"Hədəfimiz Çempionlar Liqasının qrupudur" - Qurban Qurbanov

"Hədəfimiz Çempionlar Liqasının qrupudur" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 28 İyul 2024 / 19:28 6750
-  A +

"Doğma Bakımızda, doğma stadionumuzda ilk oyunumuzu oynayacağıq. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O,Cəbəllütariq təmsilçisi ilə görüşə çox ciddi hazırlaşdıqlarını bildirib: "İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq. Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə nəsə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm".

Q.Qurbanov transfer işləri haqda da danışıb: "Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik".

Q.Qurbanov avrokuboklardakı digər klublarımız haqda da fikir bildirib: "Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə "Sumqayıt" uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. "Zirə" və "Sabah" yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik. Öz fikirlərim isə öz komandamdadır. Qalibiyyətlərin sayının çox olmasını istəyirik".

Baş məşqçi komandaya qayıdan Şahruddin Məhəmmədəliyevin hazırkı durumu haqda isə qeyd edib: "Çox vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddin tam hazırdır. Amma o, hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur".

Q.Qurbanov hazırda qapıçı axtarışında olduqlarını da bildirib: "Qapıçı mövqeyi bir çox klubların yaralı yeridir. İstəmirik ki, həmin mövqedə problem yaşayaq. Baxdığımız qolkiperlər var. Hətta iki gün əvvəl bir qapıçı transferi alınmaq üzrə idi, sonda alınmadı. Düşündüyümüz qapıçını tapsaq, götürmək istəyirik".

Q.Qurbanov Redon Cicanın "Ankaragücü"nə gedişi haqda xəbərlərə də münasibət bildirib: "Bizdə belə məlumat yoxdur. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdur".

"Qarabağ"ın çalışdırıcısı bu mövsüm avrokuboklardakı hədəflərini də açıqlayıb: "Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrupudur. Maksimum isə Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub". 

Q.Qurbanov hələlik istədikləri transferləri həyata keçirə bilmədiklərini deyib: "Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdür. Avropa klublarında 30 faiz uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz fantastikdir. O imkanlarımız yoxdur ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik".

Q.Qurbanov qeyd edib ki, Azərbaycan futbolunun inkişafı üçün klublarımızın avrokuboklarda oynaması çox vacibdir: "Futbolun inkişafı üçün belə turnirlər çox vacibdir. Hamı bilməlidir ki, biz nə üçün Azərbaycan çempionatında oynamalıyıq. Avrokuboklarda bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır. Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdir. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda rejim daim dəyişilir. Avrokubokıarın böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdir. Klub rəhbərləri də bilməlidir. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arena da da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımız. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdır".

Q.Qurbanov  "Qarabağ" "Ferentsvaroş"u keçdikdən sonra onlar sizin və sizin istədiyiniz futbolçuları transfer etməyə cəhd göstərir. Ovusu Kvabena, Kadi Borges. Bu nə ilə bağlıdır?" sualı belə cavablandırıb: "Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. "Ferentsvaroş"la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdur. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardır. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyo, Miçel, filan. Hər şey maddiyata bağldıır".

Daha çox


Son xəbərlər
topaz banner