Rövşən Binnətli: «Haciyevski Bülənt Qorxmazdan qat-qat üstün məşqçidir»

Rövşən Binnətli: «Haciyevski Bülənt Qorxmazdan qat-qat üstün məşqçidir»
MÜSAHİBƏ 26 Sentyabr 2009 / 13:02 3506
-  A +

Azərbaycan futbolunda hansı ölkənin modelinin tətbiqi məsələsi son illər az müzakirə olunmayıb. Məsələn, AFFA futbolumuza alman modelini gətirmək istəyir. Federasiyadan fərqli olaraq isə klublarımız fərqli modellərə üstünlük verirlər. Bir qrup Ukrayna, digər qrup isə türk modelini seçir. Xüsusilə son zamanda türk modeli aktuallaşmağa başlayıb.
Qol.Az-ın müxbiri bu məsələyə münasibətini öyrənmək üçün tanınmış idman jurnalisti, “Lider” televiziyasının şərhçisi Rövşən Binnətliylə söhbətləşib.


- Rövşən müəllim, öncə türkiyəli Bülənt Qorxmazın “Bakı”ya baş məşqçi gətirilməsi məsələsinə münasibətinizi öyrənmək istərdik...
- Mən düşünmürəm ki, “Bakı” bununla irəli addım atmış oldu. Bilirsiniz, gərək hər şey planlı, məntiqli şəkildə həyata keçirilsin. Bəli, bu gün Bülənt Qorxmazı gətirirlər. Amma gəlin, onun məşqçilik bioqrafiyasına nəzər salaq, görək, hansı o, uğurları əldə edib. Demək olar ki, heç nə. Bir müddət “Kasımpaşa”nın baş məşqçisi oldu, amma klubu Türkiyə çempionatının elitasında saxlaya bilmədi. Düzdür, klubun maddi durumu da yaxşı deyildi və burada Bülənti günahlandırmaq doğru olmazdı. Amma Qorxmaz həmin vəziyyətdə klubu elitada saxlasaydı, özü haqda daha yüksək imic formalaşdırmış olacaqdı. Sonra qısa müddətə olsa da, uzun illər şərəfini qoruduğu “Qalatasaray”ın baş məşqçisi postunu tutdu. Amma orada da uğursuzluğa düçar oldu. Əgər bu gün baş məşqçi kimi heç bir naliyyəti olmayan Bülənt Qorxmaz “Bakı”nın baş məşqçisi postuna gətirilirsə, belə çıxır ki, burada idman prinsipləri yox, şəxsi münasibətlər əsas götürülüb.
- Belə başa düşdük ki, Haciyevskinin gedişinin kluba fayda verməyəcəyini düşünürsünüz?
- Gəlin belə danışaq. Bu gün mətbuatda çoxları Haciyevskini tənqid edir. Bu insan “Bakı”ya Azərbaycan çempionluğunu qazandıranda, avrokuboklarda mərhələ keçib üçüncü mərhələyə kimi irəliləyəndə yaxşı məşqçi idi, bir oyun uduzan kimi isə pis oldu. Bax, mən bunu qəbul edə bilmirəm. Kim necə düşünür düşünsün, şəxsən mənim üçün bir məşqçi kimi Haciyevski Bülənt Qorxmazdan qat-qat üstün məşqçidir. Bayaq qeyd etdim ki, türkiyəlinin baş məşqçi kimi heç bir uğuru yoxdur. Amma Haciyevski hara gedibsə uğur qazanıb. Makedoniyada işləyib çempionluğu bayram edib, Bolqarıstanda uğur qazanıb, milli komandaya rəhbərlik etdiyi dönəmdə yaxşı mənada yadda qalıb və nəhayət, Azərbaycana gəldi yenə uğur qazandı.
Həm də gəlin yaxın keçmişə baxaq görək, Azərbaycanda işləyən hansı türk məşqçisi uğur qazanıb? İstər Fuad Yaman olsun, istər Rasim Kara, istərsə də Naci Şensoy... Onların arasında Ən ideal baş məşqçi kimi Karanı saymaq olardı ki, o da burda çalışdığı ilk il “Xəzər-Ləkəran”ı çempion edə bilmədi, ardınca “Qarabağ”a getdi, orada guya köklü nəsə edəcəkdi, amma sonradan həmin komandanı atıb yenidən Lənkərana üz tutdu, oradan isə istefaya göndərildi.
- Sizcə, türk məşqçilərin Azərbaycanda uğur qazana bilməməsinin kökündə nələr durur?
- Burada ən böyük problem bizim futbol strukturunun düzgün qurulmamasıdır. Mən burada yerli mühitə uyğunlaşmamaq faktorunu əsas saymıram. Yenə deyirəm, hər şey düzgün strukturun qurulmasından asılıdır. İstənilən islahat futbolumuzun inkişafına xidmət etməlidir. Bilirsiniz, həmin türk məşqçilər də əlacsızlıqdan Azərbaycana gəlməyə razı olmuşdular. Çünki başqa sərfəli təklif olmayınca bura gəlməyi üstün tuturdular. Məncə, tanınan, titullu məşqçinin bura gəlməsi çətindir. Bu yerdə Berti Foqtsu mənə misal göstərə bilərsiniz ki, məşçi kimi Avropa çempionudur. Amma ilk növbədə qəbul edək ki, o artıq yaşlaşıb. Azərbaycana isə iddiasız futbol ölkəsi olduğu üçün gəlib. Bizdən əvvəl Şotlandiya və Nigeriya kimi iddialı ölkələrdə işlədi, amma uğur qazana bilmədi. Son anda Azərbaycandan gələn sərfəli təklif bu yaşında onun üçün göydəndüşmə oldu və dərhal qəbul etdi. Çünki bu yaşda onu artıq karyera yox, ilk növbədə qazanc maraqlandırır.
- Onu da AFFA gətirdi. Federasiya Azərbaycanda alman modeli tətbiq etmək istəyir...
- Bu modelin hazırkı vəziyyətdə Azərbaycan futboluna uğur qazandıracağına inanmıram. Alman modeli iki faktora söykənib. “Dəmir" nizam-intizam və güc futbolu. Bunun isə heç biri bizdə yoxdur. Nə nizam-intizamımız var, nə də güc futbolu oynaya bilirik. Belə olan halda alman modelinin hansı faydasını görə bilərik? Hamı bilir ki, biz azdan-çoxdan texnikalı oynamağı bacarırıq, güc futbolu isə bizdən, ümumiyyətlə, uzaqdır. Bu modeli tətbiq etmək olar. Amma bir şərtlə ki, bundan əvvəl peşəkarlaşmaq lazımdır. İstənilən modeli də futbolumuza peşəkar şəkildə gətirmək lazımdır. Bax, məhz qeyri-peşəkar tətbiqin nəticəsi idi ki, alman modeli “Neftçi” kimi komandanı pis vəziyyətə çaldı. Yəqin buna görə günahkarlar nə vaxtsa cavab verəcəklər. Türklər özləri də alman modelin seçmişdilər. Amma onlar Almaniyadan mütəxəssis gətirsələr də, onun yanında öz mütəxəssislərini yetişdirdilər. İş o cür qurulmalıdır. Yoxsa, hər gələn öz adamlarını başına toplamamalıdır. Məsələn, "İnter”i misal çəkək. İstər Xodukinin, istərsə də ondan əvvəl Konkovun vaxtında bu klubun az qala operatoru da ukraynalı idi. Aydın məsələdir ki, onlar çörəyi özününkülərə vermək istəyirdilər. Hansı ki, biz öz çörəyimizi bütövlüklə gəlmələrə veririk.
- Az öncə qeyd etdik ki, AFFA milli komandalarda alman modelinə üstünlük verir. Bəzi klublarımızda isə türk modelinə meyillilik hiss olunur. Şəxsən siz, bu iki model arasında hansını bizə daha əlverişli, daha yaxın sayırsınız?
- Dediyim kimi, alman modeli bizim futbola görə deyil. Türk modelinə gəlincə, fikrimcə, bu ifadə ümumiyyətlə, yerinə düşmür. Çünki türk modeli deyilən bir model mənim üçün qaranlıqdır, yəni bu adda bir model yoxdur. Buna türk futbol adamlarının, mütəxəssislərinin istəyindən doğan bir oyun tərzi demək olar.
Bilirsiniz, hər şeydən öncə biz gərək sıfır nöqtəsindən bir qədər yuxarı qalxaq, peşəkarlaşaq, sonra hansısa model seçiminə başlayaq. İndiki halda bu haqda fikirləşmək heç bir fayda gətirməyəcək. Həm də gərək klublarla federasiyanın işbirliyi ola. Sizin də dediyini kimi, əgər bu gün AFFA ilə klublar tamam fərqli modellər haqqında fikirləşirlərsə, deməli, arada böyük uçurum var və ortaq məxrəc yoxdur. Gərək, vahid sistem yaradaq, ilk növbədə, sağlam bünövrə qoyulmalıdır ki, gələcəkdə bunun faydasını da görək. Bunun bir səbəbi də odur ki, futbolumuza rəhbərlik edənlərin əksəriyyəti futboldan kənar insanlardır. Götürək legioner məsələsini. Azərbaycana nə qədər əcnəbi futbolçu gəlir. Görək hansı klub gətirdiyi futbolçunun transfer qiymətini ictimaiyyətə təqdim edir? Heç biri. Burda adi şəffaflıq yoxdur.
- Legioner limiti məsələsinə sizin mövqeyiniz necədir?   
- Bilirsiniz, iş peşəkar qurulmayandan sonra bu məsələ haqqında heç danışmağına dəyməz. Bizim futbolun problemi legioner limiti ilə bağlı deyil. Klublarımızın avrokuboklardakı çıxışını izlədiniz. İki klubumuz uğurlu nəticə qazandı. Bunlardan biri başdan-ayağa legionerlərdən, digəri isə azərbaycanlılardan təşkil olunmuşdu. Sanki Allah özü bununla bizim cavabımızı verdi. Yəni problem heç də limitin tətbiqi, yaxud onun tam ləğvindən asılı deyil. Peşəkar işləməyəndən sonra 11 azərbaycanlını və ya legioneri eyni komandaya toplasan da uğur qazana bilməyəcəksən. Bu arada çempionatın çoxpilləli sistemlə keçirilməsini də geriyə addım sayıram.
- Yəqin ki, “altılıq” sistemini nəzərdə tutursunuz?
- Bəli. İnkişaf etmiş futbol ölkələrindən heç biri bu modeldən istifadə etmir. Elə biz özümüz bir neçə dəfə bu sistemə müraciət etmişik və faydasını da görməmişik. Deyirlər ki, bu modeli tətbiq etməklə çempionat maraqlı olacaq. Məgər 10 komandanın iştirakı ilə 4 dövrəli çempionat keçirsək bu, maraqlı olmayacaqdı? Mənə elə gəlir növbəti mövsüm, uzaqbaşı ondan sonrakı mövsüm hazırkı sistem yenidən dəyişdiriləcək. Bax, bizi geri atan da belə şeylərdir. Gündə bir sistemə keçirik. Artıq bunlarla qurtarıb vahid sistemə keçmək lazımdır. Əks halda guya yeni bir sistem qəbul etməklə problemdən çıxış yolu araya-araya problem üstünə problem gətiririk. Sonda bir daha dönə-dönə deyirəm ki, nəhayət, federasiya və klublar peşəkar fəalliyətə keçməli və peşəkar işləməlidirlər. Məsələn, “Qarabağ” bu gün yaxşı sistem qurub və buna görə Qurban Qurbanovu alqışlamaq lazımdır. Bu gün “Qarabağ” ən böyük üstünlüyü orada mehriban, möhkəm kollektivin olmasıdır. Avrokuboklarda komanda bunun hesabına uğur qazandı…

 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq