“Argentinanın favorit hesab edilməsi çox böyük yanlışlıqdır” - Rəşad Sadıqov

“Argentinanın favorit hesab edilməsi çox böyük yanlışlıqdır” - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 25 Noyabr 2022 / 10:55 2672
-  A +

Qətərdə keçirilən DÇ-2022-nin ilk turu arxada qaldı. Bəs, çempionat necə keçir? Yaddaqalan komandalar hansılardır? Finalçılar kim ola bilər?

Qol.az-ın müxbiri bu və digər suallarımıza cavab tapmaq üçün “Zirə” klubunun baş məşqçisi, Azərbaycan millisi və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqova müraciət edib.


- DÇ-nin bəzi oyunları komandanızın məşqləri və matçları ilə üst-üstə düşür. Siz və futbolçularınız oyunları necə izləyirsiniz?

- Bizim məşq vaxtlarımız erkən olduğundan  futbolçu və ya imzibati heyətdən kimsə istəsə, oyunları rahatlıqla izləyə bilir. Saat 14:00-da olan oyunun bir hissəsini qaçırma ehtimalı var, amma digər bütün matçları izləmək olur.  

- Yəni bu oyunlara görə məşq saatında hər hansısa dəyişiklik etməmisiniz?

- Xeyr, heç bir dəyişiklik etmirik, proqrama uyğun gedirik. Buna ehtiyac yoxdur. Oyunların saatı məşq vaxtımızla üst-üstə düşsə belə, dəyişiklik etməyəcəkdik. Çünki bizim üçün hazırda ən vacib olan komandanın məşq prosesləridir.  

- Mundialda ilk tur arxada qaldı. İlkin təəssüratınız necədir?

- Maraqlı oyunları sayı az deyil. Bu dünya çempionatında ilk baxışdan adamın diqqətini cəlb edən bütün komandaların məğlub olmaqdan ehtiyat etməsi və bir çox yığmanın ehtiyatlı oynamasıdır. Oyunları daha çox müdafiədən qururlar və rəqibin səhvlərini gözləyirlər. Bu da dünya çempionatının nəticəsinin dərəcələrinin böyük olmasından irəli gəlir. Bütün komandalar məğlub olmaqdan ehtiyat edir. Çünki ilk turda məğlubiyyət qrupdan çıxmaq şanslarını azalda bilər. Bunlar oyunlara baxanda aşkar şəkildə hiss olunur.

- İlk turda Argentina, Almaniya kimi komandalar məğlubiyyətə uğradı. Səudiyyə Ərəbistanı və Yaponiyanın qələbəsi sensasiyalı hesab edilsə də, layiqli oldu. Siz bu komandalar barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, hər bir yarışda ilk turlar çətin olur. Bu dünya çempionatı isə bir daha göstərdi ki, ilk turda komandalar üzərində gərginlik daha çoxdue. İlk turdan onu da sezmək olur ki, favorit və nisbətən zəif komandalar arasında fərq azalıb. Baxırsan ki, əzmkarlıq, istək, kollektiv oyun sayəsində favorit komandaların oyunlarda daha dominant olmasının qarşısı alınır və qarşılaşmalar bərabər səviyyədə keçir. Bunu əksər görüşlərdə görürük. Almaniya ilə Argentina məğlub oldu, Belçika və Portuqaliya çətinliklə qələbə qazandı. Onlar da xal itirə bilərdilər. Ümumiyyətlə, ilk turda çox nadir hallarda favorit hesab etdiyimiz komandalar rahat qələbə qazandı. Bəzi oyunları çıxmaq şərtilə əksər matçlar çox gərgin mübarizə şəraitində keçir. 

- Ümumiyyətlə, sizi daha çox hansı komanda təəccübləndirir?

- Təbii ki, Səudiyyə Ərəbistanı və Yaponiyanın əzmkar mübarizə aparıb, favorit komandalara qalib gəlməsi onları digər komandalardan fərqləndirir. Amma hələ sadəcə bir oyun olub. Növbəti turlarda bizi hansı komandanın təəccübləndirdiyini deyə biləcəyik. 

- Dünya çempionatında uzadılan vaxt daha çoxdur. Bu, sizi yormur ki? Ümumiyyətlə, bir mütəxəssis kimi vaxtın bu qədər uzadılması doğrudurmu?

- Vaxtın uzadılmasına normal baxıram. Çünki bildiyiniz kimi, futbolda VAR sistemi tətbiq olunub. Komandalardan hansı hesabda irəli olsa, vaxtı uzatmağa çalışır. Amma bu, standart olmalıdır. Yəni bütün oyunlara şamil olunmalıdır. Biz bunu dünya çempionatında görürük. Aşkar sezilir ki, hakimlərə əlavə vaxtın daha çox olması ilə bağlı təlimat verilib. Bunu bütün oyunlarda görə bilərik. 

 - İki superulduz - Ronaldo və Messi böyük ehtimal son dünya çempionatlarını keçirir. Onların ilk turdakı oyunları barədə fikirləriniz necədir?

- Bir az fərqli oyunlar oldu. Ronaldo daha yaxşı performans göstərdi. Bir şey var ki, komanda oyunu çox önəmlidir. Portuqaliya millisində usta futbolçuların sayı çoxdur. Bir çox azarkeş və futbol ictimaiyyəti Argentinanı da favorit kimi görürdü. Bu, çox böyük yanlışlıqdır. Argentinanın kollektivi digər favorit milli komandalarla müqayisədə çox geri qalır. Digər komandalarla müqayisədə Argentinada hər şey Messinin üzərində qurulub, bütün ümidlər onadır. Amma Argentinanın uğurunda Messinin komanda yoldaşlarından da çox şey asılıdır. 

Səudiyyə Ərəbistanı ilə görüşdə sanki Messinin oyunu da istədiyi kimi alınmadı. Lakin matçın çox erkən saatlarda keçirilməsi də oyunun gedişatına təsir etdi. Çünki ilk hissədə aşkar üstün bir Argentina olsa da, ikinci yarıda sanki komandada halsızlıq yarandı, dinamikaları aşağı düşdü. Mən bunu oyunun erkən saatda keçirilməsi ilə əlaqələndirirəm. Qətərdə günorta saatlarında futbol oynamaq çətin məsələdir. Bu, Argentina yığmasında özünü daha çox büruzə verdi. 

- Yekunda ənənəvi sual: finalda kimləri görürsünüz və sizə görə qalib hansı komanfa olacaq?

- İlk turdan sonra aşkar favorit Braziliya millisidir. Bunu mundialdan əvvəl də proqnozlaşdırmaq olurdu. İndi oyunlarına baxdıqdan sonra da buna əmin oldum. İlk turdan sonra Braziliya və İspaniya millisi favorit kimi göstərilə bilər. Erkən qarşılaşmasalar, finalda bu iki komandanı görürəm. Ancaq mən bilən bu final alınmaya da billər. Çünki 1/4 finalda üz-üzə gələ bilərlər. Braziliyanın heyəti çox geniş və təcrübəlidir. Bəlkə də, dünya çempionatında ən geniş heyət onlardadır. Demək olar ki, bütün futbolçuları klublarının aparıcı üzvləridir. Bu, onlara üstünlük verir. Neçə illərdir ki, eyni məşqçi ilə işləyirlər. Bir-birlərinə yaxşı adaptasiya olublar. İlk oyundakı əhval-ruhiyələrindən bilindi ki, mundiala böyük motivasiya ilə gəliblər. Çünki xeyli vaxtdır dünya çempionu ola bilmirlər. İndi isə çempion olmağa kökləniblər.

Daha çox


Son xəbərlər