“Süni meydançaya görə Azərbaycana gəlmədilər”

“Süni meydançaya görə Azərbaycana gəlmədilər”
MÜSAHİBƏ 3 Avqust 2018 / 11:56 6177
-  A +

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib. Komandasının Topaz Premyer Liqada yeni mövsümə hazırlığını dəyərləndirən gənc mütəxəssiz qarşısına qoyulan hədəflərdən danışıb.

-Bu, sizin baş məşqçi kimi ilk təcrübənizdir. Kifayət qədər məsuliyyətli və ağır bir işin altına girmisiniz. Çətin olmayacaq?

- Bu, məni əsla qorxutmur. Birinci gün deyil məşqçiliklə məşğul oluram. Özüm də futbolun içindən çıxan adamam. Başqa sahədən gəlməmişəm ki, mənə çətin olsun. Hamı üçün ilklər olur. Nə vaxtsa Premyer Liqada da məşqçiliyə başlamalı idim. Öz üzərimdə çalışıram. Məşqçi kimi müəyyən qədər təcrübə toplamışam. Sadəcə, Premyer Liqaya adaptasiya olmaq üçün bir qədər vaxt lazım olacaq. Yüksək liqada futbolçu kimi çıxış etmişəm, ona görə də ab-havasını bilirəm. Sizinlə razıyam, məşqçi kimi tam başqa məsuliyyətdir. Ancaq ən yaxşısını etməyə çalışacağam.

- Türkiyədə təlim-məşq toplanışı keçdiniz. Hazırlıq necə alındı?

- Yeni komanda yığırıq. Hələ ki, təşkilatçılıq işləri istədiyimiz kimi deyil. Çünki Türkiyə toplanışını tam heyətlə keçirə bilmədik. Komandanın əvəzedici heyətindən futbolçular götürmüşdük. Sıfırdan komanda yığırıq. Ötən ilki heyətdən 5-6 nəfər qalmışdı. Yeni səhifə açırıq. Bunun üçün bir yox, bir neçə toplanış lazım olacaq. Komandada uyğunlaşma getməlidir.

- Təşkilati işlərin istədiyiniz səviyyədə olmadığını deyərkən nəyi nəzərdə tutursunuz?

- Söhbət məhz transferlərdən gedir. Bilirsiniz ki, yeni oyunçu gətirmək asan məsələ deyil. Özü də bizdə meydança sünidir. Bir neçə futbolçu sırf buna görə gəlmək istəmədi. Həm də büdcəmizə uyğun hərəkət edirik. Çalışırıq ki, bunları nəzərə alaq. Bu isə tam istədiyimiz futbolçunu almaq üçün müəyyən çətinlik yaradır. Amma bizə lazım olan oyunçuları əldə etməyə çalışırıq. Hələ də axtarışdayıq, vaxtımız azdır. Daha 1-2 futbolçu almaq istəyirik. Amma hələ ki, fikrimizdə tutduğumuz oyunçuları tapa bilmirik. Həm qiyməti münasib, həm də komandaya xeyir verə biləcək futbolçular olmalıdır.

- Komandaya 13 yeni futbolçu cəlb olunub və daha 1-2 futbolçu almaq istəyirsiniz. Sizin də dediyiniz kimi, hər şeyə sıfırdan başlayırsınız. Bütün bunları nəzərə alsaq, qarşıdakı mövsümdə əsas hədəfiniz nə olacaq: Premyer Liqada qalmaq, yoxsa mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaq?

- Rəhbərlik tərəfindən qarşımıza avrokuboklara çıxmaqla bağlı hər hansı hədəf qoyulmayıb. Sonuncu yeri tutmamaq şərti ilə mübariz bir komanda formalaşdırmaq tapşırılıb. İlk növbədə yaxşı kollektiv qurmağa çalışacağıq. Bu, elə də asan məsələ deyil, görüləsi çox işimiz var. Bilirik ki, çətinliklər qabaqdadır. Oyun planında bizi çox çətinliklər gözləyir. Yeni komandayıq. Qısa müddətdə istədiyimiz oyunu göstərmək çətin məsələdir. Amma maneələri pillə-pillə aşmaq istəyirik.

- Ancaq ötən mövsümün sonlarında belə bir söhbət var idi ki, “Səbail” növbəti çempionatda daha iddialı olacaq...

- Daha iddialı olmaq istəyirik. İstədiyimiz futbolçuları ala bilsəydik, çox yaxşı olardı. Bu gün biz 12-13 futbolçu transfer etmişiksə, rəqiblərimiz bizdən daha çox oyunçu cəlb edib. Rəqabət olduqca yüksək olacaq. Tək biz yox, rəqiblərimiz də güclənir. Çempionatda keçirəcəyimiz oyunlardan çox şey asılı olacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə hazırlaşacağıq.

- Rəqiblərin sizdən daha çox futbolçu transfer etdiyini vurğuladınız. Yəqin razılaşarsınız ki, çox oyunçu almaq heç də hər zaman müsbət nəticə vermir. Özünüzün də dediyiniz kimi, onların komandaya, çempionata uyğunlaşmaq məsələsi var...

- Bəli, ən çətin məsələ budur. Digər rəqiblərimizlə müqayisədə, bizim futbolçuların uyğunlaşmasında fərq olacaq. Çünki yeni futbolçularımız çoxdur.

- “Səbail” çempionata nə dərəcədə hazırdır?

- Bunu oyunlar vaxtı biləcəyik. Çempionatına gedişində bu faiz artıb-azala bilər. Çalışırıq ki, oyunçuların hazırlığını sabitləşdirək. Çünki bəzi futbolçular hazırlığa gec qoşuldular. 3-4 turdan sonra nəsə söyləmək olar. Çünki bəzi oyunçularımız heç yoldaşlıq görüşü belə oynamayıblar. İlk turlar onlar üçün hazırlıq xarakteri ola bilər.

- Son olaraq, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı barədə soruşmaq istəyirəm. Futbolçu kimi şərəfini qorduğunuz komandada məşqçi kimi də çalışmısınız. Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE ilə qarşılaşacaq. Həmin oyunlardan nə gözləyirsiniz?

- Son iki komanda ilə müqayisədə BATE daha keyfiyyətli komandadır. Bu komandanın baş məşqçisi bizimlə Belarusda PRO kateqoriyası ilə bağlı təhsil alır. Yaxından tanıyıram, necə tələbkar məşqçi olduğunu bilirəm. “Qarabağ” üçün asan olacağını deməzdim. BATE Avropa arenasında kifayət qədər təcrübə toplamış komandadır. Amma “Qarabağ”ın son oyunu göstərdi ki, komanda daha da irəli gedə bilər. Yeni transferlərlə daha da gücləniblər. Maraqlı oyunlar olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər