“İkinci yerdə olmağımız qəhrəmanlıqdır” – Səlahət Ağayev
Bakı “İnter”inin kapitanı Səlahət Ağayev Qol.Az saytına müsahibə verib.
Millimizin üzvü əvvəlcə başa çatmaqda olan 2015-ci ili komandası üçün dəyərləndirib.
- Bu ilin fevral ayından bizdə maliyyə problemi başladı. Buna görə də çempionata yaxşı başlamadıq. Əsas komandadan 2-3 futbolçu qaldı. Qalanları “İnter”i tərk etdi. Onları da qınamıram. Futbolçu əziyyətinin bəhrəsini görmək istəyir. Yaxşı təklif alan futboçular komandanı tərk etdilər. Bu. Normal haldır.
- “İnter”i tərk etməməyində hansı amillər rol oynadı?
- Mənim “İnter”lə yaxşı günlərim olub. 17 yaşımdan burdayam. Cəmaləddin Əliyev və “İnter” böyük futbolda mənə çox şey verib. Buna görə də getmək istəmədim. Klub prezidenti Georgi Nikolov mənə dedi ki, özünə klub tap, “İnter” fəaliyyətini dayandıra bilər.
- Bildiyimizə görə, həmin vaxt digər klublardan yaxşı təkliflər almısan?
- Bəli, təkliflər də gəlmişdi. Üç komanda mənimlə maraqlanırdı. Ancaq tədricən komandada vəziyyət yaxşılaşdı. Cəmaləddin Əliyev mənə bildirdi ki, sənin “İnter”də qalmağını istəyirəm. Onun sözündən çıxmadım. Pis günümdə mənim yanımda olan insanların yanında qaldım. Şükürlər olsun ki, maliyyə sarıdan vəziyyət yaxşı olmasa da, oyun baxımından əvvəlki “İnter”dən geri qalmırıq. Komandamız tarixi ərzində Avroliqada iki mərhələ keçməmişdi, ancaq bu il bunu etdik.
- Maraqlıdır ki, “İnter” heç vaxt edə bilmədiyini pulsuz vaxtlarında bacardı.
- Bəlkə də Allah əziyyətimizi yerdə qoymadı. Bu il hərtərəfli əziyyət çəkdik. Avroliqa oyunu zamanı vəziyyət daha acınacaqlı idi. Bunu hər kəs bilir. “Laçi” ilə oyun üçün Albaniyaya gedəndə geyməyə forma tapmırdıq. Bu da bir qismət idi. Əziyyətimizin bəhrəsini gördük. Ən azından “Atletik” (Bilbao) kimi bir klubu Bakıya gətirdik. Komandamızın çətin vəziyyətində bunu etmək bizim üçün şərəfdir.
- İndi klubun maliyyə durumu necədir?
- Hər şeyin normal olacağını deyirlər. Yeni formalar sifariş veriblər. Büdcənin də artırılması gözlənilir. Yaydan indiyə qədər “İnter”in yalnız adı qalmışdı. Klub məşqçilər və futbolçulardan ibarət idi. Klub prezidenti Georgi Nikolovdan kömək görmədik. Son bir ayda vəziyyən bir az düzəlib.
- “İnter”lə müqavilən başa çatır. Komandada qalmaq fikrin var?
- Yeni klub rəhbərliyinin bizimlə görüşü olmayıb. Baş məşqçimiz komandada qalmağımı istəyir.Deyir ki, rəhbərlik də mənimlə görüşəcək. Hələ ki, bu görüşü gözləyirəm. Əvvəlcə öz klububla danışacam. Sonra başqa təkliflərə baxa bilərəm.
- “Neftçi”yə keçəcəyinlə bağlı xəbərlər yayılıb.
- Düzgün məlumat deyil. Yayda “Neftçi”yə keçmək variantı var idi. Klubun dağılacağını deyəndə həm “Neftçi”, həm də “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşüm olmuşdu.İndisə heç nə yoxdur.
- Belə bir şəraitdə qış fasiləsinə ikinci pillədə getməyinizi gözləyirdin?
- Əlbəttə ki, gözləmirdim. Siz gözləyirdiniz?
- Yox.
- Mən də inanmırdım ki, bu cür şəraitlə ikinci pilləyə yüksələk. Son iki tur ərzində də bilinmirdi necə olacaq. Hazırda ikinci yerdə olmağımız biz futbolçuların və məşqçilərin qəhrəmanlığıdır.
- Qış fasiləsi zamanı lazımi dəyişiklik olsa, “İnter” çempionluğa oynaya bilər?
- Hər şey qaydasına düşsə, niyə də olmasın? Yeni futbolçular cəlb olunmalıdır. Rauf Əliyevin zədələnməsi bizi geri saldı. O, bizə çox kömək edirdi. İndi hücum xəttində problemlərimiz var. Rauf zədələnməsəydi, indi “Qarabağ”la bu qədər xal fərqimiz olmazdı. Hücum xəttimiz qaydasına düşsə, çempionluğa da oynaya bilərik. Bu mövsümün bir hissəsini 12-13 futbolçu ilə oynadıq. “Qəbələ” və “Qarabağ”la bizim şəraitimizi müqayisə edəndə, deyə bilmirəm ki, çempion ola bilərik. Ancaq sona qədər mübarizə apara bilərik. Bunun üçün hücum xəttinə 2-3 futbolçu cəlb olunmalıdır.
Ramiq AĞAMƏMMƏDOV