“Neftçi” bizi qorxutmur” – Rəşad Abdullayev
Premyer Liqanın debütantı “Zirə” Azərbaycan kubokunun 1/8 finalında AZAL üzərində 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəldi. Qol.Az-a müsahibəsində bu görüş haqda danışan komandanın kapitanı Rəşad Abduallayev digər sualları da cavablandırıb
- Mərhələnin taleyi bir matçdan ibarət idi. Buna görə də çətin oyun olacağını bilirdik. AZAL-ın öz meydanında yaxşı oynadığını hamı bilir. Biz də qələbə dalınca getmişdik. Avroliyaqaya ən yaxın yol kubokdan keçir. Şükürlər olsun ki, qalib gəlib məqsədimizə çatdıq.
- Kubokun 1/4 finalında rəqibiniz “Qəbələ”dir. Kubok mübarizəsində perspektivinizi necə görürsən?
- Biz “Qəbələ” ilə Premyer Liqada da başabaş mübarizə aparırıq. Kubok oyununda favorit olmur. Adətən belə oyunlarda gözlənilməz nəticə qeydə alınır. Çalışacağıq ki, yarımfinala yüksələn tərəf biz olaq.
- Premyer Liqada növbəti oyununuz son dövrlər dirçəlişdə olan “Neftçi”yə qarşı olacaq. Bu görüş haqda nə düşünürsən?
- Hamı görür ki, “Neftçi” hazırda yüksəlişdədir. “Xəzər Lənkəran” və “Qarabağ” üzərində vacib qələbə qazandılar. “Qaradağ Lökbatan” üzərində 8:0 hesablı qələbədn sonra isə yəqin ki, komandada özünəinam yaranıb. Psixoloji vəziyyətləri də qaydasına düşüb. Üstəlik, “Neftçi”nin meydanında oynayacağıq. Sadaladıqlarımı nəzərə alsaq, bizə çətin olacaq. Ancaq biz də səfərə üç xal üçün gedirik.
- Qeyd etdiyin amillər rəqibinizdən çəkinməyə əsas verir?
- Əlbəttə, rəqibə hörmət etməliyik. Onların hücum xəttində yaxşı futbolçuları var. Topla yaxşı davranan oyunçulara sahibdirlər. Təbii ki, rəqibimizin zəif cəhəti də var. Biz də onları təhlil edib, faydalanmağa çalışacağıq. “Neftçi” bizi qorxutmur. Əsas öz oyunumuzdur. İlk növbədə bunu düşünməliyik. Öz oyunumuzu qura bilsək, yaxşı nəticə qazanacağıq.
- “Neftçi”dən qorxmadığınızı dedin. Bəs səncə, digər komandalar “Zirə”dən çəkinir?
- Biz mövsümün əvvəlində yeni komanda təsiri bağışlayırdıq. Rəqiblər bizimlə açıq futbol oynayırdı. İndi isə görürük ki, qapalı futbola üstünlük verirlər. Hiss edirlər ki, “Zirə”nin gücü var. Biz də yuxarı pillələrdəki yerimizi qorumağa çalışırıq. Onu da qeyd edim ki, bundan sonra bizə daha çətin olacaq. Qeyd etdiyim kimi, indi rəqiblər bizə qarşı daha diqqətlidirlər. Bilirik ki, yerimizi qorumaq çətin olacaq.
- Yəqin ki, başa çatmaqda olan 2015-ci ili “Zirə” üçün yaxşı qiymətləndirmək olar.
- Əlbəttə, heç kim gözləmirdi ki, “Zirə” ilk ilindəcə bu cür nəticələr göstərəcək. Düzdür, uğurlu nəticə qazanıb-qazanmadığımızı mövsümün sonunda biləcəyik, ancaq 3-4 ayın komandasının hazırda üst pillələrdə qərarlaşması alqışalayiqdir. Qarşıda iki dövrdə var. Görürsünüz ki, turnir cədvəlində komandalar xal baxımından bir-birinə yaxındır.
- “Zirə” və “Kəpəz”i Premyer Liqanın sürpriz komandaları adlandırırlar. Avrokuboklara vəsiqə qazanmaqla daha bir sürpriz edə bilərsiniz?
- Həm bizdə, həm də “Kəpəz”də mübariz keyfiyyətli futbolçular var. Gənclərlə yanaşı təcrübəli futbolçularımız da var.Komandamızın nəticələri sürpriz hesab etməzdim. Əvvəlcədən qarşımıza avrokuboklara qatırlmaq məqsədi qoymamışıdıq. Ancaq istər-istəməz yaxşı nəticələr qazandıqca istək də artır. Qeyd etdiyim kimi, mövsümün sonuna yaxın bu haqda danışmaq olar.
Ramiq AĞAMƏMMƏDOV