Zəhra üçün...

Zəhra üçün...
YAZARLAR 6 İyul 2017 / 16:46 6861
-  A +

"İnter"in hücumçusu Rauf Əliyev son dönəm gündəmdən düşmür. Robert Prosineçki premyer-liqanın bombardirini son iki rəsmi oyunda milliyə dəvət etmir. Deyilənə görə səbəb Raufun "İnter"dəki komanda yoldaşı Nizami Hacıyevin milliyə çağırılmaması haqda mətbuata verdiyi açıqlamadı.

Amma Rauf əsl peşəkar kimi öz işini görür.

Çempionatın bombardiri olduqdan sonra, yeni mövsümdəki ilk rəsmi oyundaca avrokubok tarixində ən gözəl qollarımızdan birinə imza atdı. Özü də harda? Çətin Serbiya səfərində!

"Mladost"un baş məşqçisi Nenad Milovanoviç bunun komandasının son 15 ildə buraxdığı ən gözəl qol olduğunu qeyd edib. Rauf bu qolu kimə həsr etdiyini söyləməsə də, hücumçuların "dişsiz"liyindən əziyyət çəkən Prosineçkiyə özünəməxsus tərzdə "salam" yollayıb. Bu gün keçiriləcək oyunda vuracağı qolu isə srağagün erməni vandallar tərəfindən Füzulidə qətlə yetirilən 18 aylıq Zəhra balaya həsr edəcəyini deyib. Əliyev onu da vurğulayıb ki, bütün komanda yoldaşları ilə bu haqda danışıqları olub və bu gün "İnter" meydana Zəhra üçün çıxacaq.

Rauf Əliyevə hər zaman ölkəmizin son illərdə yetişdirdiyi ən güclü hücumçu kimi simpatiyam olub. Bunu dostlar daha yaxşı bilir. Çoxları "bu sən deyən - Şimali İrlandiyaya qol vuran Rauf deyil" desə də, Əliyev hər oyunda əksinə daha da püxtələşdiyini və ustalığını daha da yüksək səviyyəyə çatdırdığını göstərir.

Oyundan kənarda necə adam olduğunu anlamaq üçün isə yəqin ki, dünənki fikirləri bəs edir.

Əslində, yalnız "İnter" yox "Zirə"də bu gün Zəhra üçün oynayacaq. "Dalğa Arena"ya gələn azarkeşlərin də ürəyində Zəhra var. Bu qızcığazın morqda çəkilən fotolarını görəndə ağlamamaq hər kişinin işi deyil...

4 gün sonra "Qarabağ" da Zəhra üçün oynayacaq, "Qəbələ" də. Ən azı bu klubların nümayəndələri Nurlan İbrahimovla Səməd Nəsibovun sosial şəbəkələrdə olaya münasibətindən bunu anlamaq olar.

Allah sənə rəhmət eləsin, Zəhra!

Təəssüf ki, əlimizdən qadınlar kimi ağlamaqdan başqa heç nə gəlmir...

Anar ŞABANOĞLU

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər