Millimizin qapıçısı: "Əsas odur ki, oyunumla tanınım"

Millimizin qapıçısı: "Əsas odur ki, oyunumla tanınım"
ÖLKƏ FUTBOLU 22 May 2016 / 18:25 6409
-  A +

Məmməd Hüseynov adı və soyadı Bakıda keçirilən U-17 yığmalar arasında Avropa çempionatının final mərhələsinədək heç nə demirdisə, indi bir çoxlarına məlumdur. Belçika ilə matçda inamlı oyunuyla seçilən 17 yaşlı qapıçı ağır xəsarət alması nəticəsində birbaşa xəstəxanaya aparıldı. Aldığı yüngül beyin silkələnməsi nəticəsində bir müddət müalicə olunan Məmmədova evində baş çəkdik.


"Elxan Məmmədov ilk xalda mənim də əməyimin olduğunu dedi"

- Hazırda özünü necə hiss edirsən?

-Yaxşı. Başımdakı ağrılar tam keçib. Müayinəmin nəticələrini "Qarabağ”ın həkimlərinə göstərmişəm. Bu həftədən məşqlərə başlamışam.

- AFFA-nın baş katibi Elxan Məmmədov Belçika ilə oyundan dərhal sonta sənə xəstəxanaya baş çəkmişdi. Maraqlıdır, səninlə söhbətdə nə dedi, nə tövsiyə etdi?

- Elxan müəllim mənə ilk olaraq şəfa dilədi. Komandamız final mərhələsində ilk xalını qazanmasında mənim də əməyinin olduğu dedi. Mən də Elxan müəllimə təşəkkür etdim.

- Ağır xəsarət aldığın epizodu necə xatırlayırsan?

- Cinahdan qapımıza ötürmə oldu. Əvvəlcə topa çıxmaq istəmədim. Ancaq rəqibin yanında müdafiəçilərimizin olmadığını görərək topa tərəf tullandım. Ondan sonrası yadımda deyil, qaranlıq idi.... Ambulansda olduğumu xatırlayıram. Düzdür, həkim burnuma naşatırı tutanda ayıldım. Ancaq xərəkdə necə getdiyim yadımda deyil. Həkim dedi ki, ilk olaraq nəfəsim gəlmir, naşatırdan sonra ayıldım, nəfəsim gəldi.

"Bundan öncə nokauta düşmüşdüm"

- Daha əvvəl belə ciddi zədən olmuşdu?

- Bəli, bundan da ciddi idi. Həmin vaxt Təbriz Həsənovun rəhbərliyi altında U-16-da idik. "Qarabağ”ın U-17 komandası ilə yoxlama matçı oynadıq. Cərimə zərbəsindən sonra topa çıxmışdım. Şahidlərin sözlərinə görə, rəqibin butsu sifətimə tutması nəticəsində nokauta düşmüşdüm. Onda da "Modern Hospital”a aparılmışdım. Evdə ayıldım, heç nədən xəbərim yox idi.

- Çətin peşə olan qapıçılığı seçdiyinə görə peşman deyilsən?

- Yox. Uşaq vaxtı məhlədə oynayanda asfaltda tullanırdım, zədələnməkdən çəkinmirdim. Ona görə də hamı istəyirdi ki, onun komandasında qapıda durum. Bu da məni qapıçı olmağa çox həvəsləndirdi.

- Kumirin kim idi?

- Van der Sar. Oyunlarına baxıb həvəslənirdim. Formasını alıb geyinmişdim. Adımı bilməyənlər məni "Van der Sar” deyə çağırırdılar. Məhlədə özümdən 4-5 yaş böyüklərlə futbol oynayırdım. Balaca olduğumdan deyirdilər ki, getsin, qapıda dursun. Hamı gördü ki, "çərçivə”də yaxşı dayanıram. Beləcə məhləmizin qapıçısı oldum.



"Yığmada qapıçılarla işləyən məşqçi Elşah Tahirovun üzərimdə böyük zəhməti olub"

- "Qarabağ”a gəlişin necə oldu?

- Məhlə uşağım Asiman mənə oynadığı bu kluba gəlməyi məsləhət gördü. 2009-ci ilin iyulunda 1-də gəldim, onda 10 yaşım vardı. Yığmamızın məşqçisi Mübariz Orucovun onda "Qarabağ”da işləyirdi. Onun rəhbrəliyi altında klubda ilk addımlarımı atdım. "Sabahın ulduzları” turnirində çempion oldum, kubok qazandım, 2 dəfə ən yaxşı qapıçı seçildim.

- Final mərhələsində əsas qapıçımız olsan da, onda da ağır zədə üzündən hazırlıqdan kənarda qalmışdın...

- Ötən ilin noyabrın 15-də "Qarabağ”ın əvəzedicilərinin məşqində ağrı hiss etdim. Düşündülər ki, əzələ problemlər var, mənə istirahət verdilər. Dekabrda millinin toplanışına çağırıldım. Məşqdə yenidən ağrıyandan sonra bu dəfə müayinə olundum. Məlum oldu ki, pubis sümüyümün üstündə şiş yaranıb. Bu da gec sağalır. Bir ay millidə, sonra "Qarabağ”da müalicə olundum. İki ay ancaq istirahət etdim. Tam məşqlərə aprelin ortasında başladım.

- Həmin vaxt yığmaya çağırılacağını inamını itirməmişdin?

- Yox. Düzdür, mənə çox deyirdilər ki, 6 aydır oynamadığından praktikan azdır, formadan düşmüsən. Yığmada qapıçılarla işləyən məşqçimiz Elşad Tahirov mənə böyük dəstək oldu. Ümumiyyətlə, onun üzərimdə zəhməti böyükdür. Elşad müəllim potensialımı yaxşı bilirdi. Mənə dedi ki, hazır olsan, qapıda duracaqsan. Millinin mənə güvəndiyini bilirdim. Son məşqlərdə, Ukrayna ilə oyunda özümü yaxşı göstərəndən sonra heyətdə olmağıma qərar verildi. Əslində, komandamızda çox turnirlərdə iştirak edən qapıçı mən idim. Ancaq zədələndiyimdən Murad Popovu çağırdılar.

- Yeri gəlmişkən, Belçika ilə oyundan sonra da belə oldu...

- Mən həkimlərə oynamaq istədiyimi dedim. Ancaq məsləhət görmədilər. Dedilər ki, ən azı 10 gün istirahət etməlisən. Üstəlik, adım iştirak ərizəsindən çıxarıldığından oynaya bilməzdim. Heyf ki, turnir mənim üçün çox erkən bitdi.
"Portuqaliya yığmasının Avropa çempionu olacağını gözləyirdim"

- Final mərhələsində tarixi debüt matçında iştirak etdin. 5 qol buraxdığın Portuqaliya ilə matçda uğursuzluğu nə ilə əlaqələndirərdin?

- Çox çətin oyun olacağını bilirdik. Psixoloji təzyiq öz sözünü dedi. İlk dəfə belə stadionda, böyük azarkeş qarşısında oynayırdıq. Portuqaliya matça çox yaxşı başladı və erkən qollar buraxdıq, avtoqol da oldu. Heç bəxtimiz gətirmədi. Portuqaliyanın oyunu sanki proqramlaşıb. Futbolçular meydanda bir-birini gözəl hiss edir, yaxşı başa düşür, ötürmələri dəqiq idi. Təsadüfi deyil ki, Avropa çempionu bu yığma oldu. Mən bunu gözləyirdim.

- Yeri gəlmişkən, sənə 2 qol vuran portuqaliyalı hücumçu Joze Mendeş də 7 qolla bombardir oldu...

- O, sonradan da başla qol vurub. Çox güclü hücumçudur. Meydanda yaxşı mövqe seçir, yez qərar verir, sürətli, texnikalıdır.

- Portuqaliyaya ağır məğlubiyyətdən sonra necə toparlana bildiniz?

- Ruhdan düşmüşdük. Ancaq baş məşqçimiz yaxşı motavasiya verdi və iki günə toparlana bildik. Qarşımıza məqsəd qoyduq ki, sonrakı 2 oyunda mütləq qalib gəlməliyik. Belçika ilə oyunda buna çox yaxın idik. Sadəcə, buraxdığı adi səhv qolla nəticələndi. Özümüz isə çoxlu qol imkanının yalnız 1-dən istifadə edə bildik.



- Beş qol buraxandan sonra yenə sənə şans veriləcəyini gözləyirdinmi?

- Ümidimi itirməmişdim. Kimin qapıda duracağı matç günü bilindi. Mənə deyildi ki, yenə sənə güvənirik.
"Milli komandamız final mərhələsində yaxşı nəticə göstərdi"


- Millimiz üçün nəticəni necə dəyərləndirirsən?

- Məqsədimiz qrupdan çıxmaq idi. Ancaq Portuqaliyaya 0:5-dən sonra vəziyyətimizi xatırlayıram. Hamı əlini üzmüşdü. Bundan sonra 2 oyuna 4 xal toplaya bildik və nəticəni yaxşı sayıram.

- Məlum olay nəticəsində tanınmağın karyerana nə dərəcədə müsbət təsir göstərə bilər?

- Futbolun içində olanlar yığma üzvlərini yaxşı tanıyırlar. Üstəlik, final mərhələsində ölkəmizi təmsil edən komandadır. Tanımayanlar futbolla az maraqlananlardır. İnammıram ki, dediyiniz bu amil müsbət təsir etsin. Əsas odur ki, həmin epizoda görə yox, oyununa görə tanınım.


- 17 yaşın olsa da, artıq "Qarabağ”ın əsas komandasında məşq edirsən...

- Bəli. Bu, Avropa çempionatınadək da belə idi. Ancaq "Qarabağ”da U-19-da oynayıram, əvəzedici heyətdə 1 matçda meydana çıxmışam.

 

- Əsas komandada hazırlıq necədir?

- Çox yaxşı. Hamı mehriban ailədir. Qürurla deyirəm ki, "Qarabağ”ın üzvüyəm, əsas komanda ilə məşq edirəm. Bu, gələcək karyeram, daha irəli getməyim üçün müsbət cəhətdir.

"İbrahim Şehiç mənə öz tövsiyələrini verir"


- İbrahim Şehiç təkcə "Qarabağ”ın yox, çempionatımızın ən yaxşı qapıçılarından biridir. Ondan nə öyrənə bilirsən? Sənə tövsiyə edir?

- Mən təkcə Şehiçin yox, bütün qapıçılarımızın məşqlərdə hərəkətlərini diqqətlə baxıram, nəsə götürməyə çalışıram. Qapıçılarla işləyən məşqçimiz Elxan Həsənov hər şeyi xırdalığına kimi izah edirlər. Şehiç də öz tövsiyələrini verir.

- Gələcəkdə "Qarabağ”ın əsas qapıçısı olmaq perspektivi haqda nə düşünürsən?

- Əlbəttə, bu, mənim üçün indi çox tezdir. Əsas qapıçı olmağım üçün çox işləməliyəm, artırmalıyam. Qarşıda böyük yol var və baryerləri keçmək lazımdır. Hər bir azərbaycanlı futbolçu kimi mən də gələcəkdə xaricdə oynamaq istərdim. Xüsusilə Almaniya və İngiltərə kimi futbol ölkələrində.

- Azərbaycanlı qapıçılardan ən çox bəyəndiyim hansıdır?

-Yaxşı qapıçılarımız çoxdur. Kimisə fərqləndirmək istəməzdim. Hamısına eyni cür yanaşıram. Gələəckdə məqsədim əsas yığmanın qapıçısı olmaqdır. Bunadək qarşıda U-19, U-21 millisi var. Karyerama yeni başlasam da, ağır zədələrim tez-tez olub. Ancaq bundan hər dəfə sonra toparlana bilməyim mənə böyük stimul verir. Ötən il Qazaxıstanda "Prezident Kuboku” turnirindən öncə də zədələnmişdikm. Ancaq turnirədək hazr ola bildim. Finalda rəqibimiz Baləya gələn İspaniya yığması idi. Oyun 1:1 hesabıyla nəticələndi. İspanlara yalnız matçsonrası penaltilərdə uduzduq.

Mehman SÜLEYMANOV
 Sportnet.az

Daha çox


Son xəbərlər