Əfran İsmayılov: "Rəşad Sadiqovun yoxluğu "Neftçi" üçün ciddi itkidir"

Əfran İsmayılov: "Rəşad Sadiqovun yoxluğu "Neftçi" üçün ciddi itkidir"
ÖLKƏ FUTBOLU 1 Aprel 2013 / 17:00 3199
-  A +

“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi

- Dünən Topaz Premyer Liqada çox uzun fasilədən sonra “Qəbələ”yə qalib gəldiniz. Bu nə dərəcədə asan oldu?

- Oyuna maksimum nəticə üçün çıxmışdıq. Çünki, əvvəlki çempionat oyununda elə öz meydanımızda uduzmuşduq. Onun əvəzini çıxmaq istəyirdik. Bu mövsüm “Qəbələ” ilə dörd oyun keçirmişdik. Birində uduzub, üçündə heç-heçə etmişdik. Bütün oyunlar ağır keçib. Bu oyun da asan olmadı. Şükürlər olsun ki, istədiyimiz nəticəni qazandıq.

- “Qarabağ” oyuna tam fərqli bir heyətlə çıxmışdı. Start heyətdə yeddi legioner gördük. Onlar yerli futbolçuları layiqincə əvəz edə bildi?

- Nəticyə baxanda demək olar ki, bu heyət özünü doğrultdu. Əgər oyunda qalib gəliriksə, deməli futbolçular heç də meydanda olmayan oyunçulardan geri qalmayıb.

- Yeni transferlərin oyunu necə təsir bağışladı?

- Qışda etdiyimiz transferlərin çoxu start heyətdə meydana çıxmışdı. Sağolsunlar əllərindən gələni etdilər. Bir vaxtlar bu transferlərlə bağlı çox tənqidlər oldu. Ancaq onlar da getdikcə öz formalarını bərpa edir. Reynaldo zədəsi ilə bağlı bir qədər ehtiyatlı oynadı. Ümumi götürəndə müdafiəyəmeyilli oynadı, pis təsir bağışlamadı. İnanıram ki, zədəsini tam sağaldandan sonra komandaya daha yaxşı kömək edəcək.

- Start heyətdə yer almamağının səbəbi nə idi? Son vaxtlar yaxşı formada olmadığına görə deyil ki?

- Məndə yorğunluq var idi. Milli komandamızın oyunlarında hər iki oyununda doxsan dəqiqə meydanda oldum. Lüksemburqla oyunda meydançanın pis vəziyyətdə olması bizi daha çox yordu. Portuqaliya ilə oyun da, çətin keçdi. Tez-tez müdafiəyə çəkilməyimiz fiziki enerji itirməyimizə gətirib çıxartdı. Buna görə də, belə məsləhət oldu ki, “Qəbələ” ilə oyunda istirahət edib, enerjimi bərpa edim. İndi isə  yaxşı formadayam, növbəti oyuna tam hazıram.

- Son vaxtlar “Qarabağ” qol vurduqdan sonra hücuma atılmır, müdafiədən oynayır. Əvvəllər fərqli “Qarabağ” görürdük.

- Mən deməzdim müdafiəyə çəkilirik. Ola bilər ki, Son oyunlar rəqiblər bizi buna məcbur edir. Ancaq “Qəbələ” ilə oyunda birinci qoldan sonra bir neçə qol vəziyyətləri yaratdıq. Hətta hesab daha böyük ola bilərdi.

-  Topaz Premyer Liqada növbəti oyununuz “Neftçi”ylədir. Rəqibinizdə bir sıra itkilər olacaq. Bu, qələbə şanslarınızı artıra bilər?

- Bizi çox maraqlı oyun gözləyir. Həmişə bu komandalar arasında oyun baxımlı olub. İnanıram ki, bu dəfə də azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. Hər iki komandaya üç xal çox vacibdir. Bizi ağır oyun gözləyir. Hamı “Neftçi”nin gücünə bələddir. İki ildir çempion olan komandadır. Stabil heyətləri var. Buna baxmayaraq bizim də hədəfimiz çempionluqdur. Çempion olmaq istəyən komandanı isə yalnız qələbə düşündürür. Rəqibin itkilərinə gəldikdə isə, nəinki “Neftçi”də, “altılığ”a düşən heç bir komandada ciddi itki olmamalıdır. Cəzalı və ya zədəli futbolçunun yerinə çıxan oyunçu onun yoxluğunu hiss etdirməməyə çalşır, əsas heyət oyunçusuna çevrilmək istəyir. Rəşad Sadiqovun yoxluğu isə “Neftçi” üçün ciddi itkidir. Çünki Rəşad komandası üçün çox şey edir. Azərbaycanda orta xətdə oynyan 2-3 yaxşı furboçu varsa, biri Rəşad Sadiqovdur. Amma “Neftçi”  Rəşadın yoxluğunu hiss etdirməməyə çalışacaq. Onlar bunu bir neçə dəfə bacarıb. Biz də yerimizdə oturmayacağıq. Qələbə üçün əlimizdən gələni edəcəyik.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi