"Bir milyon qaçqınımızı, işğal altındakı torpaqlarımızı təmsil edirik"

"Bir milyon qaçqınımızı, işğal altındakı torpaqlarımızı təmsil edirik"
MÜSAHİBƏ 8 May 2014 / 19:00 4547
-  A +

"Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl komandasının "İnter" üzərində qələbə qazanaraq (4:1) çempionluğunu rəsmiləşdirdiyi oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.

- "Qarabağ" 21 ildən sonra yenidən çempionluq titulunu qazandı. Bu münasibətlə sizi təbrik edirik və təəssüratlarınızı bilmək istəyirik.

- Təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Çünki ilk dəfədir "Qarabağ"la çempionluq  yaşayıram. Çox xoşbəxtik. Bunları bizə nəsib edənlərə - başda Qurban müəllim olmaqla bütün futbolçularımza, "Qarabağ" camiəsinə, "İmarət" fan-klubuna və bizi sevən hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinin əməyini xüsusi qiymətləndirmək istərdim. Çempionluğumuzun memarı Qurban müəllimdirsə,  bu uğurda vitse-prezidentimiz Tahir Gözəlin də rolu böyükdür. O, çempionluğa hamıdan çox inanırdı.

- "Qarabağ" daha tez çempionluğunu rəsmiləşdirə bilərdi. Sizcə, komanda bir qədər  gecikmədi?

- Şəxsi fikrim budur ki, bir az gecikdik. Amma şükürlər olsun ki, layiqli qələbə ilə istəyimizə çatdıq.

- Artıq hamı "Qarabağ"dan Çempionlar Liqasında böyük uğur gözləyir...

- Bizim komandirimiz Qurban Qurbanovdur.  Necə addım atmağımızı istəsə, onu edəcəyik. Hər zaman onun arxasındayıq. Qurban müəllimin bütün istəkləri nəzərə alınacaq. İndiyədək "Qarabağ" adını Avropada layiqincə təmsil etmişik. Bu dəfə isə bunu Çempionlar Liqasında etməliyik. Çünki biz "Qarabağ"ıq. Bir milyon qaçqınımızı, işğal altındakı torpaqlarımızı təmsil edirik. Bu, futbolçulara böyük motivasiya olmalıdır.

- Çempionluğu hansı şəkildə bayram etmək fikriniz var?

- Bilrisiniz ki, çempionatın başa çatmasına iki tur qalıb. Bu oyunlardan da üzüağ çıxmaq istəyirik. Mayın 17-ə qədər fikirləşməyə vaxtımız var. Həmin gün ən layiqli və düzgün şəkildə çempionluğumuzu bayram edəcəyik.

- Təmsil etdiyi Ağdam rayonunda "Qarabağ"ın on minlərlə azarkeşi var. Mümkündürmü kubok Quzanlıya aparılsın və sevincinizi ordakı insanlarla bölüşəsiniz?

- Mütləq biz bunu həyata keçirəcəyik. Ancaq nə vaxt, hansı şəkildə olacağını indidən deyə bilmərəm. Əsas odur ki, biz bu fikirdəyik. İlk növbədə kuboka qovuşmalıyıq. Mütləq onu Quzanlıya aparılacaq. Çünki bu kubok Ağdama aiddir.

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu