“Qəzadan sonra gözümü açanda gördüm ki, başımın üstə Qurban Qurbanov durub”

“Qəzadan sonra gözümü açanda gördüm ki, başımın üstə Qurban Qurbanov durub”
MÜSAHİBƏ 21 Fevral 2017 / 13:28 14516
-  A +

Bu il "Qarabağ"da işləməsinin 13-cü ili tamam olur, Asif Əsgərovun. Kluba gələndə birinci direktorları Əmrah Çəlikəllə görüşüb, o da Asifə mətbuat xidmətində iş verib. Sıradan bir iş, xidmətin rəhbəri filan deyil. İndi isə o, bu böyük klubun (Azərbaycan miqyasında) baş meneceridi...

Vəzifə yüksəlişi təsadüfən olmayıb. Həqiqətən, bacarıqlı adamdı.

İndiyədək Ağdam klubu ilə xaricdə çox səfərdə olmuşam və onun işinə sadəcə heyrət etmişəm. 3 nəfərin yox, 5 nəfərin də yox, təkbaşına bəlkə də 15 nəfərin işini görür. Ondakı bu tükənməz enerji bəlkə də Allah vergisidi.

… Əmrah Çəlikəl iş tapşırmağa adam axtarır. Asifi çağırır.

Qurban Qurbanova nəsə lazımdı, yada yenə birinci Asif düşür.

Və sair və sair...

… Müsahibə üçün Bakının gözəl məkanlarından birinə dəvət etdi məni. Sevdiyim məkandı. Söhbətə başlamazdan əvvəl özü söyləməsə də, əlində ağrılar başladığını hiss edirəm. Ötən yay ağır yol qəzasına düşmüşdü, Allah üzlərinə baxdı ki, qəzadan özü də daxil olmaqla maşınında olan ailəsinin bütün üzvləri sağ-salamat çıxdı.

Söhbətimiz zamanı bu həssas və ağrılı məqama toxunacağıq. Hələlik isə… 

***

- Nədi səni “Qarabağ”a bağlayan?

- Bir cümləylə desəm, burdakı dəyərlər, insanlardı. Bura ilk gələndə - onda 2004-cü il idi - cəmi 250 dollar maaş alırdım. Bir il keçdi, klublarımızdan birindən zəng vurub iş təklif etdilər. “Qarabağ”da aldığımdan 3 dəfə artıq maaşla. 750 dollar verirdilər, qəbul etmədim. İndi çönüb 12 il əvvələ baxanda, şükür edirəm. Özlüyümdə nə yaxşı ki, getməmişəm deyirəm. Bilirsən niyə? Son illər, ən çox da ötən yay qəzaya düşəndə - “Qarabağ”ın rəhbərliyindən tutmuş, sıravi işçilərə qədər hamısının etdiyi fədakarlığı gördüm. Bu yüksək mənəviyyatdı və bunu heç bir pulla almaq mümkün deyil. Məni “Qarabağ”a ürəkdən bağlayan hər şeydən əvvəl bax bu dəyərdi.

“Qarabağ”dan danışdıqca elə bil ürəyi açılır, bir az kövrələn kimi də olur. Davam edir…

- Mən həyatımın çiçəkli vaxtlarını “Qarabağ”da keçirmişəm. 22 yaşım vardı bura gələndə, indi 35 yaşındayam. Həyatda nə qazanmışamsa burda, “Qarabağ”da qazanmışam. Nail olduğum hər şeyə görə bu kluba borcluyam. Gizlətmirəm, bəzən elə olub ki, işdən çıxmaq istəmişəm, amma onda da “Qarabağ” yanımda olub. Çox yerlər var, görürsən, müdir işdən çıxmaq istəyənin ərizəsini fikirləşmədən, bir izahat istəmədən üstünü yazıb göndərir. Amma bizdə belə bir ortam yoxdu. “Qarabağ”da olmağımdan peşman deyiləm. Bəlkə “Qarabağ”da olmasaydım, daha pis, daha fərqli həyat yaşayardım. Mən həddindən artıq məsuliyyətli biriyəm. Klubun daxilində başqa bir işçinin problemi varsa, öz problemim kimi görüb, həll etməyə çalışıram.




- Niyə çıxmaq istəyirdin ki, “Qarabağ”dan?

(Bu sualı verirəm verməyinə, amma görürəm ki, cavablandırmağa elə də həvəsli deyil)

- Bu, 2014-cü ildə, “İnter”lə İtaliyadakı oyundan sonra olmuşdu. Milandan qayıtdıq, qərara gəldim ki, futboldan ayrılım. Bəzən insanın həyatında elə stresli hadisələr olur ki, bezirsən hər şeydən. Amma klubumuzun rəhbərliyi məni fikrimdən daşındırdı, mənə növbəti dəfə dəstək verdi.

Asif danışdıqca yadıma nədənsə, 2016-cı ilin avqust ayı düşür. “Qarabağ”ın İsveçdə “Göteborq”la Avroliqa oyunu öncəsi. Xəbər yayıldı ki, ağır yol qəzasına düşüb… Nə baş vermişdi onda və sonra nələr oldu?

- Az-az olur ki, ailəmizin bütün üzvləri bir maşında harasa getsin. Qəza baş verən günü axşam “Qarabağ”ın oyunu üçün təşkilati məsələlərlə bağlı İsveçə getməli idim. İki gün sonra da komanda gələcəkdi. Atam, anam, həyat yoldaşım, uşaqlarım hamısı maşında idi. Evə qayıdırdıq. Yolda avtoqəzaya düşdük. Şükürlər olsun ki, heç kimə bir şey olmadı. Bir tək mən qolumdan ciddi zədə aldım. Amma elə həmin vaxt, həmin günlərdə “Qarabağ” növbəti dəfə mənim qolumdan, əlimdən tutdu. Qəzada fiziki zədə aldım, amma qəzaya düşdüyüm ilk gündən mən həm də verilən o mənəvi dərmanın sayəsində toparlana bildim. Dostlarımız bizi apardılar tez xəstəxanaya.



Xəstaxanaya çatanda artıq özümdə deyildim. İki saat sonra gözümü açanda gördüm ki, Qurban Qurbanov və köməkçisi Elçin Rəhmanov başımın üstündə dayanıb. Ailəm, qohumlarım, dostlarım hamısı yanımda idi. Həmin an mənə elə bil milyonları bağışladılar. Beş gün ard-arda əməliyyat oldum. Həyatımda ən böyük motivasiyanı da elə həmin günlərdə gördüm. Qəzaya düşdüyüm gün Əmrah Çəlikəl Türkiyədə idi, gecəykən təyyarəyə minib Bakıya qayıtmışdı. Hələ təyyarədə olanda mənə mesaj yazmışdı ki, sənin sağalmağın üçün bədənimdə hansı orqan lazımdısa, onu sənə verməyə hazıram. Yəni budur “Qarabağ”, budur onun bir işçisinə verdiyi dəyər. İşçilərimiz bütün günü palatanın yanında dururdular ki, birdən ayılanda ürəyim nəsə istəyər. Əmrah bəy neçə gün mənim yanımda qaldı. Ailə üzvlərimi də məcbur evə göndərirdi ki, özüm xəstəxanada qalacam. Ümumiyyətlə, Əmrah bəy bu 13 ildə mənə müdirlikdən daha çox, böyük qardaşlıq edib.

Klubumuzun başqanı Tahir bəy təyyarədən Bakıya düşən kimi, birbaşa klinikaya gəlmişdi. Gələn kimi də dedi ki, səni Türkiyədə ən yaxşı xəstəxanaya göndərək. Razı olmadım. Onda qolumun infeksiyadan kəsilmək ehtimalı da varmış, amma mənə deməmişdilər. Deyirlər, Azərbaycanda tibbin səviyyəsi aşağıdır. Məncə, belə deyil, hər şey insan amilindən asılıdr. Tahir bəyə dedim ki, mən öz həkimlərimizə inanıram. Şükür ki, yanılmadım.

- İndi durumun necədi?

- Yaxşıdı. Bugünlərdə sonuncu əməliyyat oldu. 3 həftə sonra qolumdakı sarğı birdəfəlik açılacaq.

- Burda bu məsələyə nöqtə qoyub, istərdim, bir az da Qurban Qurbanovdan danışasan. 8 ildən çoxdu onunla işləyirsən. Qurban Qurbanovla münasibətiniz necədi, necə yola gedirsiniz?

(Ardı olacaq…)

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord