“Futbolçuları öz maşınımla aparırdım ki, yol pulları az çıxsın” – Müsahibə

“Futbolçuları öz maşınımla aparırdım ki, yol pulları az çıxsın” – Müsahibə
ÖLKƏ FUTBOLU 18 Mart 2022 / 15:33 3606
-  A +

“Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az saytına müsahibə verib. Millimizin və “Qarabağ”ın sabiq üzvü bir neçə mövzü ətrafında danışıb.

- Əfran, karyeranı bitirmək haqda düşündüyünü açıqlamısan. Bu barədə qərar vermisən?

- Hələ dəqiq qərar verməmişəm. Yayda baş məşqçimiz Aftandil Hacıyevlə məsləhətləşəcəm. Xeyirlisi nədirsə, ona uyğun qərar verəcəm. Karyeramı bitirməyim mümkündür. Amma olmaya da bilər.

- Karyeranla bağlı qərarın nədər asılıdır? 

- Bir-iki məsələ var. O da hələ dəqiq deyil deyə açıqlamaq istəmirəm. Bir az da zədələr imkan vermir. Hazırda da zədəliyəm. Görək necə olur. Yəqin ki, çempionatın sonuna yaxın qərar verəcəm.

- Adını açıqlamaq istəmədiyin məsələ futbolla bağlıdır?

- Bəli. Amma dəqiq bir şey olmadığı üçün nəsə deyə bilmirəm. Hələ məşqçilik məsələsinin olub-olmayacağını bilmirəm. Əgər bilsəm, indidən deyərəm. Amma çox variant var. Məşqçi ola da bilərəm, olmaya da. Futboldan birdəfəlik uzaqlaşa da bilərəm. 

“Elə bir zədə idi ki, deyirdim ki, bircə düz yeriyə bilim, başqa heç nə istəmirəm...”

- “Qarabağ”da çox yaxşı parlamışdın, milllimizdə də sənə ümidlər böyük idi. Karyeranda sənə ən çox təsir edən nə oldu ki, sonradan istənilən kimi çıxış edə bilmədin?
 
- Allaha şükür ki, heç vaxt peşmanlıq çəkməmişəm. Həmişə düşünmüşəm ki, adamın başına hər şey gələ bilər. “Qarabağ”da oynayarkən aldığım zədə mənə çox geri saldı. Bir ilə yaxın futbol oynamadım. Ən böyük səbəb kimi bunu fikirləşirəm.

- Söhbət hansı zədədən gedir?

- 2010-cu ildə “Neftçi” ilə oyunumuzda oldu. Dortmund “Borussiya”sından Avroliqa matçından əvvəl idi. Görüşdən əvvəl də bildirmişdim ki, bəlkə, oynamayım. Amma oynadım, dizimdən zədə aldım. Çarpaz bağlardan əməliyyat olundum. 

- Zədədən sonra toparlanmaq olardı. Yəqin razısan ki, özündən də çox şey asılıdır.

- Əlbəttə, özümdən asılı olan səbəblər də oldu. Ola bilər bir az tənbəllik etdim, səhlənkar yanaşdım. Amma hamı bilir ki, dizdə olan zədə çox pisdir. Həm də ən yaxşı formada olan dövrümdə baş verdi. Bir ilə yaxın futbol oynamadım. Futbolda az müddət deyil. İnanın, elə bir zədə idi ki, deyirdim ki, bircə düz yeriyə bilim, başqa heç nə istəmirəm, futbol oynamasam da olar. Həqiqətən belə zədədən sonra toparlanmaq çətin olur. Amma hər bir halda vəziyyətimə şükür edirəm, hər şey ola bilərdi. İndi canım sağdırsa, mənə bəsdir. Futbol mənim üçün heç vaxt ən birinci olmayıb ki, oturam fikirləşəm, nəyisə özümə dərd edəm ki, niyə belə oldu. Mən hər bir şeylə qane olan adam olmuşam. İndi də eləyəm.

“Aftandil Hacıyev qoymadı komanda dağılsın”

- “Səbail”də ab-hava necədir?

- Komandamızda ab-hava yaxşıdır. Bunda baş məşqçimiz Aftandil Hacıyevin böyük rolu var. Qoymadı komanda dağılsın. İnanın ki, başqa məşqçi olsaydı, başını götürüb qaçardı. Çox acınacaqlı vəziyyətdə idik. Bunu danışmağa dəyməz. Sizə kiçik bir misal çəkim. Maaşı lap az olan futbolçuları bir-bir evlərindən yığıb öz maşınımla aparırdım ki, yol pulları az çıxsın. Çünki komanda yol pulu tapmaqda da çətinlik çəkirdi. Aftandil müəllim də futbolçulara öz cibindən kömək edir. Şükür ki, hər şey arxada qaldı. Getdikdə daha yaxşı “Səbail” görəcəksiniz. 

- Bəli, hər baş məşqçi bu şərtlər altında bu qədər işləyə bilməzdi. Bəs, Aftandil Hacıyev komandanı necə motivasiya edir? Yəni komandada ab-havanın yaxşı olması üçün hansı fərqli metodlardan istifadə edir?

- Əsas odur ki, yalan danışmır, demir ki, maaş bu gün olacaq, sabah olacaq. Deyir vəziyyət belədir, istədiyiniz qərarı verə bilərsiniz, mən də sizin kimi qalmışam belə. Həmişə də düzünü danışır. Futbolçular da hamısı onun xətrini çox istəyir deyə komandada qalır, çox şeyə göz yumuruq. Aftandil Hacıyev həmişə bizə deyir ki, kimin hansısa klubdan yaxşı təklifi varsa, gedə bilər. Yəni belə dürüst adamdır. Onun sayəsində komanda pərən-pərən düşmədi, səmimiyyət yarandı. Buna görə də heç kim məşqçini tək qoyub getmək istəmir. Ona görə hamımız bir yerdəyik.

“Bizə deyir, bir az fikirləşin, sonra danışın”

- Baş məşqçidən söz düşmüşkən, bir müddət əvvəl verdiyin qısa açıqlama zamanı Rauf Əliyevlə zarafatlaşmağın sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Aftandil Hacıyevin buna görə səni tənbeh etdiyi deyilir.

- Qeyri-adi bir söz demədi. Başa saldı ki, bu cür şeylər bizə uyğun deyil. Bu cür məqamlara fikir verin, bir az fikirləşin, sonra danışın. Doğrudan da düz deyir. Açığı mən gözləmirdim ki, bu zarafat belə böyüyər. Çünki videonun yayılacağını da gözləmirdim. Raufla bizim həmişə zarafatımız olub. Biz onunla uşaqlıqdan bir yerdə olmuşuq, birlikdə oynamışıq. Onunla həmişə bir-birimizə qarşı belə zarafat edirik. Başqa ölkədə belə zarafat heç vaxt şişirdilməzdi. Məncə, maraqlı və yadda qalan bir şeydir. Bu hadisədən sonra Aftandil müəllim dedi ki, qarşıdakı oyuna qədər futbolçular mətbuata danışmasın. Gördüyünüz ki, indi belə bir qadağa yoxdur və sizinlə danışıram.

“Qarabağ”da 2-3 ay oynamırdım, amma milliyə çağırılırdım”

- Milli komandamızın son illərdəki çıxışını necə qiymətləndirirsən?

- Bu gün millimizə çağırılan futbolçuların hamısı öz klubunda daimi heyət üzvüdür. Yəni millimizdən daha uğurlu nəticə gözləmək olar. Amma baxırsan ki, milli tamam fərqli oyun sistemi ilə oynayır. Hücuma çox az futbolçu qoşulur. Demək olar ki, 7-8 müdafiəçi  ilə oynayırlar. Buna görə də qol vurmaqda çətinlik çəkirlər. Çox arxada oturmağın nəticəsində qollar buraxırıq. Belə müdafiə ilə ən yaxşı halda heç-heçə oynamaq olar. Bu da kifayət deyil. 

- Əvvəl millimiz daha ürəkli oynayırdı. Ümumiyyətlə, sizin vaxtınızdakı milli ilə indikini necə müqayisə edərdin?

- Bizim vaxtımızda klubunda oynamayan futbolçular da millidə yaxşı çıxış edirdi. Məsələn, mən elə olurdu ki, “Qarabağ”da 2-3 ay oynamırdım, amma milliyə çağırılırdım və oyunlarda ürəyimi qoyurdum. Udsaq da, uduzsaq da, ən azından çəkinmirdik, futbol oynayırdıq. Yəni uduzanda da oyunumuzdan ləzzət almaq olurdu. Heç kim fikirləşmirdi ki, bizi “döyə-döyə” uddular. Buna siz, qıraqdan baxanlar daha yaxşı qiymət verə bilər.

- Millimizdə əcnəbi məşqçilər bir-birini əvəzləsə də, nəticələr eynidir. Səncə, yerli baş məşqçi daha yaxşı olmazdı? 

- Bu mövzulara qarışmaq istəmirəm, mənlik deyil. Əsas odur ki, kim gəlir gəlsin, milli komandaya xeyir versin. Ən vacibi budur. AFFA rəhbərliyi var, belə məsələlərə onlar qərar verir. Hər bir qərarlarına hömətlə yanaşıram. Bu, onların seçimidir. Əsas odur ki, komandamız bizi sevindirsin, millimizin oyununa baxanda həzz alaq. Yəni ortada oyun olsun. 

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner