"İndidən "Zalsburq" haqda düşünmək acı nəticə verər"

"İndidən "Zalsburq" haqda düşünmək acı nəticə verər"
MÜSAHİBƏ 18 İyul 2014 / 18:02 5434
-  A +

"Qarabağ" klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin Qol.Az saytına müsahibəsi

- Bügünkü püşkatmanın nəticəsinə görə, "Valletta" səddini keçəcəyiniz halda Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya çempionu "Zalsburq"la qarşılaşacaqsınız. "Qarabağ"ın yenə püşkatmada bəxtinin gətirmədiyini demək olar?
 
- İndidən növbəti rəqib haqda danışsaq, bunun acı nəticəsi ola bilər. İlk növbədə "Valletta" ilə cavab oyununu və mərhələni necə keçəcəyimizi düşünürük. Bilirdik ki, mərhələ adlasaq, rəqibimiz daha güclü olacaq. Qeyd etdiyim kimi, qarşımızda duran əsas məsələ "Valletta" ilə cavab oyunudur.

- "Valletta" ilə Maltadakı qarşılaşma haqda nə deyə bilərsən?
 
- "Valletta" bizim üçün yeni bir komanda idi. Ancaq hər halda onlar Malta çempionudur. İlk dəqiqələrdən oyuna sakit tempdə başladıq. Rəqibin hansı üslubda oynamasını öyrənirdik. Görüşdən əvvəl də bildirmişdim ki, səfərdə qol vurmaq bizim üçün çox önəmlidir. Şükürlər olsun ki, 1:0 hesablı qələbə qazandıq. "Valletta"nın qıraqdan necə göründüyünü bilmirəm. Amma biz onlarla oyunda çox çətinlik çəkdik.

- "Qarabağ" xeyli qol imkanlarını boşa verdi. Mərhələnin taleyini elə Maltada həll edə bilərdiniz.

- Bu, normaldır. Bəzən 7-8 real qol imkanın olur, ancaq heç birindən yararlana bilmirsən. Bəzən də cəmi bir epizodu qola çevirirsən. Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasında ilk oyunumuz idi. Uzun müddətdir ki, rəsmi oyunlara çıxmırdıq. Düzdü, bir neçə real imkanlarımız oldu ki, onları qola çevirməli idik. Almeyda penaltini dəqiq yerinə yetirsəydi, cavab matçına daha rahat çıxa bilərdik.
 
- Cavab görüşündə "Qarabağ"dan daha baxımlı oyun görə bilərik, yoxsa nəciyə oynamaq fikriniz var?

- Biz öz meydanımızda qələbə üçün oynayacağıq. Halbu ki, bizi heç-heçə də qane edir. Kimlərsə mərhələni keçdiyimizi düşünə bilər. Bu, bizim də arzumuzdur. Ancaq bunun üçün təmkinli və eyni zamanda məsuliyyətli olmalıyıq. "Valletta" təhlükəli rəqibdir. Həm də 1:0 çox böyük hesab deyil. Rəqib cavab matçına bizə bir qol vursa, hesab bərabərləşəcək. Buna görə də ilk oyunda olduğundan daha diqqətli olmalıyıq.

- Hələ oyundan əvvəl "Qarabağ" cütün favoriti hesab edilirdi. İlk qarşılaşmadan sonra bu fikirlərin təsdiqini tapdığını demək olar?

- Biz özümüz cütün favoriti hesab etmirik. Qarşıda 90 dəqiqəlik oyun var. Favorit olduğumuzu həmin 90 dəqiqədə göstərə bilərik. İlk oyunun nəticəsinə görə isə nəsə demək tezdir. Qeyd etdiyim kimi, cavab matçında daha yaxşı oynamalıyıq. Onu da nəzərə almaq lazımdır ki, rəqibimizin üç əsas futbolçusu zədə səbəbindən ilk görüşdə meydana çıxa bilmədi. Həmin oyunçular cavab matçında bizə çətin anlar yaşada bilər.
 
- Razısan ki, ilk oyunda "Qarabağ" potensialından aşağı səviyyədə çıxış etdi?
 
- Bəli, ilk oyunumuz olduğu üçün gücümüzü tam olaraq ortaya qoya bilmədik. Hava şəraiti də bizə mənfi təsir etdi. Malta Avstriyaya nisbətən çox isti idi.

- Oyunun sonlarına yaxın zədələndin. İndi durumun necədir?

- Qorxulu bir şey yoxdur. Məşqlərdə iştirak edirəm. Cavab matçında meydana çıxa bilərəm. 

- Dünən "Neftçi" - "Koper" oyununu stadiondan izləyirdin. "Neftçi"nin məğlubiyyəti haqda nə deyə bilərsən?

- "Koper" ilk hissədə iki qol vurduğu üçün müdafiəyə çəkilmişdi. "Neftçi"nin bütün hücumları isə nəticəsiz qaldı. Düzdü, 1:2 hesablı məğlubiyyət "Neftçi"ni çətin duruma saldı. Ancaq yenə də səfər oyununda "Koper"i məğlub edib, mərhələni keçə bilərlər.
 
Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu