“Bağban işləyir, qəzet paylayır, barda döşəmələri cilalayırdım” - Dambrauskas

“Bağban işləyir, qəzet paylayır, barda döşəmələri cilalayırdım” - Dambrauskas
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2026 / 09:49 758
-  A +

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted”lə keçiriləcək oyun öncəsi maraqlı həyat və karyerası barədə BBC-yə danışıb.

QOL.az xəbər verir ki, yazıda bildirildiyinə görə, lottvalı mütəxəssisin məşqçilik karyerası başladığı yerə qayıdır. O, təxminən 20 il əvvəl məşqçilik sahəsində ilk addımlarını “Mançester Yunayted”in Futbol Məktəblərində atıb.

“Bu, təsəvvür edə biləcəyimdən də böyükdür. Həmin tuneldən keçib meydana çıxacağam”, – deyə Dambrauskas BBC Sport-a bildirib.

“Uşaqlarla birlikdə dəfələrlə ‘Old Trafford’da olmuşam. İndi isə ora baş məşqçi kimi gələcəyəm”.

Amma bu, Dambrauskasın qeyri-adi həyat hekayəsinin yalnız kiçik bir hissəsidir.

Hər şey onun “Kim milyonçu olmaq istəyir?” verilişinin Litva versiyasında iştirakı ilə başlayıb. Dambrauskas qazandığı cüzi məbləğlə Londona köçərək futbolda karyera qurmağa çalışıb.

“Bu, çoxdan baş verib. Keçmişdə qalmış və həqiqətən unudulmuş bir hekayə idi. İndi isə birdən-birə hamı bundan danışmağa başlayıb”, – deyə Dambrauskas gülümsəyərək bildirib.

Dambrauskas verilişdən 4 min lit – təxminən 725 funt-sterlinq qazanıb. Bu məbləğ çox görünməyə bilər, lakin həmin dövrdə Litvada orta hesabla altı aylıq əməkhaqqına bərabər idi.

Dambrauskas üçün əsl hekayə televiziya verilişi deyil, onun məşqçilik karyerasıdır:

“İndi hamı yalnız bu hissəni, yəni pulu qabardır. Amma bəli, bu, həqiqi əhvalatdır. Məqsədim məşqçilik kurslarına qatılıb lisenziya almaq, bəlkə də bir gün Litvaya qayıdaraq futbol məşqçisi kimi işləmək idi”.

“Kim milyonçu olmaq istəyir?” verilişi ilə başlayan bu hekayə onun bütün karyera yolunu müəyyənləşdirdi.

“İki, üç, bəzən dörd işdə çalışırdım”

Dambrauskas 12 yaşında olarkən yaxşı futbolçu ola bilməyəcəyini anladığını, amma məşqçiliyin onu futbola yaxın saxlayacağını deyib. O, 2002-ci ilin avqustunda 25 yaşında, ingilis dilini zəif bilməsinə baxmayaraq, tələbə vizası ilə Londona gəlib.

Sonrakı səkkiz il gərgin zəhmətlə keçib. Dambrauskas ictimai layihələrdə, yarımpeşəkar klubda və peşəkar klubların aşağı yaş qruplarında məşqçilik edib. Eyni zamanda iki övlad böyüdərək bir neçə işdə çalışıb.

O, 2004-cü ildə London Metropoliten Universitetində idman elmi və məşqçilik ixtisası üzrə təhsil almağa başlayıb. Bu, onun karyerasında ilk ciddi addım olub. Daha sonra Finsberi Parkda aztəminatlı ailələrin uşaqları üçün təşkil olunan “Access to Sports” layihəsində könüllü məşqçi kimi çalışıb.

Ardınca aşağı yaş qruplarından yarımpeşəkar səviyyəyədək komandaları olan “London Taygers” xeyriyyə təşkilatında işləyib. Könüllü kimi başladığı təşkilatda beş il ərzində əsas komandanın baş məşqçisi vəzifəsinədək yüksəlib. Komanda Spartan Cənubi Midlend Liqasında, İngiltərə Kubokunda və FA Vase turnirində çıxış edib.

Dambrauskas London Futbol Assosiasiyası vasitəsilə UEFA məşqçilik lisenziyası alan ilk litvalı olub: “Mümkün olan bütün kurslara, konfranslara və London Futbol Məşqçiləri Assosiasiyasının toplantılarına qatılırdım. Məlumat, bilik, əlavə diplom və sertifikat əldə edə biləcəyim hər yerə gedirdim. Bu, mənim üçün çox vacib idi və yaranan imkanlardan istifadə etdim”.

Peşəkar klubda ilk fürsəti ona 2004-cü ildə “Mançester Yunayted”in Futbol Məktəbləri verib.

Dambrauskas beş il ərzində Böyük Britaniya və Avropada təşkil olunan təlim proqramlarında məşqçilik edib.

“Bu, həyatımda baş verə biləcək ən yaxşı hadisə idi. Üç və ya dörd müsahibədən keçdim. Mənə bu imkanı verdiyinə görə Fondun baş icraçı direktoru Con Şilsə ömür boyu minnətdar olacağam. Çünki təcrübəm yox idi. Daha əvvəl heç vaxt ‘Mançester Yunayted’in Futbol Məktəblərindəki qədər çox görkəmli insanın olduğu yerdə olmamışdım”.

Dambrauskas “Fulhem”də qısa müddət çalışdıqdan sonra “Brentford”a keçib. O, akademiyanın direktoru Ose Aybencini karyerasına ən çox təsir göstərən şəxslərdən biri hesab edir. Aybenci onu imkanlarının son həddinədək çalışmağa sövq edib.

Dambrauskas bütün bunlarla yanaşı, ailəsini dolandırmaq üçün müxtəlif işlərdə də çalışıb:

“Bağban, usta olmuşam, ilk vaxtlarda qəzet paylamışam, hətta bir barda döşəmələri cilalamışam. Çoxlu işlərdə çalışmışam. Mağazada, daha sonra idmanın inkişafı üzrə əməkdaş və menecer, həmçinin YMCA-nın mərkəzi ofisində işləmişəm. İki, üç, bəzən isə dörd işdə çalışırdım”.

“Sabah” bu həftə “Mançester Yunayted”lə qarşılaşmaqla yanaşı, yanvarda Çempionlar Liqasının liqa mərhələsində “Arsenal”ın da qonağı olacaq. Bu qarşılaşma da Dambrauskas üçün taleyin bir işarəsi təsiri bağışlayır. London Metropoliten Universitetinin Hollouey Roud küçəsində yerləşən binalarından biri “Emireyts” stadionuna baxırdı.

İngiltərədə keçirdiyi illər barədə soruşulanda Dambrauskasın üzü işıqlanır: “İngiltərə’ sözünü eşidəndə ağlıma imkanlar gəlir. Bu, həqiqətən möhtəşəm idi. İngiltərə mənə bütün bunları verdi və buna görə həmişə minnətdar olacağam. Çempionlar Liqasına yüksəlmək təsəvvür edə biləcəyimdən də böyük nailiyyətdir. Biz indiyədək nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Bir turnirdə ardıcıl iki mərhələdən çox keçməmişdik. İndi isə birdən-birə buradayıq.  Heç-heçə çox çətin də ola bilər, ‘Sabah’a uyğun da. İnsan bu turnirdə və həmin komandalara qarşı oynamağı arzulayır.

İndi bunun öhdəsindən gələ biləcəyimizi göstərməyin və rəqabət aparmaq üçün yol tapmağın vaxtıdır. Biz bunu etməyə çalışacağıq.

Yaxşı və iddialı komandamız var. Futbolçularımız uğur qazanmağa və özlərini göstərməyə çox həvəslidirlər”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner