"Asteras"ın baş məşqçisi: "İnter" Yunanıstana qələbə dalınca gəlir"
Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında Bakının "İnter" klubunu qəbul edəcək Yunanıstanın «Asteras» klubunun baş məşqçisi Sakis Çiolis Yunanıstan mətbuatına müsahibə verib.
- İlk oyunda qazanılan nəticəni uğurlu hesab etmək olar?
- Oyun gözlədiyimiz kimi çətin keçdi. "İnter"in oyununu izləmişdik və bilirdik ki, güclü komandadır. Bunun əyani sübutunu Bakıda gördük. lakin biz çox nizam-intizamlı oynamaqla, rəqibin böyük üstünlük saxlamasına imkan vermədik.
- Bu düzdür ki, bir ay müddətində sırf "İnter"lə oyuna hazırlaşırdınız?
- Deməzdim ki, məhz "İnter"lə oyunu nəzərdə tutub hazırlıq keçmişdik. Çünki bu komandanın bizə rəqib olacağını bilmirdik. Ancaq bilirdik ki, mübarizəyə II mərhələdən qoşulacağıq və 1 ay əvvəlldən rəqibin kimliyindən aslı olmayaraq, ciddi səylə hazırlıq keçmişdik.
- Komandanızın Bakıdakı oyunundan razı qaldınız?
- Yaxşı oynadıq, pis oynamadıq. Əsas odur ki, qol buraxdıqdan sonra ruhdan düşmədik və rəqibin cavabını erkən verdik.
- Bu oyun avrokuboklarda debüt oyununuz idi?
- Bəli, "İnter"lə qarşılaşma "Asteras"ın 81 illik tarixi ərzində xüsusi yer tutdu. Çünki komanda tarixi ərzində ilk dəfə avrokuboklarda debüt elədi.
- Cavab oyunu haqqında nə deyə bilərsiniz?
- Mən deyərdim ki, cavab qarşılaşması ilk oyundan da çətin keçəcək. "İnter" çox yaxşı komandadır və bizi daha ağır 90 dəqiqə gözləyir. Həm də ilk oyun 1:1 başa çatdığından rəqibə mütləq qol vurmaq lazımdır. Necə deyərlər, "İnter" Yunanıstana qələbə dalınca gəlir.