“Püşk “Qarabağ”a ard-arda iki ağır rəqib bəxş edib”

“Püşk “Qarabağ”a ard-arda iki ağır rəqib bəxş edib”
ÖLKƏ FUTBOLU 17 İyun 2022 / 14:40 6856
-  A +

“Lex” “Qarabağ”a düşə biləcək potensial rəqiblərin içindən ən çətinidir. Amma “Qarabağ”ın Polşa klubları ilə oyun təcrübəsi var. Mənə elə gəlir ki, bu cütün favoriti “Qarabağ” sayıla bilər”. 

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, 2022/23 mövsümündə Azərbaycan klublarının avrokuboklardakı ilk rəqiblərini dəyərləndirib. Kərimov bildirib ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın çətin rəqiblə - “Lex”lə (Polşa) qarşılaşmasına baxmayaraq, bu duealdən qalib ayrılacağına inanır: 

“Lex” güclü rəqibdir. Amma oyunu diqtə edən, dominant tərəf “Qarabağ” olacaq. Sadəcə, bu oyunlarda ehtiyatlı olmağa dəyər. Məncə, “Qarabağ”ın texniki heyəti artıq “Lex”in oyun üslubunu, futbolçularını analiz edir. Çünki rəqibin heyətində legioner, isveçrəli futbolçular da var. İstər-istəməz bu oyunçular da hər bir xırda səhvdən yararlanmağı bacarırlar. Buna görə də belə matçlarda çox ehtiyatlı olmaq lazımdır. Ən çətini də “Lex”in əks-hücumları və standart vəziyyətlər olacaq. Məncə, buna hazır olsaq, dueldən qalib ayrılacağıq”. 

“Qarabağ” “Lex” səddini adlayacağı təqdirdə 2-ci təsnifat mərhələsində “Sürix”lə (İsveçrə) üz-üzə gələcək. A.Kərimov bu potensial rəqib haqqında da fikirlərini bölüşüb: “Püşk “Qarabağ” üçün ard-arda iki ağır rəqib gətirib. Düşünürəm ki, bütün komanda əvvəlcə “Lex”lə matçlara köklənib. Bu mərhələni keçdiyimiz halda “Sürix” haqqında geniş danışmaq olar. “Qarabağ”ın İsveçrə klublarına qarşı da geniş təcrübəsi var. Məsələn, “Bazel”lə, “Yanq Boyz”la oyunları qeyd etmək olar. “Sürix” oyun nizam-intizamını yüksək səviyyədə saxlaya bilən komandadır. Mən özüm də İsveçrədə böyük təcrübə keçmişəm, kurslarda olmuşam. Bilirəm ki, İsveçrədə bütün məşqçilər, komandalar yüksək səviyyədə oyun intizamını qoruyurlar. Onların gənc və potensiallı futbolçuları olur. Belə komandalara qarşı oynamaq hər zaman çətindir. Amma yenə deyirəm, “Qarabağ”ın böyük təcrübəsi var. Bu təcrübə “Qarabağ”a kömək edəcək”. 

"Çətinlik bundadır ki, hələ də “Neftçi”nin baş məşqçisi yoxdur"

Mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü də dəyərləndirib. O, “Neftçi” və “Aris” (Kipr) arasında keçiriləcək görüşlər barədə bu sözləri deyib: 

“Digər komandalarımızın rəqiblərinə və potensial rəqiblərə baxsaq, görərik ki, ən münasib komanda elə “Neftçi”yə düşüb. Avrokuboklarda zəif komanda olmur. Amma müqayisə etsək, digərlərinə nisbətən “Aris” ən keçilə bilən komandadır. Çətinlik bundadır ki, hələ də “Neftçi”nin baş məşqçisi yoxdur (gülür). Bu, sözsüz ki, oyuna təsir edəcək. Çünki istər-istəməz futbolçuların özləri də kimin baş məşqçi olacağını fikirləşirlər. Bütün futbolçular bundan sonrakı gününü fikirləşir. Komandada gərginlik var. Belə bir ab-hava o qədər də yaxşı deyil. Həm də bu cür mötəbər turnirdən əvvəl. Təsəvvür etsək ki, hər şey normadadır, Samir Abasov komandada qalır, üstəlik “Neftçi”nin ötən mövsüm Premyer Liqadakı matçlarını nəzərə alsaq, “Aris”i keçə bilər. Kipr təmsilçisi ən azından “Lex”, “Makkabi” deyil”.

“Rəşad bu sözləri “Makkabi”ni keçəcəyik mənasında deməyib"

Aslan Kərimov “Zirə” - “Makkabi” (Tel-Əviv) cütü barədə danışarkən İsrail təmsilçisinin klubumuz üçün çox çətin rəqib olduğunu bildirib: 

“Zirə”nin avrokuboklarda təcrübəsi yoxdur. Komandanın heyətinə baxsaq, görərik ki, avrokuboklarda oynamış cəmi 1-2 futbolçusu var. Qalanlarının heç birinin böyük Avropa təcrübəsi yoxdur. “Zirə”nin məşqçiləri savadlı mütəxəssislərdir. Lakin “Makkabi” elə bir güclü rəqibdir ki, bu mərhələni keçmək “Zirə” üçün çox çətin olacaq. “Zirə” əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Amma bu komandaların potensialını götür-qoy etsək, məncə, bu çütün favoriti “Makkabi”dir”. 

Paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirərkən “Makkabi”nin onlar üçün yaxşı rəqib olduğunu deyib. A.Kərimov isə Rəşadın bu açıqlamasına münasibət bildirib:

“Rəşad bu sözləri biz “Makkabi”ni keçəcəyik mənasında deməyib. Yəni, iş görüləsi, təcrübə qazanılası komandadır. Əslində Rəşadın dediyində həqiqət odur ki, çətinlikdən qorxmurlar. Güclü rəqibə qarşı oynadıqca adam özü də püxtələşir, inkişaf edir. Rəşad da bu mənada danışıb. “Zirə”nin hədəfi o olacaq ki, gedə bildikləri qədər davam etsinlər. Bu, futboldur. Hər şey ola bilər. Əslində futbolçular oyun nizam-intizamını qoruyub-saxlaya bilsələr, əllərinə düşən imkandan 100 faiz yararlanıb, rəqibə isə şərait yaratmasalar, bu mərhələdən qalib ayrıla bilərlər. Hər şey mümkündür. Klub olaraq heç kim “biz bu mərhələni keçə bilməyəcəyik” düşüncəsində deyil. Sadəcə, uduzsalar belə, bu, “Zirə” üçün dünyanın axırı sayılmayacaq. Çünki komandanın Premyer Liqadakı oyununa baxsaq, görərik ki, sıfırdan bu səviyyəyə gəlib çıxa biliblər. Bu, “Zirə” üçün böyük uğurdur”. 

"Qəbələ” üçün də çətin olacaq” 

Kərimov son olaraq “Qəbələ”nin Macarıstan “Fehevar”ı ilə keçirəcəyi matçlar barədə də fikirlərini söyləyib:

“Macar futbolunun son dövlərdə inkişaf etdiyini görürük. Elə bir neçə gün əvvəl Macarıstan yığması Millətlər Liqasında İngiltərəni 4 cavabsız qolla məğlub etdi. Macarıstan çempionatı Avropada son vaxtlarda qısa müddət ərzində çox inkişaf edən liqalardan biridir. Çünki doğrudan da çox güclü futbolçuları var. Bəlkə də, ad olaraq tanınmırlar. Amma nəticə əldə edə biləcək oyunçulara sahibdirlər. “Qəbələ”də maddi baxımdan vəziyyətin nə yerdə olduğunu bilmirəm. Amma məncə, “Qəbələ” üçün də bu oyunlar ən azından “Zirə” qədər çətin olacaq”. 

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyul tarixlərində keçiriləcəklər. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları isə 21 - 28 iyulda olacaq. 

Nur Zeynalova

Daha çox


Son xəbərlər
02.03.26  12:09

Messi Peleyə çatdı

02.03.26  09:36

Messi dubl etdi

topaz banner