Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 22 iyul – Milli Mətbuatın 137-ci ildönümü ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- AFFA ilə media arasındakı münasibətlərin hazırkı durumunu necə dəyərləndirirsiniz?
- AFFA-nın əsas vəzifələrindən biri ölkədə futbolun inkişafının mətbuatda işıqlandırılmasıdır. Bunun üçün bu gün lazımi tədbirlər görülür, ölkənin aparıcı KİV-ləri ilə sıx əməkdaşlıq qurulub. Bundan başqa, assosiasiyanın rəsmi saytında ölkə futboluna, AFFA-nın fəaliyyətinə aid olan operativ məlumatlar yerləşdirilir. Saytımızdakı yeniliklərdən biri də AFFA-nın video portalının yaradılmasıdır. Portalda AFFA-nın keçirdiyi bütün tədbirlər, federasiya rəsmilərinin keçirdiyi görüşlərdən süjet hazırlanır, Azərbaycana gələn rəsmi şəxslərin müsahibələri yayımlanır, bütün yaş qruplarına aid olan milli komandaları rəsmi və yoldaşlıq oyunlarından reportajlar hazırlanır. Bu isə internet məkanında Azərbaycan futbolunun təbliği yönündəki önəmli addımlardan biridir. AFFA-nın mühüm layihələrindən biri də portalda oyunların canlı yayımını təşkil etməkdir. Artıq bu iş iki ildir ki, görülür. Bu, çox mühüm addımdır. Milli komanda və aşağı yaş qruplarının yoldaşlıq görüşlərinin televiziya vasitəsiylə yayımında bəzən problemlər yaranır. Ancaq AFFA portalı tərəfindən bu oyunların internet vasitəsilə yayımı təşkil edilir. UEFA tərəfindən AFFA-nın media departamentinin gördüyü işlər yüksək qiymətləndirilib. 2008-ci ildə UEFA-nın mətbuatla bağlı seminarı Bakı şəhərində keçirilib. İki dəfə xarici ölkədə keçirilən seminarda AFFA-nın saytının fəailiyyəti orada iştirak edən media departamentinin rəhbərlərinə nümunə kimi göstərilib. FİFA-nın təşkilatçılığı ilə keçirilən seminarda da AFFA-nın media sahəsində gördüşü işlər yüksək qiymətləndirilib. Bütün bunların nəticəsidir ki, UEFA AFFA-nın portalının daha yaxşı çalışması üçün federasiyaya yüz min avro məbləğində qrant ayırıb.
- AFFA-nın rəsmi saytında bundan sonra nə kimi yeniliklər gözlənilir?
- Bir sıra yeni lahiyələr nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, ötən ilin dekabrında UEFA-dan göndərilən və müxtəlif ölkələri təmsil edən mütəxəssislər AFFA-da olarkən qurumun saytı, o cümlədən video portalla bağlı hesabat hazırladılar. Hesabatda AFFA-nın bu istiqamətdəki işləri yüksək qiymətləndirildi. Yaxın zamanda mobil telefon şəbəkəsində də saytda və portaldakı materialları rahat şəkildə izləmək mümkün olacaq. Bundan başqa, sms vasitəsilə AFFA-nın saytındakı ən son məlumatları almaq mümkün olacaq.
- Bəzi jurnalistlər AFFA-nı ayrı-seçkilikdə günahlandırır. Bu, xüsusilə millinin səfər oyunlarına aiddir. Bir çox KİV nümayəndəsi həmin görüşlərə aparılmamasından narazılıqlarını bildirirlər.
- AFFA bu sahədə işləri şəffaf şəraitdə keçirir. Biz Azərbaycanın hər bir media işçisinə hörmətlə yanaşırıq. AFFA beynalxalq normalar çərçivəsində tətbiq olunan sistemdən istifadə edir. Həmin sistemdə birinci növbədə obyektivlik, sonra operativlik dayanır. Üçüncü yerdə işgüzarlıq, dördüncü pillədə isə təhlil və qərəzli olmayan tənqiddir. Qeyri-obyektiv informasiya daha çox sensasiya doğurur. Obyektiv informasiya isə o dərəcədə sensasiya yaratmır. Təbii ki, sayta daxil olanların sayı da başlıca əhəmiyyət daşıyır. Yaxşı olardı ki, bəzi jurnalistlər təkcə oyunların online reportajı zamanı reytinqi yüksək olan saytlara nə qədər istifadəçinin daxil olduğuna baxsınlar. AFFA ilə əməkdaşlıq etmək istəyən bir neçə idman portalı var ki, mən onlara da məlumat vermişəm. Baxsınlar, görünlər ki, aparıcı saytlarda xəbər nə vaxt yerləşdirilib. Yalnız operativ işləyən portallarda xəbərlər oyundan dərhal son yerləşdirilir. Amma bəzilərində üstündən bir neçə saat keçəndən sonra oyunla bağlı məlumatlara rast gəlirik.
Yeri gəlmişkən, onu da qeyd edim ki, hər hansı bir jurnalisti öz hesabımıza ölkə xaricinə göndərmək AFFA-nın vəzifəsi deyil. Ancaq biz ölkəmizdə internet portalların və mətbuatın maddi imkanlarını nəzərə alaraq, AFFA tərəfindən bu sahənin inkişafı üçün öz dəstəyimizi veririk.
- Hazırda xəbər saytları yazılı mətbuatı sıradan çıxarmaqdadır. Bu mənada, AFFA hazırda internet media ilə əməkdaşlığı daha üstün tutur, yoxsa cap mətbuatı ilə?
- İnternetin yüksək sürətlə inkişafı Azərbaycanda da nəzərə çarpır. Artıq xeyli vaxdır, mən bu işi təhlil edirəm və görürəm ki, bəli, internet portalları operativlikdə yazılı mətbuatı üstələyir, günbəgün oxucu kütləsinin sayını artırır. Ona görə də internet portallarıyla əməkdaşlığa daha çox üstünlük veririk. Təsadüfi deyil ki, biz artıq bir neçə internet portalıyla sıx əməkdaşlıq edirik. Bununla da futbolumuzun təbliğatı istiqamətində önəmli işlər görürük.
- Azərbaycan mediasının ölkə futbolundakı tənqidi yazıları ilə bağlı AFFA tərəfindən nə kimi işlər görülür?
- Mətbuat xidmətinin rəhbəri olaraq, sağlam tənqidin futbolumuzun inkişafına çox xeyri olduğunu düşünürəm. Belə tənqidlər neqativ halların qarşısının alınmasına kömək edir. Bu mənada, mətbuatda obyektiv tənqidi yazılaların hər biri müvafiq departamentlər tərəfindən diqqətlə araşdırılır. Etiraf edim ki, mediadakı obyektiv tənqidin bizə çox xeyri dəyir. Fürsətdən istifadə edib, hər bir jurnalistdən xahiş edirəm ki, əgər Azərbaycan futbolunun inkişafını istəyirlərsə, bizə dəstək olmaq üçün tənqidi yazıları çoxaltsınlar. Təbii ki, söhbət qərəzli yox, obyektiv tənqiddən gedir. Bir məqamı yadınıza salım. Bizim milli komanda ötən ilin oktyabr ayında Lənkəran stadionunun meydançasında problem yarandığından “Dalğa Arena”da oynamaq məcburiyyətində qaldı. Həmin vaxt bu stadionda oyun keçirildiyinə görə, mətbuat tərəfindən bizə xeyli tənqid oldu. Ancaq üstündən doqquz ay keçəndən sonra, yəni indi klublarımız Avropa kuboklarında oyunlarını həmin stadionda keçirir. İndi özünüz qiymət verin: bu tənqidlər ədalətlidirmi? Respublika stadionu təmirə bağlanıb, ona görə də hazırda Bakıda bütün beynəlxalq standartlara cavab verən yeganə stadion məhz “Dalğa Arena”dır. Bizim alternativ variantımız yoxdursa, nə etməliyik?
- Siz bir neçə gün əvvəl AFFA-da keçirilən tədbirdə Azərbaycan idman jurnalistlərinin böyük əksəriyyətinin ingilis dilini bilməməsinin onlar üçün əsas problemlərdən saydığınızı demisiniz.
- Bəli. Bildiyiniz kimi, Azərbaycanda qızlar arasında dünya çempionatı keçiriləcək. Bu, bizim jurnalistlər üçün də geniş bir imkandır. Azərbaycan mediasının beynəlxalq arenaya çıxması üçün çox böyük imkan yaranıb. Biz artıq Azərbaycanda ingilis dilini mükəmməl bilən jurnalistləri əməkdaşlığa cəlb edirik. Onlar stadionlarda mətbuat xidmətləri funksiyasını yerinə yetirəcəklər. Qeyd etmək istərdim ki, həmin jurnalistlər FİFA nümayəndələri ilə təmasda olacaqlar. Bundan sonra isə işinin öhdəsindən gələn jurnalistlərin beynalxalq arenalarda işləməsi üçün zəmin yaranacaq. Başqa sözlə, onlar gələcəkdə FİFA-nın tədbirlərinə bir mütəxəssis kimi qatılacaqlar. Amma təəssüf ki, bu gün Azərbaycanda ingilis dilini yaxşı səviyyədə bilən jurnalistlər azdır. Lakin beynalxalq arenaya çıxmaq üçün Azərbaycanda mediaya yaxşı şərait yaradılıb. Hərçənd ingilid dilini az bildikləri üçün Azərbaycanı FİFA-nın tədbirlərində təmsil edən jurnalistlər, demək olar ki, yoxdur. Biz bu boşluğu aradan qaldırmaq üçün çalışırıq. Ona görə də jurnalistlər ingilis dili məsələsiylə bağlı problemi aradan qaldırmalıdırlar.
Arda Güler üzr istədi
"Bavariya"da itki
Maradonaya şərik çıxdı
"Barselona"nın futbolçusu əməliyyat olundu
İsveç - Azərbaycan oyunu üçün - Heyətlər
"Jirona"da yeni müqavilə
"Neftçi"nin futbolçusu millidə dubl etdi
Buffon: "Neymar 5 "Qızıl Top"u qazanmağa layiqdir"
"Real" Aleksander-Arnoldu almayacaq
Patrik Vieyra bu klubu çalışdıracaq
Xabi Alonso qərarı nə vaxt verəcək?