liqasında “Vorskla” ilə qarşılaşacaq. Ağdam klubu səfərdə oynayacağından istər-istəməz yorğunluq olacaq. Bunu sizin üçün üstünlük saymaq olarmı?

- Xeyr, mən belə düşünmürəm. “Qarabağ”ın geniş heyəti var. Hamısı sistemə uyğun oyunçulardır, verilən tapşırıqları yerinə yetirə bilirlər. İlk dövrədəki matçdan əvvəl də hamı deyirdi ki, “Sportinq”lə səfər oyunundan gəliblər, komanda yorğundur. Amma meydana çıxıb bizə 4 qol vurdular. Ona görə də bunu heç bir komanda üçün üstünlük saymıram. Avropada 3 gündən bir futbol oynayırlar. Buna hamımız hazırıq.

- Yaxın günlərdə milli komandanın UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanacaq. Özünü Qurban Qurbanovun siyahısında görürsənmi?

- Əlbəttə, millinin heyətində olacağımı düşünürəm. Qurban müəllim dəvət göndərsə, hamımız milli üçün canımızı verməyə hazırıq.

- Millətlər Liqasında Farer adaları və Kosovo ilə oyunlar bizim üçün finala bərabər olacaq. Həmin qarşılaşmalardan nə gözləyə bilərik?

- Milli komanda bəlkə də son illərdə ən vacib 2 oyuna çıxacaq. Həm Farer adaları ilə ev, həm də Kosovo ilə səfər görüşlərində maksimum nəticə qazanmaq istəyirik. Qrup birincisi olmaq istəyiriksə, 2 oyundan 6 xal götürməliyik. Hər şey öz əlimizdədir. İnanıram ki, bu sınaqdan da üzüağ çıxacağıq.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər

12.11.18  12:34

Riberi jurnalisti vurdu

12.11.18  02:00

PSJ-dən darmadağın

12.11.18  00:24

"Vorskla" yenə uduzdu