"Çətinliklərimiz var, ancaq təslim olmuruq" - Aftandil Hacıyev

"Çətinliklərimiz var, ancaq təslim olmuruq" - Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 14 Fevral 2022 / 10:12 2704
-  A +

“Qış fasiləsində heyətimizi iki qapıçı, üç meydan oyunçusu tərk edib. Onların əvəzinə heyətimizə iki qapıçı qatdıq, amma istərdik ki, komandada ümumi rəqabəti artıraq”.

Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Komandasının qış fasiləsindən sonrakı çıxışı haqda danışan çalışdırıcı digər klublarımız kimi təlim-məşq toplanışını ölkə xaricində keçirə bilməmələrinin və heyət kasadlığının oyunlarına mənfi təsir etdiyini bildirib: “Bəlli məsələlərə görə transfer etmək qış fasiləsində həm çətindir, həm də imkanlarımız məhduddur. Biz yalnız yerli futbolçular götürə bilərik.Yayda rəhbərliklə danışdıqda heyətə 3-4 legioner cəlb etməyi düşünürdük. Digərləri isə yerli, gənc və təcrübəli oyunçular olmalı idi. Hazırda isə heyətimiz elə bu formadadır. Qış fasiləsində Bakıda qaldıq. Buna görə istədiyimiz keyfiyyətdə toplanış edə bilməsək də, ümumən plan üzrə çalışmamız istədiyimiz kimi alındı. Rəqiblərimizin ölkə xaricində olması, meydança baxımından bizim daha əlverişsiz şəraitdə olmağımız bizə çətinlik yaratdı”.

Hacıyev Yunanıstanın “Olimpiakos Volos” klubuna icarəyə verilən komandanın aparıcı oyunçularından olan Turan Manafovun yerini doldura bilmədiklərini bildirib: “Turanı 16 yaşından tanıyıram. Onun potensialı bundan daha artığına imkan verir və “Səbail”də olduğu müddətdə ən çox güvəndiyim futbolçulardan olub. Klubumuzda da oyun sayı baxımından Turan ilk sıralardadır. O, bizim üçün önəmli futbolçu idi. Ancaq Turanın gələcəyi, inkişafı üçün belə qərara gəldik ki, yaya qədər onu icarə əsasında yunan klubuna verək. Onun əvəzinə kimisə cəlb etmək bizim üçün çətin olsa da, Turanın karyerası daha önəmli idi. Hazırda onun əvəzinə futbolçular cəlb etməyə çalışırıq. Maraqlandığımız oyunçular var, lakin onların müqaviləsi olduğu üçün yaya kimi bu mövqedə əvəzedici heyətdə oynayan futbolçu ilə davam edəcəyik”.

40 yaşlı mütəxəssis komandada zədəlilərin çox olmasının əlavə problem yaratdığını qeyd edib: “Toplanışda “Keşlə” ilə 1:1 hesabıyla başa çatan oyundan sonra futbolçuların vəziyyəti, oyun formaları bizi çox razı salır, sevindirirdi. Lakin bu oyundan sonra ciddi problemlərlə üzləşdik. Bir çox futbolçumuz xəstəliklə mübarizə aparmalı oldu, bir neçəsi ot örtüyü ilə bağlı zədələrlə üzləşdi. Biz “Dalğa arena”da məşq edirdik, yenidən “ASCO arenaya” qayıtdıqda problemlər oldu. Buna görə də oyunlara tam istədiyimiz kimi hazırlaşa bilmədik. Zədəli oyunçularımız, Mirsahib, Nikolas Raysel, Əfran İsmayılov və digər mikrozədəli oyunçular bizim üçün böyük itkidir. Belə çətinliklərimiz var, ancaq biz təslim olmuruq, çalışırıq ki, mübarizə aparaq”. 

Aftandil Hacıyev komandasının Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində olmasına baxmayaraq, futbolçuları motivasiya edə bildiyini deyib: "Ola bilər ki, bəzi klubların motivasiyası bizdən artıq olsun, yaxud üsulları fərqlidir. Bizdə də futbolçular çalışırlar ki, işlərinə peşakar yanaşsınlar. Bu, elə peşədir ki, motivasiyasız etmək olmur, ona görə də biz işin ciddiyyəti baxımından futbolçularla bu haqda danışırıq. Rəhbərlik də həmçinin klubdakı problemlərlə yaxından maraqlanır, həll etməyə çalışır. Düşünürəm ki, bundan sonrakı oyunlarda futbolçular daha istəkli və məsuliyyətli olacaqlar. Çünki bunu həm biz, həm də klub rəhbərliyi diqqətə çatdırıb".

Aftandil Hacıyev sonda yeni mövsümdən Premyer Liqamızda 12 komandanın çıxış edəcəyi məsələsinə münasibət bildirib. O, bölgə klublarının yüksək liqaya gəlməsinin tərəfdarı olduğunu deyib: "Əlbəttə, bu xəbər hamımızı sevindirir. Lakin yüksək liqaya hansı komandaların qalxması mənim üçün o qədər də önəm kəsb etmir. Amma elə bölgələrimiz var ki, onlar futbolla yaşayırlar. İndi adlarını çəkmək istəməsəm də, bunu hər birimiz bilirik. Kiminsə adın çəksəm, digərinə haqsızlıq etmiş olaram. Çünki sadəcə 2 klubdan söhbət gedir.Ancaq istənilən halda lisenziyalaşma deyilən parametrlər var və bu da çox önəmlidir. Qoy hansı klub daha istəkli, daha hazır olacaqsa, növbəti mövsümdən Premyer Liqaya qalxsın. Önəmli odur ki, liqada rəqabət və yerli futbolçuların daha çox şans qazanması imkanı artsın".

Nihad Kazımlı

Daha çox


Son xəbərlər
topaz banner