Vyaçeslav Sofroni: “Əgər özümə güvənməsəydim, “Bakı”da nə işim var idi?”

Vyaçeslav Sofroni: “Əgər özümə güvənməsəydim, “Bakı”da nə işim var idi?”
MÜSAHİBƏ 11 Fevral 2010 / 00:38 3299
-  A +

“Bakı”nın yeni transferi Vyaçeslav Sofroni ölkəmizə gəldikdən sonra ilk müsahibəsini Qol.Az saytına verib.

- Vyaçeslav Sofroni azərbaycanlı futbolsevərlərə elə də tanış deyil. Buna görə də əvvəlcə karyeran barədə məlumat verərdin.
- Futbola uşaq yaşlarında başlamışam. Hamı kimi mən də əvvəlcə küçədə oynamışam. Bu idman növünə olan marağım sonradan məni futbol məktəbinə - internata gətirdi. Onu da deyim ki, Moldovanın bir çox tanınmış futbolçuları həmin məktəbdə yetişib. 16 yaşımdan peşəkar kayreyama başladım. Əvvəlcə aşağı liqada iki il oynadım. 18 yaşımdan etibarən isə yüksək liqada mübarizəyə başladım. Çox gənc yaşımda vətənimi tərk edib, Qazaxıstana üz tutdum. Əvvəlcə orada “İrtış”ın, daha sonra isə “Atrau”nun şərəfini qorudum. Qazaxıstandan sonra Litvaya yollandım. “Vetra”da müəyyən müddət çıxış etdikdən sonra yenidən Moldovaya qayıtdım və son altı ayı “Zimbru”da çıxış etmişəm.
- “Bakı”ya gəlişin necə alındı?
- Menecerim “Bakı” klubundan təklif olduğunu dedi. Hər şey tez bir zamanda həll olundu. Demək olar ki, iki gün ərzində yeni komandaya keçidim baş tutdu.
- Hər gələn yeni futbolçuya bu sualı ünvanlayırlar. Mən də səndən soruşmalıyam. Ölkəmizə gələnədək Azərbaycan futbol haqda hansı məlumatlara malik idin?
- Azərbaycan futbolu haqda məlumatım kifayət qədərdir. Buraya gəlməmişdən öncə yaxın dostum, millidəki, artıq həm də klubdakı komanda yoldaşım Savinovla mütəmadi olaraq əlaqə saxlayıb, lazımı informasiyaları ondan alırdım. Bilirəm ki, Azərbaycan futbolu son illərdə inkişaf edir. İnanıram ki, tez bir zamanda bundan da yüksəkdə olacaq. Ötən il yayda Azərbaycana gələndə də özüm futbolunuzun inkişafına canlı şahid oldum.
- Dedin ki, ötən yayda Azərbaycanda olmusan. Səfərinin məqsədi nə idi?
- Mən karyeramı burada hələ ötən ilin yayında davam etdirə bilərdim. “Simurq” mənimlə yaxından maraqlanırdım. Buraya gəlməkdə məqsədim də məhz adını çəkdiyim komandaya keçidimlə bağlı idi. Amma sonda transferim baş tutmadı.
- “Simurq”a keçidin niyə alınmadı ki?
- Hər şey yaxşı idi. Onlar məni heyətlərinə qatmağı istəyirdilər. Transferim reallaşmağa yaxın olsa da, son anda razılığa gələ bilmədik.
- Yəqin ki, fikir ayrılığı maddi baxımdan yaranıb?
- Hə, elədir. Pula görə razılaşa bilmədik.
- Belə çıxır ki, “Bakı” sənə “Simurq” təklif etdiyindən daha çox pul verib?
- Hə. Buna görə də “Bakı” ilə anlaşdım.
- Moldovalı futbolçuların sayı ölkəmizdə heç də az deyil. Bu, Moldova futbolunda az pul olmasından irəli gəlir?
- Həqiqətən də Moldova futbolunda pul demək olar ki, yox səviyyəsindədir. Buna görə də əksər aparıcı futbolçular karyeralarını ölkədən kənarda davam etdirirlər.
- Deyirsən ki, Moldova futbolunda pul azdır. Bu fikrinlə razıyam. Amma bir məsələ də var ki, Moldova klubları pulu bizim bəzi klublardan fərqli olaraq daha səmərəli şəkildə xərcləyirlər. Məsəlçün mən özüm sənin çıxış etdiyin son klub olan “Zimbru”nun bazasında olmuşam və deyə bilərəm ki, Kişinyov klubu möhtəşəm infrastruktura malikdir. Amma bizdə 1-2 klubu çıxmaq şərtiylə demək olar ki, heç bir komandanın bu cür şəraiti yoxdur.
- Sənin fikrinlə razıyam. Amma Azərbaycan klublarının da tezliklə bu cür gözəl şəraiti olacaq. Götürək elə “Bakı”nı. Bu komandanın möhtəşəm bazası, meydançası hazır olmaq üzrədir. Şübhəsiz, futbolun inkişafında infrastrukturun böyük rolu var.
- Artıq bir müddətdir ki, “Bakı”nın düşərgəsindəsən. Təəssüratların necədir?
- Bu cür gözəl komandada olduğum üçün çox şadam. “Bakı” çox iddialı klubdur. Bilirəm ki, ötən mövsüm Avroliqanın qrup mərhələsinin bir addımlığında mübarizəni başa vurub. İnanıram ki, bu mövsüm qitə kuboklarında daha irəli getmək bizə müəssər olacaq. Komandanın heyətində yaxşı futbolçular cəmləşib. Klub rəhbərliyi də komandanın uğur qazanması üçün hər cür şərait yaradıb.
- “Bakı”nın həm “Turan”, həm də “Neftçi” ilə oyunlarını canlı olaraq stadiondan izləmisən. Çempionatımızın səviyyəsi barədə nə deyə bilərsən?
- Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Çünki çempionatınızda çox yaxşı legioner futbolçular cəmləşib. Bu cür oyunçuların sayı nə qədər çox olsa, Azərbaycan futbolu da bir o qədər tez inkişaf edər.
- Yeni komandanın hər iki oyununu kənardan izləmisən. Meydana çıxmamağın nə ilə bağlıdır? Hazır deyilsən?
- Yox, meydana çıxmağa hazıram. Məşqlərdə də bütün gücümlə çalışıram. Sənədlərimlə bağlı bəzi problemlər var idi. Transfer vərəqim gecikirdi. Buna görə də debütüm yubandı. Amma düşünürəm ki, növbəti turda “Qəbələ” ilə oyunda baş məşqçimiz mənə şans verəcək.
- Start heyətində?
- Bunu mən dəqiq deyə bilmərəm. Amma hesab edirəm ki, start heyətində olmasam da, ən azından ehtiyatda yer alacağam.
- Bayaq da dediyim ki, həm “Turan”, həm də “Neftçi” ilə oyunları izləmisən. Səninlə eyni mövqedə çıxış edən Jaba və Adrianonun nəyə qadir olduğuna canlı şahid olmusan. Necə düşünürsən, bu hücumçularla rəqabətdən qalib ayrılıb, start heyətinə düşə biləcəksən?
- Mən özümə güvənirəm. Əgər inamım olmasaydı, o zaman burda nə işim var idi? Hər hansı bir həmkarım haqda nəsə deməyim düzgün çıxmaz. Kimin nəyə qadir olduğunu mütəxəssislər, azarkeşlər desələr, daha yaxşı olar. Mən hələ meydana çıxmamışam. Bayaq da dediyim kimi, “Qəbələ” ilə oyunda meydana çıxcağıma inanıram. Əgər baş məşqçimiz şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. 

Daha çox


Son xəbərlər