Vaqif Cavadov: "Ronaldonun oynayıb-oynamayacağı bizi maraqlandırmır"

Vaqif Cavadov: "Ronaldonun oynayıb-oynamayacağı bizi maraqlandırmır"
ÖLKƏ FUTBOLU 25 Mart 2013 / 00:21 3047
-  A +

Milli komandamızın və “Qarabağ” klubunun üzvü Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi

-Lüksemburqla oyununuzdan razı qaldınız?

- Razı qala bilmərik. Çünki bəzi amillərə görə istənilən oyunu sərgiləyə bilmədik. Birinci səbəb meydançanın pis vəziyyətdə olması idi. Oyunumuza çox təsir etdi. Ancaq maksimum olmasa da, komandamız mübarizə apardı. Rəqib də əvvəlkindən güclü idi. Məncə, bir xalla da dönmək pis nəticə deyil.

- Belə çıxır ki, qalib gələ bilmədiyinizə təəssüflənmədiniz?

- Əlbəttə ki, üç xal üçün meydana çıxmışdıq. Bütün futbolçularımız qələbə haqqında düşünürdü. İnşallah üç xalı Bakıdakı oyunda götürəcəyik. Qrupun autsayderinə qarşı oyun çox vaxt gözlənilməz nəticə ilə bitir. Lüksemburq bizdən əvvəlki oyularda da bunu göstərmişdi.

- Demək istəyirsən oyuna yaxşı köklənməmişdiniz?

- Yaxşı köklənmişdik. Sadəcə, rəqibimiz də yerində saymır. Oyunlarında inkişaf var. Bizi də yaxşı analiz etmişdilər.

- Futbolçular bir-birini yaxşı başa düşmürdülər. Ötürmələrdə səhvlərə yol verilirdi. Bunun səbəbi yeni sistemlə oynamağınız ola bilər?

- Düzdür, hardasa çatışmazlıqlar var idi. Bu da meydanın vəziyyəti ilə əlaqədar idi. Səbəbi ancaq meydançada görmək istəmirəm. Səhvləri özümüzdə axtarmalıyıq. Yeni sistemə gəldikdə isə, bu baş məşqçinin tapşırığıdır. Bzim də işimiz buna əməl etməkdir.

- İkinci hissədə komandamızda yorğunluq hiss olunurdu.

- Ola bilsin yorğunluq hiss olunub. Ancaq sona qədər əlimizdən gələni edirdik ki, qol vuraq. İkinci hissədə rəqibdən pis təsir bağışlamadıq. Lüksemburq yığması bir xalla razılaşmışdı və oyunu ləngidirdi.

- Portuqaliya ilə oyun haqda nə düşünürsən?

- Çox çətin oyun olacaq. Ciddi hazırlaşırıq. Çalışacağıq ki, öz meydanımızda baxımlı oyun göstərək.

- Ronaldonun oynamaması sizin üçün əhəmiyyət daşıyır?

- Əlbəttə. Belə bir lider oyunçunun, kapitanın oynamaması onların oyununa təsir edəcək. Ancaq bizə bunun təsiri yoxdur. Əsas odur ki, həmin oyunda futbolçularımız hazır olsunlar, yaxşı çıxış etsinlər. Biz ancaq öz oyunumuzu düşünürük. Başqa komandada kimin oynayıb-oynamayacağı bizi maraqlandırmır.

- Lüksemburqa qalib gələ bilməyən komanda Portuqaliyadan xal ala bilər?

- Kim deyərdi ki, Finlandiya İspaniyadan xal alacaq? Lüsemburqla bu oyunu müqayisə etmək lazım deyil. Öz meydanımızda güclü komandalardan xal almışıq. Futbolda komandalar arasında elə də çox fərq qalmayıb. Hər bir rəqibdən xal almaq olar.

- Demək istəyirəm Lüksemburqdakı kimi oynasanız çətin olacaq.

- Düzdür. Fərqli oyun nümayiş etdirməliyik. Lüksemburqda istədiyimiz oyun alınmadı. Daha da istəkli olmalıyıq ki, bu dəfə azakeşləri sevindirək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər