"Çətin anlar yaşadıq" – İbrahim Şehiç
"Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Simurq”la ilk oyunundan (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- “Simurq” istər çempionatda, istərsə də kubokda hər zaman yaxşı oyun sərgiləyir. Bu komanda həqiqətən də çox güclü rəqibdir. Bu gün də (dünən - red.) bizim üçün çətin anlar yaşatdılar. Düzdür, qələbə qazandıq. Amma bu o demək deyil ki, onlar yaxşı oynamadı. Sadəcə biz rəqibi düzgün analiz edib, lazım olan taktika ilə oynadıq.
- Amma etiraf etmək lazımdır ki, “Simurq” səfərdə oynamasına baxmayaraq heç də müdafiə futbolu sərgiləmədi.
- Meydanda həqiqətən də başa-baş mübarizə gedirdi. İkinci hissədə rəqibin hücumlarının sayı artmağa başladı. Onlar da ilk matçda özləri üçün sərfəli nəticə əldə etmək istəyirdilər. Sevindirici haldır ki, bu gün top buraxmadan qalib gəldik. İnanıram ki, cavab qarşılaşmasında da üstün tərəf biz olacağıq.
- Rəqibin əksər futbolçuları hündürboylu idi. Xüsusən də hücum xətti. Onlar sənin üçün çətinlik yaratmırdı?
- Yox, bizim müdafiəçilər onları yaxşı bağlamışdı. Heç bir narahatlıq yox idi. Düzdür, bir neçə dəfə fərqlənmək imkanları oldu. Amma bu şansdan istifadə edə bilmədilər. Əsas odur ki, meydandan qalib ayrılan biz olduq. Bu da göstərir ki, hər şey qaydasında idi.
- “Simurq”la qarşıda biri çempionat, digəri kubok olmaqla iki oyununuz var.
- Bilirik ki, bizi qarşıda iki çətin səfər oyunu gözləyir. Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma bu gün olduğu kimi, həmin matçlarda da sərfəli nəticə əldə etməliyik. Bunun üçün yaxşı hazırlaşıb, düzgün taktika ilə oynamalıyıq. Çünki hər iki matçın önəmi böyükdür. Kubokda mərhələ keçmək üçün qalib olmalıyıq, çempionat oyununda isə üç xalı qazanmalıyıq.
- Səncə, “Qarabağ” həm kuboku, həm də çempionluğu qazanmaq gücündədir?
- Bizim hər iki turnirdə qalib olmaq üçün yaxşı şansımız var. Yaxşı mövqedə qərarlaşmışıq. Hazırda ən yaxın izləyicimiz olan “İnter”lə aramızda 10 xal fərq var. Düzdür, futbolda hər an hər şey ola bilər. Amma çalışacağıq ki, bu üstünlüyümüzü sona kimi qoruyaq. İşimizin öhdəsindən gəlmək üçün birinci vəzifəmiz qarşıdan gələn bütün oyunlara yaxşı hazırlaşmaqdır. Ona görə də komanda şəklində sona kimi əlimizdən gələn hər şeyi edəcəyik.
Ergün SEYİD