Qurban Qurbanov: "Qarabağ" niyə "Neftçi"nin kölgəsində qalmalıdır?"

Qurban Qurbanov: "Qarabağ" niyə "Neftçi"nin kölgəsində qalmalıdır?"
MÜSAHİBƏ 12 Dekabr 2012 / 17:36 4026
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov geniş müsahibəsində klub azarkeşləri və futbol ictimaiyyəti üçün kifayət qədər maraq doğuracaq açıqlamalar verib.

- XVI turdan sonra zirvədə qərarlaşmısınız. Bu pilləni əldə saxlamaq çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. Bu zirvəyə yüksəlməyin özü də çətinliklə baş verdi. Ümumiyyətlə, çempionatdakı gərginlik turdan-tura artır ki, bu da bizim işimizi də çətinləşdirir.

- Artıq neçənci mövsümdür ki, "Qarabağ" bir ara çətin mərhələyə düşür, hətta bir çoxu köklü islahatdan, yeni qandan danışır, lakin komanda tədricən toparlanıb liderlər qrupuna qayıdır. Bu mövsüm də bir neçə tur çox uğursuz çıxış etsəniz də, hazırda zirvədəsiniz. Maraqlıdır, uğursuz dönəmlərdə hansısa xüsusi tədbir planı həyata keçirirdiniz, yoxsa heç nəyi dəyişmədən yolunuza davam edirdiniz?

- Biz həmişə gəzən söz-söhbətə öz oyunumuzla cavab vermişik. Uğursuz periodun olması da normaldır. Hər bir komandanın başına bu cür hallar gəlir. Həmin ərəfələrdə zədəli futbolçularımızın çoxluğu da öz təsirini göstərdi. Ancaq sonradan toparlanaraq, vəziyyətdən çıxa bildik.

- Komadanın qış hazırlıq planı bəlli olubmu?

- Bəli, yanvarın 10-dan fevralın 3-ə kimi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacağıq.

- Həmin ərəfədə heyətə neçə futbolçu cəlb etməyi düşünürsünüz?

- Bunu hələ tam dəqiqləşdirməmişik. Futbolçular var ki, onlarla danışıqlar gedir, baxaq görək, necə alınacaq.

- Ümumiyyətlə, minimum neçə futbolçu ilə güclənməyə ehtiyac görürsünüz?

- Çalışacağıq ki, bizim istəyimizə, tələbimizə uyğun futbolçuları heyətimizə qataq. Nəzərdə tutduğumuz futbolçular var ki, əgər razılığa gələ bilsək, komandamıza götürəcəyik.

- Gəlin, konkret danışaq. Çünki "olsa, olarsa" bunlar real söhbət deyil. Bəlkə istədiyiniz futbolçu ilə razılığıa gələ bilmədiniz? Onda belə çıxır ki, Antalyadan əliboş qayıdacaqsınız? Hər halda alternativ variantınız da olmalıdır axı...

- Biz tələsmək istəmirik. Hazırda danışıq apardığımız futbolçular var, gözaltı etdiklərimiz də. Çalışacağıq ki, onları heyətimizə qataq. Hər halda əliboş qayıtmarıq.

- Bir neçə il bundan qabaq Azərbaycanda hamı "Qarabağ"dan danışırdı. Lakin son dövrlər "Neftçi" ön plana çıxıb. Bu komandanın kölgəsində qalmaq sizi qıcıqlandırmır ki?

- Öncə o fikirlə razılaşmıram ki, "Qarabağ" "Neftçi"nin kölgəsində qalıb. "Qarabağ" niyə "Neftçi"nin kölgəsində qalmalıdır?

- Yəni o mənada dedim ki, Avropa Liqasının qrupundan düşəndən sonra "Neftçi" ön plana çıxıb. İçininizdə yaxşı mənada paxıllıq, motivasiya yoxdur ki, gələn il biz daha böyük uğurlar qazanaq və yenə Azərbaycanda hamı "Qarabağ"dan danışsın?

- Birincisi, unutmaq lazım deyil ki, "Qarabağ" iki il ard-arda Avropa Liqasında pley-off oynayıb. İlk olaraq bu cığırı məhz biz açqıd. İkincisi, pley-off sənin bəxtinə düşən rəqibdən də çox şey aslıdır. Bizim bəxtimizə düşən rəqiblər də güclü idi. Təkcə "Borussiya" Dortmundun adı kifayət edir. Bəlkə də həmin vaxt bizə başqa rəqib düşsə idi, biz də qrup mərhələsinə vəsiqə qazana bilərdik. Üçüncüsü, qrupa düşməyin ən asan yolu ölkə çempionluğunu qazanmaqdan keçir. Odur ki, bu il ilk növbədə ölkə çempionu olmaq istəyirik. Daha sonra beynəlxalq oyunlarda bu uğurun davamını gətirməliyik. O ki qaldı paxıllıq, motivasiya söhbətinə, az öncə dediyim kimi, biz ən azı pley-off sevinci yaşamışıq. Odur ki, bu dəqiqə bizdən çox bu sevinci yaşamayan digər klublarımızda bu motiasiya olmalıdır.

- Son zamanlar "Neftçi" düşərgəsindən həddindən artıq iddialı açıqlamalar gəlir ki, bunu siz də daxil olmaqla, digər klubların ünvanına atılan "daş" da hesab etmək olar. Məsələn, "Neftçi" tərəfi iddia edir ki, onların qazandığı bu uğuru yaxın 4-5 ildə heç bir Aərbaycan klubu etməyəcək...

- Açığı, mən bu fikirləri ciddi qəbul eləmirəm. Özüm də oxumuşam ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov da belə fikir səsləndirib, amma mən buna inanmıram. Yəni Sadıq müəllimin digər klubların ünvanına bu cür söz deyəcəyinə inanmıram. Görünür müsahibə götürənlə anlaşılmazlıq olub.

- Ancaq bu komandanın makedoniyalı müdafiəçisi İqor Mitreski konkret olaraq, bu fikri səsləndirib...

- Gəlin, burda ayrı-ayrı futbolçuların fikirlərinə şərh verməyək. "Neftçi" böyük uğur qazandı, onları təbrik edirəm. Amma bu, futboldur. Ola bilsin gələn il biz Çempionlar Liqasının qrupuna düşdük.

- Yenidən qayıdaq "Qarabağ"a. Emin Mustafayevi oynatmayacaqdınızsa, niyə yenidən komandaya qaytarırdınız?

- Emin yaxşı futbolçudur, gəncdir. Sadəcə, bu gün "Qarabağ"ın heyəti də güclüdür, burada böyük rəqabət var. Mən Emini "Bakı" ilə çempionat oyununda meydançaya buraxdım və pis təsir də bağışlamadı. Sadəcə, rəqabət böyük olduğundan və komanda da çempionluğu hədəflədiyindən, hər oyunda gənc futbolçulara şans vermək olmur.

- O zaman icarəyə verin, getsin başqa komandada oynasın. Axı bu gedişlə o itib-batacaq...

- Problem yoxdur. Əgər Emini heyətində görmək istəyən hər hansı bir klub bizə müraciət etsə, onu icarə əsasında həmin kluba verməyə hazırıq.

- Bir sual da verim, amma səmimi cavab verin. Emin İmaməliyevlə Bəxtiyar Soltanovu "Kəpəz"ə icarəyə verirsiniz, amma qarşıya da şərt qoyursunuz ki, sizinlə matçlarda oynamayacaqlar. Bu nə dərəcədə düzgün addımdır? Əgər onlar bu qədər güclüdürsə, niyə komandada saxlamadınız? Yox, əgər zəifdilərsə, o zaman niyə sizə qarşı oynamalarına sədd qoyursunuz?

- Biz ilk növbədə hər iki futbolçunun futbol oynamasını istəyirdik. Buna görə də, onları "Kəpəz"ə icarəyə verdik. Özü də bunun qarşılığında heç bir təmənna ummadıq. Sadəcə Mahmud Qurbanov dostumuzdur, yeni məşqçiliyə başlayıb və düşündük ki, biz də ona dəstək olaq. Eminlə Bəxtiyar da o məqsədlə Gəncəyə göndərildi. O ki qaldı şərtə, bu, artıq iki klub rəhbərliyi arasında qəbul olunan razılıq idi. Belə götürəndə, kubok matçında Bəxtiyar bizə qarşı oynamışdı.

Anar XANLAROV, 
sportinfo.az
 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki