“Bir məşqçi öz komandası haqqında belə danışmamalıdır" - Aslan Kərimov

“Bir məşqçi öz komandası haqqında belə danışmamalıdır" - Aslan Kərimov
ÖLKƏ FUTBOLU 7 Aprel 2022 / 12:16 2732
-  A +

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin İtaliya mətbuatına müsahibəsində yığmamızı xaraktersiz və qorxaq komanda adlandırıb. 

Mütəxəssis Malta və Latviya ilə yoxlama oyunları barədə danışarkən İtaliya mətbuatına bu sözləri deyib: “Millidə problem çox az vaxtın olmasıdır. Malta və Latviyaya 0:1 hesabı ilə uduzduq. Çox günümüz olmasa da, yeni sistem sınadıq. 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir. Albaniya millisi ilə müqayisəyə gəlincə, Albaniya indi yaxşı vəziyyətdədir. Onların keyfiyyətli futbolçular var. Azərbaycan millisində isə qarşımdakı müəyyən çatışmazlıq var. Biz qurduqlarımızı həyata keçirməkdə çətinlik çəkirik. Hazırda bunun üzərində işləyirəm. İstədiyimizi həyata keçirmək üçün mənə vaxt verilib. Komandada xarakter problemi də var. Əgər həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət ortaya qoymalısan. Mən hələ də buna təsir edə, ruhumu qorxaq komandaya ötürə bilmirəm".

Futbol mütəxəssisi Aslan Kərimov Qol.az saytına açıqlamasında Canni de Byazinin fikirlərinə münasibət bildirib. O, De Byazinin belə sözlər səsləndirməsini düzgün hesab etməyib: “Bir məşqçi öz komandası haqqında belə danışmamalıdır. Hətta o komanda qorxaq, xaraktersiz olsa da, bunları demək düzgün deyil. Çünki məşqçi gərək psixoloji olaraq komandasının arxasında dursun. Hesab edirəm ki, burada söhbət qorxaqlıqdan getmir. Yaxşı, bəs, bu qorxaqlığın özü nədən ibarətdir, nədən qaynaqlanır? Bəli, Albaniya millisi ilə müqayisədə ustalıq səviyyəmiz aşağıdır. Bununla razılaşmaq olar. Lakin De Byazi nəyi qorxaqlıq adlandırır, bunu bilmirəm. Yəni, futbolçular nə etmirlər? Rəqibin üzərinə getmirlər, vuruşmurlar? Xarakter problemi bütün komandada yox, bəzi futbolçularda ola bilər. Çünki Malta və Latviya ilə yoldaşlıq matçlarında bir az dişsiz göründük. Bununla razılaşa bilərəm. İstənilən halda həmin oyunlarda taktiki baxımdan zəif idik. Daha yaxşı çıxış etmək mümkün idi. Bu baradə uzun-uzadı müzakirə aparmaq olar. Amma məğlubiyyətimiz sırf xaraktersizliklə bağlı deyil. Həqiqətən də oyunda 3-4 ötürmədən sonra topu özümüzdə saxlaya bilmirdik. Bunun səbəbinin xarakter problemi, yoxsa yorğunluq olduğunu deyə bilmərəm. Futbolçuların fiziki göstəricilərinə baxmaq, dəyərləndirmək lazımdır. Ola bilər ki, onlar psixoloji baxımdan yorulublar. Bunu futbolçularla söhbət edib, müəyyənləşdirmək mümkündür. Yəni, belə şeylərə qorxaqlıq, xaraktersizlik demək düzgün deyil. Bir şey həqiqətdir ki, biz həmin 2 matçda istədiyimiz aqressivliyi görə bilmədik”. 

A.Kərimovun sözlərinə görə, bu oyunlar yoxlama görüşləri olduğundan nəticə də vacib deyildi: “Çünki ola bilər ki, De Byazi taktiki düzülüşlə bağlı başqa bir eksperiment edirdi, kimlərisə yoxlamaq istəyirdi. Lakin mənim gördüyüm əsas səbəblər dişsizlik, aqressiyanın yoxluğu, top itkilərinin çox olmağıdır. Latviya ilə matçda komanda mübarizə aparırdı. Həm də Qara Qarayevə qırmızı vərəqə göstərilmişdi, yığma azlıqda qalmışdı. Ona görə də çox zəif oynadılar demək düzgün deyil. Daha çox Malta ilə matçdakı çıxışımız ürəkaçan olmamışdı”. 

Aslan Kərimov bildirib ki, komandada psixoloji problem olduğu halda baş məşqçi bunu mətbuata açıqlamamalı, futbolçularla söhbətləşərək müzakirə aparmalıdır: “Bilmirəm, De Byazi bu sözləri deyəndə nə fikirləşib. İndiyədək bir məşqçinin öz komandası haqqında qorxaq, xaraktersiz kimi sözlər deməsini heç yerdə görməmişəm. Bu, mənim üçün təəccüb doğurur. Ən azı komandada problem olanda məşqçi bunu futbolçuların özünə deyir, söhbət edir. Lakin belə şeylərin mətbuatda açıqlanması xoşagələn hal deyil. İstəməzdim ki, De Byazi bu cür addım atsın. Çünki o, sabah həmin futbolçularla birgə işləmək məcburiyyətindədir”. 

Mütəxəssis bu açıqlamanın millimizə psixoloji cəhətdən mənfi təsir edə biləcəyini deyib: “Psixoloji məsələlər elədir ki, bunu hər cür yönə yozmaq mümkündür. Bizim futbolçularımızın bu sözlər haqqında nə düşünəcəyini bilmirəm. Əslində millimizdəki futbolçuların hər biri peşəkar oyunçudur. İstənilən halda onlar çıxıb öz işlərini görmək məcburiyyətindədirlər. Amma bəlkə də bir məşqçinin futbolçularının “sarı simi”nə toxunmasına görə komanda problem yaşaya bilər. Bəlkə də De Byazi daha sonra oyunçularla söhbət edəndə sözlərini dəyişdirəcək, həmin o xaraktersizliyi, qorxaqlığı aqressiyanın yoxluğu ilə əvəz edəcək. Yəqin ki, sırf filan matçlarda xarakteriniz, aqressivliyiniz çatmadı deyəcək. Amma komanda qorxaqdır, xaraktersizdir kimi sözlər istifadə etmək düzgün deyil. Bəlkə də De Byazi daha yumşaq açıqlama verib, sadəcə İtaliya mətbuatı belə fikirləşib. Qarşıdan Millətlər Liqası gəlir, bu turnir bizim üçün vacibdir. Ümid edirəm ki, De Byazinin fikirləri futbolçulara psixoloji cəhətdən problem yaratmayacaq. Çünki Avropa və dünya çempionatının seçmə mərhələsində rəqiblər bəzən həddindən artıq əlçatmaz olur. Qruplara ən azı 2-3 TOP komanda düşür. Amma Millətlər Liqasında belə deyil. Ən azından oyun göstərib, nəticə əldə etmək mümkündür. İnanıram ki, oyunçularımız De Byazinin fikirlərini yalnış anlamayacaqlar və ruhdan düşməyəcəklər”. 

Nur Zeynalova

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner