Mircavadov: "Qarabağ" çoxdan çempion olmalı idi"
"İnter" üzərində qələbə qazanaraq (4:1) çempionluğunu rəsmiləşdirən "Qarabağ" 21 ildən sonra yenidən qızıl medallara sahib oldu. Belə ki, Ağdam təmsilçisi ilk çempionluğunu 1993-cü ildə, komandaya Ağasəlim Mircavadov rəhbərlik etdiyi dövrdə əldə etmişdi.
Qol.Az saytına müsahibəsində Azərbacanın əməkdar məşqçisi sabiq komandasının çempionluğunu dəyərləndirib, "Qarabağ" və digər klublarımızın avrokuboklardakı şansından danışıb.
- "Qarabağ"ın çempionluğunu necə qiymətləndirirsiniz?
- "Qarabağ" layiqli çempion oldu. Komanda demək olar ki, mövsüm ərzində stabil çıxış etdi. Hər klubun öz strategiyası olmalıdır. "Qarabağ" da bu mövsüm qarşısına çempionluq məqsədi qoymuşdu. Hiss olunurdu ki, hamıdan çox onlarda çempionluq istəyi var. Komandanın bu vəziyyətə gəlməyində məşqçi korpusunu böyük əməyi oldu. "Qarabağ"da yerli və əcnəbi futbolçular yaxşı vəhdət təşkil etdi. Bütün futbolçularda liderlik keyfiyyətləri hiss olunurdu. Bunların sayəsində "Qarabağ" çempion oldu. Həmçinin klub rəhbərliyinin işini alqışlamaq lazımdır ki, Qurban Qurbanova altı il şans verdilər və nəhayət bunun bəhrəsini gördülər. Hələ 6-7 həftə bundan qabaq bildirmişdim ki, "Qarabağ" çempion olacaq. Bunu onların oyunlarından hiss etmək olardı. Onu da deyim ki, "Qarabağ" çoxdan çempion olmalı idi. Əvvəlki illəri nəzərdə tuturam.
- İndiyə qədər "Qarabağ"a yeganə çempionluğu siz yaşatmışdınız...
- Bəli, biz 1993-cü ildə də çempionluğumuzu Ağdamda qeyd edə bilmədik. O vaxt futbolçuların həyatı çox ağır idi. Ağdamda döyüşlər gedə-gedə komandamız orda oynayırdı. Ağdam işğal olunduqdan sonra isə Mingəçevirə, hətta Səlyana da üz tutduq. O dövrdə maliyyə cəhətdən çox əziyyət çəkirdik. Ancaq biz pul yox, komanda haqda düşünürdük. "Qarabağ"da komanda ruhu çox yüksək idi. Heyətdə bir neçə ağdamlı futbolçu var idi. Sıx bir ailə idik.
- Sizcə, "Qarabağ"ın növbəti çempionluğu çox gec olmadı?
- Biz çempion olan dövrdə "Qarabağ" güclü idi. Əgər müharibə olmasaydı, o komanda ilə çox şeyə nail olardıq. Təəssüf ki, alınmadı. Ancaq 3 il bundan qabaq da "Qarabağ" çempion olmalı idi. Həmin il Qurban Qurbanovun sərəncamında çox istedadlı yerli futbolçular var idi. O komandanın oyunu tam başqa idi. Futbolçuların gözündə həddindən artıq istək hiss olunurdu. Yenə də sağolsunlar ki, bu mövsüm çempion oldular. Qarabağ camaatına böyük hədiyyə etdilər. Hazırda hər bir azarkeş "Qarabağ"ın Avropada da uğuruna inanır.
- Avropadan söz düşmüşkən, "Qarabağ" ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Komandamızdan bu çətin turnirdə nə gözləmək olar?
- Çempionlar Liqasında "Qarabağ"dan çox şey gözləyirəm. Çünki ilk növbədə futbolçularda böyük istək var. Güclü kollektivə malikdirlər. Anca nəzərə almaq lazımdır ki, "Qarabağ" Azərbaycan səviyyəsində güclüdür. İndi onlara yaxşı futbolçular lazımdır. Bu transferlərə hələ qışda hazır olmaq lazım idi. Azərbaycan klublarına xas olan bir əlamət var ki, çempionatdan sonra futbolçu axtarırlar. İki-üç mövqeyə oyunçu alınmalıdır. İldən-ilə komanda gücünü artırmalıdır. Çempionlar Liqasında asan oyun olmur. "Qarabağ"ın ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulması yaxşı fürsətdir.
- Avroliqada mübarizə aparacaq digər komandalarımız haqda nə deyə bilərsiniz?
- Hər üç komandaya yeni futbolçular lazımdır. "İnter"in oyunu digər komandalarımızdan tam fərqlidir. Buna uyğun transfer olunmalıdır. "Qəbələ"yə də inanıram. Çünki güclü legionerləri var. Bununla yanaşı komanda səviyyəsində güclü olmaq lazımdır. Düzdü, Syomin çalışır ki, düzgün bir oyun sistemi qursun. Ancaq hələ ki, "Qəbələ"də komanda oyunu yoxdur. "Neftçi"yə isə xeyli yeni oyunçu lazımdır. Bu üç komanda Avroliqada mübarizəyə tez qoşulacaq. Klublarımızın hazırlıq səviyyəsindən çox şey asılıdır. Bir qədər vaxt çatışmazlığı var.
Ramiq AĞAMƏMMƏDOV