Yaşar Seyidov: “Klublarımız iddialı olub nə ediblər?”
“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovun Qol.Az saytına müsahibəsi
- Artıq bir çox komadalarımız təlim-məşq toplanışına başlayıb. “Bakı” nə vaxt bir araya gələcək?
- Yeni mövsümə hazırlığımızı iyun ayının 25-nə nəzərdə tutmuşduq. Ancaq Premyer Liqamızda yeni mövsümə əvvəldən nəzərdən tutulduğundan bir qədər gec start veriləcəyi üçün yəqin ki, iyulun 1-də komanda bir araya gələcək.
- “Bakı”da maliyyə problemləri olduğu deyilirdi. Bildiyimizə görə, klub prezdienti Hafiz Məmmədov klubda toplantı keçirib. Yeni mövsüm üçün hansı məsələlər müzakirə olundu?
- “Bakı” klubu haqda yazılanların bir çoxu həqiqəti əks etdirmirdi. Dəfələrlə həmin yazılara öz münasibətimizi bildirmişik. Nəhayət, dünən klub prezidenti Hafiz Məmmədov bütün bu söz-söhbətlərə son qoydu. O qeyd etdi ki, “Bakı” yeni mövsümdə müqaviləsi olan bütün futbolçuları heyətində saxlayacaq və akademiyamızın yetişdirdiyi futbolçularla növbəti çempionatda da öz iddiasını saxlayacaq.
- Hazırlıq planı haqda qərar qəbul olunub?
- Dünən baş məşqçimiz Milinko Pantiçlə telofon əlaqəsi yaratdıq. O, sabah hazırlıq planı ilə bağlı öz təkliflərini bizə göndərəcək. Komanda iyunun 25-də tibbi müayinədən keçəcək. Hansı ölkədə hazırlıq keçəcəyimiz də sabah bilinəcək.
- Qeyd etdiniz ki, növbəti mövsümdə “Bakı” gənc futbolçulara üstünlük verəcək. Komandanın iddiası necə, əvvəlki kimi olacaq?
- Dəfələrlə qeyd etmişəm ki, niyə inkişaf etməkdə olan ölkələrin futbolundan örnək götürməməliyik? Özünüz görürsünüz, neçə illərdir ki, ölkəmizdə 15-20 nəfər çempionluğa oynaya biləcək futbolçu var. Digərləri isə onlarla qismən ayaqlaşır. Ancaq “Bakı” klubu öz strategiyasında dəyişiklik etmək fikrindədir. Belə ki, uzun illər bizim futbol akademiyamızda futbolun sirlərinə yiyələnən futbolçular var. Baş məşqçimizin tövsiyəsi ilə müqaviləsi davam edən futbolçularla yollarımızı davam etdirmək, eyni zamanda akademiyamızın 1996-97-ci il təvəllüdlü oyuçluları əsas komandaya cəlb etmək istəyirik. Baş məşqçimiz Milinko Pantiç də bizə bildirib ki, əgər gələcəyin komandasını qurmaq istəyirsinizsə, akademiyanın gənc futbolçularına şans vermək lazımdır. Klub prezidenti Hafiz müəllim də baş məşqçinin bu fikrini dəsrtəkləyir və bununla da növbəti mövsümdən gənc futbolçularla öz iddiamızı ortaya qoymağa çalışacağıq.
- Deməli, “Bakı”nın uğrurlu çıxışı 2-3 ildən sonraya hesablanıb?
- Dəfələrlə bildirmişəm ki, klublarımız iddialı olub nə ediblər? Ən böyük uğuru “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşməklə qazanıb. Təsəvvür edin ki, 20 il ərzində Avroliqada eyni səhvləri təkrar edə-edə gedirik. Müəyyən komandalarımız heyəti bir qədər gücləndirir, müəyyən transferlər edir, ancaq avrokuboklarda 1-2 mərhələdən artıq irəliləyə bilmir. Gəlin, tarixə nəzər salaq. Biz Avroliqada “Muro” klubu ilə qarşılaşmışdıq. Həmin vaxt böyük ümidlərlə bahalı transferlər etmişdik. Təsəvvür edin ki, “Bakı”nın iki futbolçusunun qiyməti qədər büdcəsi olan “Muro”ya uduzduq və mərhələni keçə bilmədik. Ona görə də bütün jurnalistlərə üzümü tutub demək istəyitəm ki, “Bakı”nın gənc futbolçulara üstünlük verməsini dəstəkləsinlər. Bu gün hamı deyir ki, Azərbaycanda futbol yoxdur. Futbol ona görə yoxdur ki yerli futbolçularımıza şans verilmir. Baş məşqçimiz Pantiç və klub prezidentimiz Hafiz müəllimin fikirləri ilə tam razıyam ki, akademiyamızın yetişdirdiyi futbolçulara dəyər vermək lazımdır. Təsəvvür edin, 7-8 ildir ki, akademiyamızda olan futbolçulara dərs keçirlər. Niyə də onlara şans verilməsin? Müqaviləsi olan futbolçular haqda mövqeyimiz budur ki, hansı klub onları komandasında görmək istəyirsə, “Bakı”ya təzminat ödəməklə transferi həyata keçirə bilər.
- “Bakı”nın müəyyən futbolçuları maliyyə probleminə görə komandadan ayrıla biləcəklərini istisna etmirdi. Onlar haqda mövqeyiniz necədir?
- Bu məsələlər komanda toplanandan sonra öz həllini tapacaq. “Bakı” əvvəlki kimi öz iddiasını davam etdirəcək. Buna görə də klub prezidentinə təşəkkürümü bildirirəm ki, komandaya ən çətin anlarında dəstək oldu. Düşünürəm ki, “Bakı” klubunun strategiyasının xeyrini Azərbaycan futbolu görəcək.
- Belə məlum olur ki, yeni transferlər olmayacaq?
- “Bakı” klubunun bütün xətlər üzrə yetişdirdiyi futbolçuları var. Baş məşqçimiz həmin futbolçularla Premyer Liqamızda oynamaqda israrlıdır. Biz də onu dəstəkləyirik.
Ramiq AĞAMƏMMƏDOV