“Bizim verilişlərdən sonra AFFA prezidenti stadionlara girişimi qadağan etdi”

“Bizim verilişlərdən sonra AFFA prezidenti stadionlara girişimi qadağan etdi”
FUTBOLUN TARİXİ 12 Yanvar 2017 / 13:28 6366
-  A +

Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Bəri başdan təəssüflə qeyd edim ki, Toğrul Bağırovla bu söhbətimiz canlı olmadı. Səbəb? O, hazırda doğma vətəndən uzaqda – Londonda yaşayır, mənsə Bakıda. Amma Feysbukdakı uzun yazışmaların köməkliyi ilə söhbəti ərsəyə gətirə bildik.

1990-cı illərin ortalarından başlayaraq, Toğrul Azərbaycan futbolu və idman jurnalistikasında yetərincə populyarlıq qazanmışdı. Aparıcısı olduğu “Offside” adlı verilişin efirdə görünməsi o dövr üçün futbolumuzda inqilaba bənzər bir hadisə də sayıla bilərdi.  Ona görə ki, o dövrlər ölkə ağır durumda idi, futbola maraq xeyli azalmışdı, medianın bu səhəyə diqqəti isə sıfır səviyyəsində idi. “Offside” məhz belə bir vaxtda efirdə görünməyə başladı.  

Amma xatırlayanlar bilir, elə də uzun sürmədi verilişin ömrü. Futbola yönələn tənqidlər səbəbindən AFFA-nın o vaxtkı rəhbərliyinin basqıları, şəxsən qurumun prezidenti Fuad Musayevin inadkarlığı, öz sərt prinsiplərindən dönməməsi ona gətirib çıxardı ki...

Nəysə, çox uzatmayım, 5-10 dəqiqənizdən keçib bu söhbəti oxuyun. Yorulmayacaqsız.


- Fuad Musayev bizim çəkilişə görə klublara böyük cərimələr tətbiq edirdi – Toğrul söyləyir bunları. - O vaxtkı pulla bir milyon manat. Bu, bir neçə min dollar demək idi. 1995-ci ilin Azərbaycanı üçün çox iri məbləğ sayılırdı. Təsəvvür edin, mən stadiona gələndə, klub prezidentləri şəxsən yaxınlaşıb xahiş edirdilər ki, çəkməyim. Təbii ki, klubların mənə görə cəzalandırılmasını istəmirdim. Ona görə də məcbur qalıb verilişdə futbola aid hissəni azaltdım.

- Problemin aradan qaldırılması üçün nə kimi cəhdlər etdiniz?

- Çox vasitəyə əl atdım. O vaxtkı mətbuat naziri Sabir Rüstəmxanlı ilə görüşdüm. O, mənim yanımda Fuad Musayevə zəng edib dedi ki, etdiyiniz qanunsuzluqdur. Buna baxmayaraq, Fuad müəllim bildirdi ki, klubları cəzalandırmağa davam etdirəcək. Və onda başa düşdüm ki, daha xeyri yoxdur. Bundan sonra klublardan oyunların kasetlərini alıb, reportajlar hazırlayırdım. Amma təbii ki, bu, reportajın keyfiyyətini aşağı salırdı və ona görə verilişdə futbolu azaltmalı oldum. AFFA-nın isə tənqidini davam etdirirdim.

- Bu məsələyə yenə toxunacağıq. Amma indi bir az əvvələ qayıdaq. Verilişin yaranma tarixçəsinə. Camaat idmana maraq göstərmirdi, sizsə idman verilişi açırdınız. Düzü, bir az qəribə görünürdü.

- Verilişin yaradıcısı Şakir Eminbəyli idi. 1994-cü ildə ANS televiziyasının jurnalist vəzifələrinə müsabiqə elan etdiyini eşidəndə, həmin müsabiqəyə qoşuldum, seçildim və bir siyasi jurnalist kimi işimə başlayacağıma hazırlaşırdım. Lakin işimin elə ilk günündə, ANS-in studiyasına yenicə daxil olanda, orada “Offside” idman verilişinin montajı gedirdi. Studiyada əyləşənlərə öz fikirlərimi söylədim, söhbət uzandı və Şakir Eminbəyli məni orada işləməyə dəvət etdi. Razılaşdım... Düzdür, vaxtaşırı “Xəbərçi” üçün siyasi mövzularda reportajlar hazırlayırdım, amma əsas işim “Offside” verilişini hazırlamaq idi.

O zamanlar xalqda idmana marağın olmamasını deməklə haqlısınız, elə idi. Amma mən hesab edirəm ki, idman millətin ümumi, həm fiziki, həm də mənəvi sağlamlığını təmin etmək üçün ən zəruri vasitədir. Ona görə çalışırdım idmanı mümkün qədər yaxşı təqdim edərək, insanların ona olan marağını oyadım. Və işimi həqiqətən sevdiyimə görə, bu iş getdikcə daha yaxşı alınmağa başladı.

Futbola gəldikdə isə futbol hər zaman ən çox maraq doğuran idman növü olub. Bu səbəbdən o, verilişimizdə daha ətraflı işıqlandırılırdı. Amma mən çalışırdım heç bir başqa idman növünü nəzarətsiz qoymayım. Hətta hər hansı bir idman növü üzrə Bakı çempionatlarını belə işıqlandırırdım. Hər bir idman növünü tamaşaçı üçün maraqlı etmək olar – hər şey təqdimatdan asılıdır.


1995-ci il. Toğrul Bağırov Londonda yaşadığından
o dövrə aid başqa şəkil tapa bilmədi. "Hamısı Bakıda qalıb" dedi

- Diqqətçəkən məqamlar çox olurdu verilişinizdə. Məsələn, yadımdadı ki, millinin oyunlarının hətta fasiləsi zamanı paltardəyişmə otağına girib futbolçulardan, məşqçilərdən müsahibə götürürdüz. İndi müasir futbolda belə şeylər az qala mümkünsüzdü.

- Bu, bizim verilişlərdəki təqdimatlarımızın sayəsində mümkün olurdu. O zaman bizdən başqa mövcud olan televiziya yalnız AzTV idi, onların isə televiziya təqdimatına yanaşması sovet zamanlarından dəyişməmişdi. AzTV-də çox savadlı və bilikli jurnalistlər çalışsalar da, onlar zamanın tələblərini tuta bilməmişdilər, işə köhnə standartlarla yanaşırdılar. Bu baxımdan biz onları, yəni Azərbaycan televiziya məkanında olan hamını üstələyirdik. Məhz bu məqam mənə idman aləmində demək olar ki, hamı ilə çox yaxşı münasibət yaratmağa imkan verdi. Bundan əlavə hamı bilirdi ki, biz “hörmət” almırıq və istənilən halda həqiqəti deyəcəyik. Mən verilişdə çalışan jurnalistlərə ilk gündən deyirdim ki, “hörmət” bizlik deyil və əgər bura gəlməklərinin əsas məqsədi çoxlu pul qazanmaqdırsa, dönüb gedə bilərlər. Mən belə şeyə imkan verməyəcəyəm. İdman aləmi isə kiçikdir və orada hamı bir-birini yaxşı tanıyır. Ona görə, təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, mənə o aləmdə hörmət edirdilər. İnsani, dırnaqsız hörməti nəzərdə tuturam. Bu hörmət də mənim üçün bütün qapıları açırdı. O cümlədən, heç bir jurnalistin icazə verilmədiyi yerlərin qapısını. Hamı bilirdi ki, əvvəla, mənim idmandan peşəkar dərəcədə başım çıxır, ikincisi isə, mənə bir insan kimi etibar etmək olar.

- Qayıdaq yenə Fuad Musayevlə bağlı məsələyə. Nəyə görə məhz Musayevi deyirəm? Çünki futbolun o vaxtkı rəhbəri olan biri kimi əsas problemləriniz bu insanla bağlı idi.

- Haqlısınız. Aramızda problem çox olub. Mənim Azərbaycan çempionatındakı çatışmazlıqları üzə çıxarmağım Fuad müəllimin xoşuna gəlmirdi. İş hətta o yerə çatdı ki, stadionlara buraxılmağımı da qadağan etdi. Yuxarıda qeyd etdiyim kimi, hər hansı bir oyundan reportaj verirdimsə, həmin komanda iri məbləğdə cərimə ödəməli olurdu. Nəticədə bir verilişimdə mən onunla Buzovna stadionundakı mübahisəmizi gizli kamera ilə çəkdim və şərhlərlə efirə verdim. O veriliş böyük rezonansa səbəb oldu. İş o dərəcəyə çatdı ki, mənə səhər AzTV-dən zəng etdilər (veriliş o zaman artıq AzTV-də çıxırdı) və verilişin kasetini istəyib, dedilər ki, prezident Heydər Əliyev şəxsən ona baxmaq istəyir. Hamı deyirdi ki, Fuad Musayev məni öldürtdürəcək. Dostlarım mənə heç yana tək getməyə icazə vermirdi, hətta bir yüksək vəzifəli dövlət adamı mənə məsləhət gördü ki, ehtiyatlı olum və mühafizə təklif etdi. 1995-ci il ağır zəmanə idi...

Ondan sonra yanıma Fuad Musayevin düşmənləri gəlməyə başladılar, ona qarşı olan hər cür kompromat materialları təklif etdilər. Amma imtina edirdim və hamıya deyirdim ki, mənim Fuad Musayevlə heç bir şəxsi düşmənçiliyim yoxdur, elədiklərim yalnız Azərbaycan futbolu, onun yaxşılaşması naminədir.
O hadisədən təxminən il yarım sonra Fuad müəllim məni AFFA-da görəndə otağına dəvət etdi. Dedi ki, mənə həqiqətən hörmət edir və biz barışdıq. Əslində mənim də ona hörmətim olduqca böyükdür. Axı, gördüyümüz kimi, hazırda futbolumuza o qədər vəsait yatırılsa da, nəticələr o zamankından o qədər də fərqlənmir. Bilmək olmaz, Fuad Musayev kimi təşkilatçının əlində bu imkanlar olsaydı, vəziyyət necə olacaqdı...


Fuad Musayev AFFA İcraiyyə Komitəsinin toplantısını aparır. 1995-ci il

- İndi necədi münasibətiniz? Əlaqələrimiz varmı?

- Yox, indi heç bir əlaqəm yoxdur. Sonuncu dəfə onu doqquz il əvvəl Bakıda təsadüfən küçədə görmüşdüm. Bir xeyli söhbət etdik. Amma futbol haqda deyil, ümumi həyat barəsində. Bu imkandan istifadə edərək, ona salamlarımı yetirmək istəyirəm.

- Musayevi daha çox qəzəbləndirən gizli çəkiliş olmuşdu?

- Yox, qadağanı ondan əvvəl qoymuşdu, mən futboldakı çatışmazlıqları üzə çıxarmağa başlayanda.

- Bəs, klublar AFFA-nın qərarına nə deyirdilər? Etiraz edən olmadı?

- Oldu. Səhv eləmirəmsə, bir neçə klub prezidenti bu barədə Fuad Musayevlə söhbət etmişdi, amma onun da bir xeyri olmadı.

- Ümumiyyətlə, o zaman futbolumuzda baş verənləri necə dəyərləndirərdiz?

- Necə dəyərləndirmək olar ki? 90-cı illərdə ölkə ağır vəziyyətdə idi – müharibə, pulsuzluq, tam yeni yaşam tərzi... Bunlar təbii ki, futbola da siraət olunurdu. Əgər müstəqilliyin ilk illərində komandaların sponsorları var idisə, sonradan onların sayı aybaay azalırdı. Təbii ki, klubların da sayı azalırdı və futbolçular da idmanı tərk edirdilər. Sonda Azərbaycanda 4-5 əməlli klub qalmışdı. Uşaq futboluna, meydançalara isə ümumiyyətlə, maliyyə ayrılmırdı. İndiki ağlımla o zamanı qiymətləndirəndə, başa düşürəm ki, başqa cür ola da bilməzdi. Siz bir Gürcüstana baxın – onların futbolu həmişə bizimkindən xeyli səviyyəli idi, hər zaman yüzlərlə istedadlı futbolçusu var idi, amma onlar da bizim günümüzdə idilər. O zamankı Azərbaycan futbolunun vəziyyətini təbii adlandırmaq olar.

- Bəs klub rəhbərləri ilə münasibətləriniz nə yerdə idi? Bu sualı əbəs yerə vermirəm. İşin içində olan insan kimi, bilirsiniz ki, o zamanlar futbol oyunları zamanı özbaşınalıq adi hala çevrilmişdi. Sizə fiziki təzyiq olurdumu?

- Münasibətlərim hamı ilə yaxşı idi. Məni sevməyənlər olsa da, dediyim kimi, hörmət edirdilər. Bir dəfə efirdə “Kəpəz”in “Qarabağ”la oyunu “aldığına” ehyam etdikdən sonra, “Neftçi” ilə Gəncəyə getdim. Veriliş çərşənbə axşamı efirə çıxmışdı, oyun isə çərşənbə günü idi. “Neftçi”nin avtobusunda Gəncə şəhər stadionuna daxil olanda “Kəpəz”in inzibatçısı Nofəl avtobusa daxil olub mənə dedi ki, “Toğrul, orada minlərlə adam deyir ki, səni tikə-tikə doğrayacaqlar. Girmə stadiona”. Mən operatordan kameranı alıb, ona dedim birbaşa Bakıya qayıtsın, özüm isə getdim stadiona. Stadionun ətrafındakı azarkeşlər mənə kimi qəzəblə, kimi təəccüblə baxırdı. Mən inzibati otaqlara daxil olanda o zaman “Kəpəz”in həm rəhbəri, həm də baş məşqçisi olan Mehman Allahverdiyev donub qaldı. Gözləmirdi ki, Gəncəyə gələ bilərəm. Yaxınlaşıb, soruşdum ki, narazılığa səbəb nədir. Söhbət etdik. Mən ona fikrimi çatdırdım, bununla da iş bitdi. “Kəpəz” rəsmiləri istədilər məni VİP lojada yerləşdirsinlər ki, oyunu oradan çəkim və qəzəbli camaatın əlləri mənə çatmasın. İmtina etdim və bütün oyun ərzində kamera əlimdə, ağzına qədər dolu olan stadionun o tribunasından o birisinə keçib, oyunu çəkirdim. Güldən ağır söz deyən olmadı mənə. Bunu qəsdən eləmişdim ki, Gəncə azarkeşləri görsünlər ki, mən özümdə heç bir səhv görmürəm və nədənsə qorxmağa əsasım yoxdur. Amma azarkeşlərdən gizlənsəydim, vəziyyət başqa cür də ola bilərdi.

Ən çox təzyiqilə seçilən yer isə Tovuz idi. Orada hətta oyuna gələn hakimləri də döyürdülər. Özü də oyundan əvvəl, profilaktik bir tədbir kimi. Amma “Turan”ın prezidenti Vidadi müəllim məni həmişə bu təzyiqlərdən qoruyurdu.

Ümumilikdə deyə bilərəm ki, o zaman istisnasız olaraq Azərbaycan klublarının hamısının prezidentləri ilə münasibətlərim çox yaxşı idi.



- O vaxtkı futbolçu və məşqçilərdən mediaya kimlər qapalı idi?

- Deməzdim ki, belələri var idi. Məşqçilər arasında nisbətən Kazbek Tuayev müsahibə verməyi o qədər də sevmirdi, amma bir dəfə də olsa, müsahibədən imtina etməmişdi. Futbolçular arasında isə bəzən kameraya danışmağa çəkinən ya utananları var idi, amma bir az ürək-dirək verəndən sonra işlər düzəlirdi.

- Verilişiniz tam olaraq fəaliyyətini nə vaxt dayandırdı və bundan sonra harda fəaliyyət göstərdiniz?

- Verilişin efirini AzTV-də, 1996-cı ilin aprel ayında bağladı. Ondan bir neçə ay sonra mən “İdman” qəzetinə dəvət olundum və üç il orada baş redaktor vəzifəsində çalışdım. Oradan Azərbaycanda qeyri-hökümət təşkilatlarının inkişafına yardım edən bir beynəlxalq təşkilata keçdim, lakin il yarımdan sonra yenidən jurnalistikaya qayıtdım və fəal jurnalist karyeramı BBC-də bitirdim.

- İndi Azərbaycandan uzaqda yaşasanız da, yəqin ki, bizim futbolu yaxından izləyirsiniz. Çox adam deyir ki, o dövrün futbolçuları daha təvazökar, sadə idilər, nəinki indikilər.

- Futbolçular cəmiyyətin tərkib hissəsidir. O vaxtın cəmiyyəti daha təvazökar və sadə idi və futbolçular da onun kimi idi. İndinin cəmiyyəti daha pullu, daha savadsızdır və bu onu sadəlikdən və təvazökarlıqdan uzaq edır. Təbii ki, futbolçular da cəmiyyətdəki tendensiyalara uyğun hərəkət edirlər. Əslində eyni sözü cəmiyyətin hər bir zümrəsi, o cümlədən jurnalistlər haqqında da demək olar.

- Bəs, hazırda yaşadığınız İngiltərədə futbolçuların insani keyfiyyətləri necədi?

- İngiltərə futbolçuları ilə yaxınlıq etməmişəm və əslində bunu etmək də çətindir. İngiltərə cəmiyyəti şəxsi həyat baxımından çox qapalıdır və burada heç kim başqasının həyatına qarışmır. Dünyanın ən varlı adamları London küçələrini gəzir. Onlar səninlə eyni kafedə otura bilər və sən onu adi adamdan seçməzsən. Burada mətbuatın gücü çox böyükdür və mətbuat varlı insanları çox yaxından izləyir. Futbolçular isə varlıdırlar və ona görə də onlar mümkün qədər nəzərə çarpmamağa çalışırlar.

Ardı olacaq…

Aydın BAĞIROV

Layihə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi