Medianın İnkişafı Agentliyinin layihəsi
Məlum olduğu kimi, 2 gün öncə Millətlər Liqasının 2026/27 mövsümünün püşkü atıldı.
D Liqasında mübarizə aparacaq yığmamız 2-ci qrupda qərarlaşıb. Millimiz sözügedən qrupda Litva və Lixtenşteynə qarşı mübarizə aparacaq.
Bugünkü həmsöhbətimiz isə Azərbaycan millisinin keçmiş məşqçisi Arif Əsədovdur. O, yığmamızın rəqibləri və potensialı haqda fikirlərini bölüşüb.
A.Əsədov qeyd edib ki, Azərbaycan millisinin əsas rəqibi Litvadır:
“Düşünürəm ki, bizim dişimizə görə rəqiblər düşüb. Təbii ki, əsas rəqibimiz Litvadır. Həm Azərbaycan millisi, həm də Litva yığması ilk pillə uğrunda mübarizə aparacaq. Amma Lixtenşteyni də silmək olmaz. İndi elə dövrdür ki, bütün millilər futbol oynamağı bacarırlar, ən azından taktiki baxımdan bütün komandaların sistemli oyunları var. Sadəcə olaraq futbolçu keyfiyyəti əhəmiyyət daşıyır. Keyfiyyətli oyunçulara malik komanda qalib tərəf olur. Düşünürəm ki, biz yaxşı nəticə qazanıb yenidən C Liqasına qayıda bilərik. Təbii ki, bunun üçün yaxşı hazırlıq olmalıdır”.
Mütəxəssis millimizin hazırkı heyətinin durumuna toxunub:
“İndi heyətlə bağlı nəsə demək çətindir. Çünki artıq millimizin son oyunundan 3-4 ay keçib. Ona görə millidə bir çox yeni ad da ola bilər. Kimsə formada ola bilər, kimsə olmaz. Yəqin ki, mart ayında sınaq oyunları olacaq. Məşqçilər heyəti yeni futbolçulara şans verib-verməyəcəklərini orada daha yaxşı bilər. Amma heyətimiz elədir ki, millimiz bu mərhələdə yaxşı nəticə əldə edə bilər”.

Azərbaycan yığmasına ötən ilin sentyabr ayından etibarən yerli mütəxəssis - Ayxan Abbasov rəhbərlik edir. A.Əsədov isə qeyd edib ki, bu, Millətlər Liqasında uğurlu nəticələrə zəmin yarada bilər:
“Təbii ki, Ayxan Abbasovun təyinatı federasiya rəhbərliyi adına yaxşı bir addım idi. Vaxtında Fernandu Santuşu vəzifədən göndərdilər. Biz Fernandu Santuşun dövrünü analiz etsək, görərik ki, millimiz özünə bənzəmirdi. Bədbin, inamsız komanda görürdük. Lakin Ayxan Abbasovun gəlişindən sonra milli ruhun qayıtmasını, istəyi gördük. Fərqli milli müşahidə etdik. Və bu faktor da gələcəkdə millimizin yaxşı nəticələr əldə etməsi üçün zəmin ola bilər”.
Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas püşkü dəyərləndirərkən Azərbaycan millisi haqqında da fikirlər səsləndirmişdi. O deyib:
"Biz bu püşkdən şikayət etmirik. Bilirik ki, bu qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" komandası tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdır və milli komandaya ən çox oyunçunu onlar göndərir. Bilirik ki, Azərbaycan millisi cənub tipli, kifayət qədər texnikalı yığmadır. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə qalxmaq”.
A.Əsədov isə E.Yankauskasın bu fikirlərinə belə münasibət bildirib:
“Təbii ki, Litva da əsas rəqib kimi Azərbaycanı görür. Yəqin ki, onlar da qarşılarına C Liqasına qayıtmağı məqsəd qoyublar. Litva millisinin dünya çempionatının seçmə mərhələsindəki oyunlarını nəzərə alsaq, pis çıxış etməyiblər. Bizim onlarla son görüşümüz vaxtı mən də millidə idim. Komandamıza Nikolo Yurçeviç baş məşqçilik edirdi. Litva ilə bərabərə qalmışdıq. Yəni, rəqib keçilə biləcək rəqibdir. Amma əlbəttə ki, yaxşı hazırlaşmaq lazımdır. Çünki onlar da qarşılarına məqsəd kimi 1-ci pilləni tutmağı qoyublar. Sonda isə millimizə uğurlar arzulayıram. Millimizi C Liqasında görməyi arzu edirəm”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Noyer sıradan çıxdı
Keyn Top-5-də liderdir
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu