"Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm"

"Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm"
ÖLKƏ FUTBOLU 3 Mart 2024 / 22:44 7005
-  A +

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 25-ci turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. 

QOL.az xəbər verir ki, o, əvvəlcə görüş haqqında ümumi fikirlərini söyləyib: "Yaxşı oyun oldu. İlk hissəni yaxşı, keyfiyyətli keçirdik. İkinci hissədə isə iki böyük səhv ucbatından 2 qol buraxdıq. Bu cür səhvləri "Qarabağ"a qarşı edəndə onlar səni cəzalandıracaqlar. Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma yekun hesab ədalətli deyil".

O, bu oyunda qələbə qazanmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb: "Əlimizdən gələni etdik. Heç kəs gözləmirdi ki, 2 qolu bu şəkildə buraxacağıq. Qeyd etdiyim 2 səhvdən başqa, oyunumuzun keyfiyyəti kifayət qədər yaxşı idi. "Qarabağ"ı son 15 dəqiqə yetərincə təzyiqdə saxlaya bildik. Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm".

Baş məşqçi futbolçusu Brayan Moreno haqda da danışıb: "Hücumçularla bağlı belə şeylər olur. İnanırıq ki, vəziyyət dəyişəcək. Gözləyirik".

O, "Demişdiniz ki, komandanı toparlamaq üçün zaman lazımdır. Artıq mövsümün sonuna 11 tur qalıb. Hətta ilk "üçlük"dən düşmək ehtimalınız da var" fikrinə münasibət bildirib: "İkinci yeri tuta bilərik".

Miodraq Bojoviç "Yəqin ki, bundan sonra futbolçulara topu necə qəbul etmək lazım olduğunu öyrədəsi deyilsiniz. Hazırkı vəziyyətdə hansı addımlar atılmalıdır ki, növbəti mövsüm çempionluq üçün oynayasınız" sualını belə cavablandırıb: "Qlobal dəyişiklik etmək üçün imkanımız yoxdur. Yuri Matias və Qara Qarayev ən yaxşı və ən təcrübəli oyunçularımızdandır. Günahı onların üzərinə atmaq istəmirəm. Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. "Qarabağ" və "Neftçi"nin bu mövsümkü oyunlarına baxmısınız. Həmin oyunda "Neftçi" "Qarabağ"ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə aparırdı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda baş verir. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi. Səhvlər var idi. Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir".

O, "Neftçi"nin dirçəlməsi üçün uzunmüddətli planlar qurduğunu söyləyib: "Burada elə yanaşma ilə işləyirəm ki, sanki uzun müddət çalışacam".

Mütəxəssis rəqib futbolçu Marko Yankoviçin ilk dəqiqələrdəki mümkün qırmızı vərəqə epizodunu da dəyərləndirib: "Bu, oyunun nəticəsinə təsir etdi. Çünki Emin Mahmudov zədələndi. Onu da əvəzlədik. Fasilədə şikayətlənirdi, amma oynamaq üçün cəhd edirdi. Lakin gördük ki, dəyişmək lazımdır. "Qəbələ" - "Qarabağ" oyununa baxmısınızsa, orada da eyni epizod baş verdi. Lakin "Qəbələ"nin oyunçusu qırmızı vərəqə aldı".

Miodraq Bojoviç "Neftçi"yə gələn əcnəbi mütəxəssislərin əksəriyyəti uğursuz olur. Nəticə olmasa, istefa verib gedəcəksiniz" sualına bu cür cavab verib: "Sabah nə baş verəcək, onu bilmirəm. Sabah səhər oyanmaq lazımdır".

Mütəxəssis oyunun sonunda "Neftçi" azarkeşlərinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu alqışlamasının ona təsir edib-etmədiyinı də toxunub: "Xeyr, bunun mənə təsiri yoxdur. Onlar istədiyini edə bilərlər. Mən peşəkaram və işimi də peşəkarcasına görürəm. Qarşıda tapşırıq var, onu yerinə yetirmək niyyətindəyəm. Çalışacağıq. İnanıram ki, bunu bacaracağıq. Amma əmin olun ki, mən kreslodan yapışan deyiləm. Məni bura dəvət edən rəhbərlikdir. Qərarı verən də onlardır. Nəsə demək tezdir. Qarşıda "Kəpəz" və "Səbail"lə oyunlarımız var. O oyunlarda qələbə olsa, milli fasiləsinə yaxşı gedə bilərik".

Daha çox


Son xəbərlər
26.07.24  15:09

"Napoli"dən "Everton"a