"Qarabağ"dan daha yaxşı təklif gözləyirdim" – Draqan Çeran

"Qarabağ"dan daha yaxşı təklif gözləyirdim" – Draqan Çeran
MÜSAHİBƏ 27 Fevral 2018 / 18:41 9713
-  A +

"Simurq"un sabiq hücumçusu Draqan Çeran Qol.az saytına müsahibə verib. 2013-2015-ci illərdə Zaqatala klubunun şərəfini qoruyan serbiyalı forvard maraqlı fikirlər səsləndirib.

- 2 il ölkəmizdə çıxış etmisiniz. Azərbaycan üçün darıxırsınız?

- Azərbaycanda maraqlı karyeram olub. Ancaq nə yalan danışım, demək olar ki, darıxmıram. Nadir hallarda yadıma düşür. Yalnız onda belə bir hiss olur. Amma o da tez keçir (gülür)

- Artıq “Simurq” yoxdur, fəaliyyətini dayandırıb. Yəqin ki, çempionatımızı da izləmirsiniz...

- Yalan danışmağı sevmirəm. Azərbaycan çempionatı mənə maraqlı deyil. Çünki hazırda başqa ölkənin komandasında çıxış edirəm. Ona görə də Premyer Liqanızın oyunlarına baxmıram.

- “Simurq”dan ayrılandan sonra Səudiyyə Ərəbistanının “Hadjer”, Makedoniyanın “Vardar” klubların çıxış etmisiniz. Hazırda isə Özbəkistanın “Nasaf” komandasının şərəfini qoruyursunuz. Bu 4 komandadan hanısını karyeranız üçün daha vacib hesab edirsiniz?

- “Simurq”da oynamaq mənə çox şey qazandırdı. Ən əsası təcrübə qazandım. Bu komanda  özümü sübut etmək etmək üçün əla variant oldu. Ancaq mən ən yaxşı oyunumu “Nasaf”da göstərirəm.

- Az öncə bildirdiniz ki, yalan danışmağı xoşlamırsınız. Əminəm ki, bu suala da səmimi cavab verəcəksiniz. Azərbaycanda oynadığınız dövrdə “Simurq” - "İnter" "qardaşlığ"ından çox yazılıb. Sabiq komandanız həqiqətən “İnter”ə bilərəkdən uduzub, 3 xal hədiyyə edirdi?

- Əminliklə deyə bilərəm ki, belə bir şey olmayıb. “Simurq” heç vaxt “İnter”ə oyun verməyib. Bu söhbətləri kim və niyə çıxarmışdı, bilmirəm. Mən oynadığım dövrdə belə bir hadisənin şahidi olmamışam.

- Yüz faiz?

- (Gülür). İnanmırsınızsa, bu sualı niyə mənə verirsiniz? Sizə tam səmimi deyirəm ki, belə bir şey olmayıb.

- Son 1 ildə Azərbaycan futbolunda ciddi dəyişikliklər baş verdi. Ən əsası isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun millinin sükanı arxasına keçməsi oldu. Bu təyinatla bağlı nə deyə bilərsiniz?

- Qurban Qurbanov yaxşı, özünü sübut etmiş mütəxəssisdir. O, millinin baş məşqçisi olmağa layiqdir. “Qarabağ”la böyük uğurlar qazanıb. Bunu millidə də təkrarlaya bilər.

- Azərbaycanda keçirdiyiniz müddətdə özünüzü yaxşı tərəfdən göstərə bildiniz. Hətta 2014-2015 mövsümündə 14 qolla Nurlan Novruzovdan sonra çempionatın ən sərrast 2-ci hücumçusu oldunuz. Maraqlıdır, həmin ərəfədə digər klublarımızdan təklif almışdınız?

- “Simurq”dan ayrılandan sonra “Qarabağ”da oynamaq variantım vardı. Onlar hələ “Simurq”da oynayanda mənimlə maraqlanırdılar. Amma mən karyeramı Səudiyyə Ərəbistanında davam etdirməyi seçdim.

- “Qarabağ”a keçidiniz niyə baş tutmadı?

- Müqavilə bağlamalıydıq, alınmadı. Çünki onların şərtləri məni qane etmədi. Mən “Qarabağ”dan daha yaxşı təklif gözləyirdim.

- İndi seçiminizə görə peşman deyilsiniz? “Qarabağ”a keçsəydiniz, Çempionlar Liqasında Avropa nəhənglərinə qarşı oynayacaqdınız...

- Əlbəttə ki, peşman deyiləm. Mən özümə hörmət etməyi xoşlayıram.

- “Qarabağ” yenidən sizə təklif göndərsə...

- Mümkün deyil. Hazırda müqavilə ilə “Nasaf” klubuna məxsusam və bu komandanın uğurları üçün çalışıram.

- Yenə nə vaxtsa Azərbaycana qayıdarsınız?

- Bəlkə də gələcəkdə nə vaxtsa qayıdaram. Amma indi yox. Gələcəyi isə əvvəlcədən bilmək olmur.

- Qış fasiləsində adınız “Keşlə” ilə hallanırdı. Hətta bu komandadan təklif aldığınız yazılmışdı...

- Yox, həmin vaxt nə mən yeni klub axtarırdım, nə də onlar mənə təklif göndərmişdilər. Belə bir şey olmayıb.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər