Riad Rəfiyevin puç olan Baqa proyekti

Riad Rəfiyevin puç olan Baqa proyekti
ÖLKƏ FUTBOLU 14 Mart 2022 / 12:21 3538
-  A +

2021-ci ilin dekabrın son günlərində “Sumqayıt” klubu Aleksey Baqanı baş məşqçi vəzifəsinə gətirdiyini açıqladı. İlk gündən belaruslu mütəxəssisin təqdimatı o qədər gurultulu, bərbəzəkli oldu ki, adama elə gəldi ki, Baqa “Sumqayıt”ı elə bu mövsümün sonuna kimi dirçəldib Avropa kuboklarına, oradan da qruplara aparacaq. 

İnsafən, 41 yaşlı Baqanın bura gələnə qədər məşqçi kimi az-çox uğuru olmuşdu. O, çalışdırdığı BATE və “Şaxtyor”a Belarus, “Jalqris”ə isə Litva çempionluğu adını qazandıra bilmişdi. Yəqin elə onun CV-sindəki bu müsbət məqamlar “Sumqayıt”ın gənc prezidenti Riad Rəfiyevi sadəlövhcəsinə inandırıbmış ki, Baqa burada da uğurlarını davam etdirəcək. Yəni gözləntilər o idi ki, Baqa əvvəl “Sumqayıt”da özünü göstərəcək, sonra da Azərbaycan milli komandasına gətiriləcək. Yəni “Sumqayıt” bir növ arada körpü rolunu oynamalıdır. 

Hər halda Baqa bura gələn ilk gündən bununla bağlı söhbətlər mediada yayılmışdı. Və bunların yalnız  quru söhbət yox, gələcəyə hesablanan gerçək bir plan olduğu da səbəbsiz deyildi. Çünki Riad Rəfiyev futbol dünyasında unikal şəxslərdəndir ki, klub prezidenti ola-ola həm də futbol federasiyanın menecerliyini edir, bu əcəib, bir klub prezidentinin nüfuzunu zədələyən faktı isə gizlətmir də. 

Beləliklə, Rəfiyev elə zənn etdi ki, Baqa “Sumqayıt”a qələbələr qazandıracaq, bununla da onun milliyə gətirilməsi üçün zəmin də yaranacaq. Amma necə deyərlər, çərxi-fələk tərsinə dövran edir, Rəfiyevin Baqa layihəsi də puc ola-ola gedir. 

Statistikaya fikir verin.

Belaruslu mütəxəssisin rəhbərliyi altında 2022-ci ilin fevralından bəri – son bir ayda “Sumqayıt” yeddi oyun keçirib (5-ni çempionat, 2-ni kubokda). Bu yeddi oyunun birində belə qələbı qazanılmayıb. Hətta büdcəsinə görə Rəfiyevin klubundan çox geridə olan, yarıac-yarıtox “Səbail”lə oyunda da xal itirilib, kubokda isə 1/4 finalda mübarizəni dayandırıblar.

Yəni Zülümovun sözü olmasın, Baqanın bura qədərki fəaliyyətinə bir quş… Rəfiyevin Baqa layihəsinə neçə quş qoymağı isə siz oxucuların öhdəsinə buraxırıq.

Sonda onu xatırladaq ki, Baqadan əvvəl “Sumqayıt”ın baş məşqçisi azərbaycanlı balası Ayxan Abbasov idi. Abbasov son illər öz üzərində daim çalışan, ölkəmizin ən potensiallı PRO lisenziyalı gənc məşqçilərindən biridir. Və ötən mövsüm “Sumqayıt” məhz Ayxan Abbasovun rəhbərliyi altında tarixində ilk dəfə Avropa kuboklarına vəsiqə qazanmışdı. Təkrar qeyd edək, məhz Ayxan Abbasovun rəhbərliyi altında. Riad Rəfiyevin yox. Və həmin bu Riad Rəfiyev bir neçə ay sonra azərbaycanlı Ayxan Abbasovu çıxarıb, yerinə belaruslu Aleksey Baqanı gətirdi. 

Sonra da “Sumqayıt”ın gənc rəhbəri giley edir ki, mənə niyə səriştəsiz rəhbər deyirlər.

ELNUR

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner