“Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq” - AFFA-nın baş katibi

“Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq” - AFFA-nın baş katibi
ÖLKƏ FUTBOLU 16 Noyabr 2026 / 18:08 160
-  A +

Bu gün Andorra-la-Velyada Azərbaycan futbol millisinin məskunlaşdığı oteldə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və milli komandanın baş məşqçisi Ayxan Abbasov azərbaycanlı jurnalistlərlə görüş keçiriblər.

Xatırladaq ki, noyabrın 13-də Azərbaycan millisi Lixtenşteynə 1:0 hesabı ilə qalib gələrək Millətlər Liqasının qrupunda 1-ci yeri təmin edib. Bu gün isə yığmamız Andorra ilə yoldaşlıq oyunu keçirəcək.

QOL.az haqqin.az saytına istinadən xəbər verir ki, C.Fərəcullayev bildirib:

“Sizə bir statistika deyim. Həmin statistikaya əsasən, Azərbaycan millisi bu il ən az məğlub olan komandalar sırasındadır. Kimsə deyə bilər ki, rəqiblərimiz lazımi səviyyədə olmayıb. Amma statistika statistikadır. Biz yoldaşlıq oyunlarında güclü olmayan komandalarla qarşılaşmışıq, çünki Millətlər Liqasının D Liqasındakı oyunlara hazırlaşırdıq. İyun ayında Maltaya məğlubiyyətdən başqa, ya qalib gəlmişik, ya da heç-heçə etmişik. Heç-heçələr arasında Lixtenşteynlə evdəki 0:0 hesabını mənfi nəticə saymaq olar.

Oyun haqqında heç nə demək istəmirəm. Belə fikir var ki, biz qorxaq futbol oynayırıq. Amma bu, belə deyil. Biz sərəncamımızda olan futbolçuların imkanlarına uyğun oynayırıq. Hücumda problemlərimiz var. Praqmatik futbola üstünlük veririk. Əsas məsələ qalib gəlməkdir. Lixtenşteynə çox qol vurmadıq, amma onlar artıq uzun müddətdir ki, böyük hesabla uduzmurlar. Kiçik dövlətlər də futbolu inkişaf etdirirlər.

Bu gün Andorra ilə oyunumuz var. Bakıda keçirilən U-15 dünya çempionatında millimiz Andorranı 1:0 hesabı ilə məğlub etdi. Andorralı yeniyetmələr də böyüklərdən ibarət milli komandaları kimi müdafiədən oynayırdılar. Biz rəqibin qurduğu “avtobus” müdafiəsini yarmağa öyrəşməmişik. Çünki əksər hallarda autsayder rolunda bizim millimiz olur. Bunu dəyişmək istəyirik.

Reallığa düzgün baxmaq lazımdır. Biz dibə düşmüşük və indi yuxarı qalxmalıyıq. Bunu bir sıçrayışla etmək mümkün deyil, tədricən irəliləmək lazımdır. Sistemi dəyişməyə çalışırıq, amma bunu planlı şəkildə edirik. Bizdə kəskin geriləmə olub.

İndi qrupda 1-ci yeri tutmuşuq. Biz bunu uğur hesab edirik. Qarşımıza məqsəd qoyduq və ona nail olduq. Bəli, UEFA Millətlər Liqasının formatını dəyişdi, amma biz öz vəzifəmizi yerinə yetirdik”.

Baş katib Azərbaycan millisindən azarkeşlərin gözləntiləri mövzusuna da toxunub: “Azarkeşlərlə işləmək lazımdır. Biz Braziliya, Xorvatiya deyilik… Bizim vəzifəmiz dibdən yuxarı qalxmaqdır. Futbolçu seçimimiz çox məhduddur. Bir futbolçu var ki, digərlərindən fərqlənir. Bu, Mahir Emrelidir. O, ciddi çempionatda daim əsas heyətdə oynayır və yaxşı formadadır”.

Cahangir Fərəcullayevin fikrincə, U-15 dünya çempionatı üçün Hövsanda inşa edilən kompleks uşaq və yeniyetmə futbolunun inkişafına böyük təkan verəcək: 

“Bu, özümüzü reklam etmək və ya piar deyil. FİFA həqiqətən də Hövsandakı işlərin sürətinə və keyfiyyətinə heyran qalmışdı. Kompleks 66 günə tikildi. İndi orada gənc futbolçularımız oynayacaq və məşq edəcəklər. Deyirlər ki, süni örtüklü meydançalarda zədələnmə riski təbii ot örtüyü ilə müqayisədə xeyli yüksəkdir. Bu, mifdir. Süni örtük yüksək keyfiyyətlidirsə, zədələnmə səviyyəsində fərq təxminən 1,5 faiz təşkil edir. Hətta “Barselona” və “Ayaks”da süni meydançalardan istifadə olunur. Çünki təbii ot örtüyünün saxlanılması daha çox vəsait tələb edir. Messi, Xavi, İnyesta “Barselona”da süni örtüklü meydançalarda futbola başlayıblar.

Bu gün AFFA-nın müstəqil şəkildə stadionlar tikmək imkanı yoxdur. Avropa meyarlarına görə, AFFA-nın büdcəsi orta səviyyədən aşağıdır. Gəncə və Xankəndidən sonra Gənclər və İdman Nazirliyinin planlarında Naxçıvanda stadion tikintisi var”.

Baş katib futbola sərmayə qoyuluşu baxımından “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi nümunə göstərib:

“O, imkanların olduğunu gördü və işə başladı. Bizə hər bölgədə Ehtiram Quliyev kimi insanlar lazımdır. “Şahdağ-Qusar” ikinci “Turan Tovuz” ola bilər. “Gəncəbasar” klubunda da yaxşı iş aparılır. Başa düşmək lazımdır ki, bizim liqalarda klubların əksəriyyəti praktiki olaraq pul qazanmır. Dövlət dəstəyi dayandırılsa, klub futbolumuz uçuruma yuvarlanacaq və klub yarışlarında təxminən Gürcüstan səviyyəsində olacağıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner