"Qarabağ"ın futbolçularını yox, öz oyunumuzu fikirləşirik"

"Qarabağ"ın futbolçularını yox, öz oyunumuzu fikirləşirik"
ÖLKƏ FUTBOLU 30 Mart 2013 / 00:04 2394
-  A +

“Qəbələ” klubunun qapıçısı Anar Nəzirovun Qol.Az saytına müsahibəsi

- Milli komandaların oyunları zamanı yaranan fasilədən komandanız necə istifadə etdi? Son oyunlarda "Qəbələ"də boşluqlar hiss olunurdu. Bu boşluqları doldura biləcəlsiniz?

- Komandamız yaxşı hazırlıq prosesi keçib. Fasilə ərəfəsində fiziki məşqlər etmişik. Mən də daxil olmaqla bir neçə futbolçumuz milli komandalarda olsa da, digər futbolçularımız çatışmazlıqlar üzərində işləyib. Biz də milli komandada məşqlərimizi davam etdirmişik. Artıq bütün futbolçular bir araya gəlib.

- Milli komandamızın üzvü kimi yığmamızın keçirdiyi oyunlar barədə fikirlərini bilmək istərdik.

- Portuqaliya ilə oyundan başalayaq. Bu oyunda 10 nəfərlə qalmasaq, yaxşı nəticə qazanardıq. Çünki biz Portuqaliyaya qarşı ancaq əks-hücumdan oynayırdıq. Başqa yolu da yox idi. Rəqib dünya reytinqində yeddinci yerdədir. Oyunçuları dünyanın ən yaxşı komandalarında oynayırlar. Hakim Rauf Əliyevə heç nədən iki sarı vərəqə göstərib meydandan qovdu. Bundan sonra komandamızın işi lap çətinləşdi. Çünki Rauf irəlidə tək oynayırdı. Portuqaliyanın müdafiəçilərinə təzyiq edirdi. Lüksemburqla oyunda isə birinci hissədə çoxlu qol imkanlarımız oldu. Birindən istifadə etsəydik, sonradan yenə qol vurardıq. Rəib 0:0 hesabına sevinirdi.

- Topaz Premyer Liqanın 24-cü turunda “Qarabağ”la qarşılaşacaqsınız. Həmişə bu komandaya qarşı oyununuz çətin olub. Bu dəfə isə “Qarabağ”da vəziyyət yaxşı deyil. Oyundan nə gözləyirsən?

- “Qarabağ” sabit komandadır. Onlarda kimin oynamamasının fərqi yoxdur. Həmin oyunçunu sığortalaya bilirlər. Biz də oyuna yaxşı hazırlaşmışıq. Məqsədimiz üç xal qazanmaqdır.

- Adətən, mill komandanın oyunundan sonra “Qarabağ” zəif təsir bağışlayır. Oyunçularda yorğunluq olur. Üstəlik, Vüqar Nadirov və Vaqif Cavadov kimi əsas heyət oyunçusu məlum səbəblərdən oynamayacaq. Bu baxımdan şansınızın çox olduğunu düşünürsən?

-  Biz “Qarabağ”ın futbolçularını yox, öz oyunumuzu fikirləşirik. “Qəbələ” elə komandadır ki, kollektiv oyunu alınsa, Azərbaycanda hər bir komandadan üstün ola bilər.

- “Qarabağ”da Vüqar Nadirov və Vaqif Cavadovun yoxluğunda yəqin ki, Emeko Opara meydana çıxacaq. Bu hücumçu haqda nə deyə bilərsən? Sizin üçün təhlükəli ola bilər?

- Oparanı “Xəzər Lənkəran”dan tanıyırıq. İndi nə dərəcədə hazır olduğunu bilmirik. Amma bizim üçün fərqi yoxdur. İstər Vüqar oynasın, istər Opara, hər bir futbolçuya qarşı eyni məsuliyyətlə yanaşırıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər